XIX əsrin sonları, XX əsrin birinci yarısında yaşayıb yaratmış şair Ağacan sovet repressiya maşınının qurbanlarındandır. Ağacan Cabbar oğlu Cabbarlı Şorayıl mahalının (hazırda bu mahal da vaxtilə Azərbaycan torpaqları hesabına yaradılaraq Ermənistan adlandırılan dövlətin ərazisindədir) Qarakilsə (Qaraisə) kəndində dünyaya gəlib. Sonradan Borçalıda məskunlaşan Ağacan Cabbar oğlu burada yaşayıb yaratmış, aşıq sənətinin inkiafında böyük xidmətləri olmuşdur. Təkcə onu demək kifayətdir ki, Borçalının məşhur aşıqlarından olan Quşçu İbrahim Ağacanın şəyirdi olub. Quşçu İbrahimin şəyirdi isə XX əsrin məşhur ustadlarından olan aşıq Hüseyn Saraçlıdır. Şair-aşıq kimi Borçalıda çox məşhur olan Ağacanın şeirləri bu gün də aşıqların dilindən düşmür. İndiyədək onun haqqında çox yazılıb, bütün külliyyatını əhatə etməsə də, şeirlərindən ibarət kitab da işıq üzü görüb. Və indiyədək işıq üzü görmüş bir çox kitablarda, məqalələrdə onun 1886-cı ildə anadan olduğu göstərilib.
Amma Ağacanın 4-5 il bundan əvvələdək yaşamış və 80 ildən çox ömür sürmüş qızı Göyçək xanım isə atasının doğum tarixinin indiyədək yanlış göstərildiyini deyirdi. O, bu qənaətdə idi ki, aatasının doğum tarixinin indiyədək bütün mənbələrdə 1886-cı il kimi göstərilməsi yanlışdır. Öz atası ilə bağlı zəngin məlumata malik olan Göyçək xanım Ağacanın 1886-cı ildə deyil, 1876-cı ildə doğulduğunu söyləyirdi. Göyçək xanımın bu arqumentinin əsaslı olduğunu elə Ağacanın şeirləri də sübut edir. Tədqiqatçılar üçün də maraqlı olacağını nəzərə alaraq Şair Ağacanın həyatı ilə bağlı bu və ya digər məqamlara aydınlıq gətirmək üçün Göyçək Seyidovanın dediklərini qələmə aldıq. Göyçək xanım deyirdi ki, atası 1876-cı ildə anadan olub və bunu müəyyən faktlarla əsaslandırırdı. Digər tərəfdən onun söylədiklərinin düzgünlüyünü elə şeirlərinin birində Ağacan özü də təsdiq edir:
Cavanlıq dövrümü yaxşı keçirdim,
İndi qocalığa dözə bilmirəm.
Gəzdiyim oylağı görmək istərəm,
Qıçlarım titrəyir, gəzə bilmirəm.
Gəzdiyim oylağı gəzmək istərəm,
Qocalıq yükünə dözmək istərəm.
Qızlara bir namə yazmaq istərəm,
Əllərim titrəyir yaza bilmirəm.
Ağacanam, 70-i keçibdi yaşım,
Hərdənbir ağrıyır qovğalı başım.
İndi qocalmışam, heç kəsmir dişim,
Nə qədər övkələyirəm, əzə bilmirəm.
“Cavanlıq dövrümü yaxşı keçirdim, indi qocalığa dözə bilmirəm” – deyən şair bu şeirində vətəndə keçirdiyi gözəl günləri xatırlayır, qocalıqda sürgün həyatına dözə bilmədiyindən gileylənir, “qocalıq yükünə” dözüb, gəzdiyi oylaqları bir də gəzmək arzusu ilə yaşayır.
Məlumdur ki, Ağacan 1951-ci ildə Sibirdə vəfat edib. Əgər indiyədək yazıldığı kimi, onun 1886-cı ildə anadan olduğunu qəbul etsək, belə çıxır ki o 65 il yaşayıb. Bu şeirdə isə özü aydınca deyir ki, “Ağacanam, yetmişi keçibdi yaşım”. Və elə təkcə bu fakt onun doğum tarixinin 1886-cı il olmadığını sübut edir. Çox güman ki, bu şeir onun ölümündən heç olmasa 2-3 il əvvəl yazılıb, deməli Ağacan Cabbar oğlu, qızı Göyçək xanımın da dediyi kimi, 1876-cı ildə anadan olub. Ancaq nədənsə onun bu şeiri indiydək dəfələrlə nəşr olunsa da, doğum tarixini dəqiqləşdirmək baxımından olduqca əhəmiyyətli olan yuxarıda qeyd etdiyimiz misra təqdiqatçıların diqqətindən qaçıb.
13 yaşında olanda anası Ceyran xanımı itirən Ağacan ilk təhsilini Qarakilsə mədrəsəsində alıb, hələ mədrəsədə oxuyarkən şeirləri ilə məşhurlaşıb. Sonra təhsilini Osmanlıda (Türkiyədə) davam etdirib, İstanbulda darülfununda oxuyub, ərəb və fars dillərini də mükəmməl mənimsəyib.
Atasının Türkiyədə yaşadığı dövrlə bağlı da maraqlı xatirələr danışırdı Göyçək xanım: “Bir gün Türküyənin Ərdahan vilayətindən şairə Güllüzar adlı bir xanım atamı gizlincə deyişmə meydanına dəvət edir. Məktubu alan Ağacan Ərdahana üz tutur. Güllüzarla deyişərək onu bağlayır. Sonunda hər ikisi bir-birlərinə aşiq olduqlarını etiraf edirlər. Şair, Güllüzarın atasına şeirlə belə deyir:
Dad eyləyib Şorayıldan, a bəyim,
Qədəm qoyub bu diyara gəlmişəm.
Eştmişəm şair meydan açıbdı,
Üz tutmuşam o bazara, gəlmişəm.
Ölsəm də, sirrimi vermərəm yada,
Bu yolda lap canım getsə də bada,
Nə dövlət istərəm, nə zər dünyada,
Sizin uca dağda qara gəlmişəm.
İstər qolubağlı saldır zindana,
Deyəcəm sözümü mərdi-mərdana.
Ağacanam, inanmaram düşmana,
Kəsə sözüm, Güllüzara gəlimişəm.
Onun istedadı Güllüzarın atasını heyrətləndirir. Ağacan Güllüzar xanımla əhd-peyman edib atasının yanına gəlir, Güllüzar adlı bir qızı sevdiyni bildirir. Lakin atası Cabbar kişi razı olmur ki, o bəy qızıdı və oğlunu yolundan döndərir. Ağacan Güllüzara bir həftəyə qayıdacağına vəd vermişdi. Bir müddət keçdikdən sonra eşidir ki, Güllüzar xanımı atası zorla başqasına ərə verir. Atam sonralar etraf edərdi ki, ömürünün sonuna kimi elə gözəl xanımla rastlaşmayıb”.
Göyçək xanım nağıl edir ki, Türkyədə məşhur olan Dollu Mustafa bəy də deyişmək üçün şair Ağacanı Ərzuruma dəvət edir. Ağacan onu da bağlayır. Şəhər meydanına toplaşan ərzurumlular gənc bir oğlanın Dollu Mustafa bəylə deyişməsinə məəttəl qalırlar. Ağacanın Qafqaz türklərindən olduğunu bilən ərzurumlular ondan xahiş edirlər ki, Qafqazı tərif etsin. Şair onların xahişini də yerə salmır, Qafqazlıları şeiri ilə tərənnüm edir.
Atasının ailə həyatı ilə bağlı isə Göyçək xanım bunları xatırlayırdı: “Atam Gülxanım adlı biriylə evlənir, ondan iki övladı olur: Qəmbər və Zəhra. Bir müddət sonra Gülxanım vəfat edir. Atam özünün əmisi qızı olan anam Zəhra ilə evlənir və Borçalı mahalının Quşçu kəndinə pənah gətirir. Onun istedadlı şair olduğunu və ərəb, fars dillərini mükəməl bildiyni görən savadsız “mollalar” şairi Quşçudan çıxarmaq üçün təxribatçı niyyətlərini işə salaraq Ağacanın damına su doldururlar. Quşçu kəndinə yaxın Qaçağan kəndinin ziyalıları Molla Vəli oğlu Həsən, Məşədi Sadıq, Sarimətli Mehti, Dəllək Musa, Seyid Neymət və başqaları Ağacanı Qacağana gətirirlər. Bu kənddə məskunlaşan atamın Zəhradan dörd övladı olur: qızları Pərlan və Köycək, oğlanları Ənvər və Şəmistan”.
Ağacanı 1943-cü ildə Sovet hökuməti əleyhinə təbliğatda ittiham edərək həbs edirlər. Bir neçə gün məhbəs həyatı yaşadıqdan sonra Ağacan şeirlə Səməd Vurğuna müraciət edir və bu müraciəti nəticəsiz qalmır, qısa müddətdə böyük şair onu azad etdirir.
Ancaq repressiyadan yaxasını tamamilə qurtara bilmir, 1949-cu ildə onu yenidən sovet hökuməti əleyhinə təbliğat aparmaqda suçlayaraq həbs edib, Sibirə sürgün edirlər. sürgündə olsa da, şair qələmini əlindən yerə qoymur. 1951-ci ilin əvvəlində onun vəziyyəti ağırlaşır, səhhətinin pisləşdiyini, ömrünün sonunun yaxınlaşdığını bildiyindən özünə tabut düzəldirib həyat yoldaşına vəsiyyət edir ki, ölsəm, məni bu tabutda torpağa əmanət qoyun. Yanvarın 28-də vəfat edən Ağacan ölümündən bir neçə dəqiqə öncə uşaqlarına bu şeiri yazdırır:
Köçürəm dünyadan, dost olanlarım,
Oxudun üstümdə Quran, gedirəm.
Fitnəkar olmadım, könül yıxmadım,
Qazanıb saf vicdan, iman, gedirəm.
Sinəmin dəftəri varaq-varaqdır,
Ayrılıq cismimi yandırıb yaxdı.
Deyirlər burada ərəsat haqdır,
Orada haqqıdır divan, gedirəm.
Mən qurbanam comərd oğlun mərdinə,
Sinəmdə yaralar sızıldar yenə.
Ağacanın pünhan olan dərdinə,
Olmadı fələkdən dərman, gedirəm.
Ağacanın vəfatından sonra ailəsi daha 5 il sürgün həyatı yaşayaraq, minbir əzab-əziyyət çəkir. Nəhayət, 1956-cı ildə ailə bəraət alır. Göyçək xanımın xatirələrindən: “Bəraət qazandığmızı eşidəndə mən iki saat şokdan ayılmadım. Təbii ki, atamın vəsiyyətinə də əməl etməliydik. Gecə saat 3-4 olardı, anamla mən gizlincə atamın məzarı üstə gedib qəbrini açdıq. Sümüklərini bir çantaya yığıb səhər açılar-açılmaz evə döndük. Qardaşım Ənvər Sibiri tərk etmək üçün maşın gətirməyə getmişdi. Atamın sümüklərini yığdığımız çantanı yorğan-döşəyin arasına gizlədib qəribliyi unutmağa calışaraq yenidən vətənə – Borçalıya döndük. Hər zaman qayğısını gördüyümüz Qacağan camaatı bizi təntənəli şəkildə qarşıladı. Anam atamı dəfn etməkdən qorxurdu ki, ədalətsiz hökümət yenidən ailəmizi cəzalandırar.
Buna baxmayaraq yerli camaatla birlikdə atamın cəsədinin qalıqlarını el adəti ilə Qacağan qəbirstanlığında dəfn etdik”.
Qızının dediyinə görə, Ağacan ərəb, fars və Türkiyə türkcəsini mükəmməl bilib və bu dillərdə də şeir yazıb.