Kərim axşam oğlunun evinə gəldi. Həqiqətləri oğlundan gizlətdiyi üçün peşman olmuşdu. Əgər Fidanın vəziyyətini bilsəydi, imkan verməzdi oğlu Lamiyə ilə evlənsin. Lamiyə qaynatasını yaxşı qarşıladı, görüşdülər. Səfər qonaq otağında kitab oxuyurdu. Atasının onu soruşduğunu eşidəndə qapının ağzına gəldi.
Səfər – Axşamın xeyir.
Kərim – Axşamın xeyir. Səninlə söhbətim var.
Kərim gəlininə baxdı, sözünə davam elədi.
– Tək olsaq yaxşı olar.
Lamiyə pərtliyini bildirməmək üçün gülümsədi:
– Mən sizə çay süzüm.
Kərim etiraz elədi.
– Lazım deyil. Çox qalmayacam onsuzda. Oğlumla söhbət edib gedəcəm.
Lamiyə bilirdi ki, Səfərlə evləndiyi üçün qaynatasının gözündən düşüb. Onunla əvvəlki kimi görüşmür, soyuqdur.
Lamiyə – Yaxşı, mən otağıma gedirəm. Gecəniz xeyrə.
Səfər – Gecən xeyrə.
Lamiyə ikinci mərtəbəyə qalxdı. Kərim oğluyla qonaq otağına keçdi.
Səfər – Lamiyəyə qarşı soyuqluğunu bir kənara qoy, ata.
Kərim – Səndən istifadə etdiyi üçün onu heç vaxt bağışlamayacam. Nə isə… Mövzumuz Lamiyə deyil. Fidan haqqında danışmağa gəlmişəm.
– Ata, Fidan nə etdisə özünə etdi.Ağlı olsaydı, bugün arvadım olardı.
– Sən də vaxtında qıza toxunmasaydın, bugün başqasının ailəsi olardı.
Səfər atasının dediklərinə mat-məətəl qalmışdı.
– Sən bunu hardan bilirsən? Ümumiyyətlə bu nə söhbətdi edirsən? Aramızdakı pərdəni götürmək istəmirəm. Fidan keçmişdə qaldı. İndi mənim pis-yaxşı ailəm var.
– Fidan heç vaxt sənə xəyanət etməyib. Hal-hazırda Təhminə ilə birlikdə yaşayır. Fidanı aldadıb o evə aparıblar, şəkilini də çəkiblər.
– Nədi? Deyirsən indi o şəkil məcbur çəkilib? Fidan o şəkildə gülümsəmişdi.
– Otur, sənə hər şeyi danışacam. Coşmağın mənası yoxdur.
Səfərlə atası üz-üzə stol arxasında oturdular. Kərim dərindən nəfəs alıb təmkinlə oğluna hər şeyi izah etməyə başladı.
Təhminə əsəbdən bilmirdi nə etsin. Fidan isə digər otaqda ağlayırdı. Ağlamağını saxlaya bilmirdi. Fidanın da ağlamağı bir tərəfdən Təhminəni əsəbləşdirirdi.
Ev telefonuna zəng gəldi. Təhminə telefona cavab verdi.
– Allo
Zəng edən Kərim idi. Səfərin evindən yığmışdı.
– Səfərlə gəlirik sizə, yatmayın.
– Gəlməyin. Nə oğlun, nə də sən mənim evimə gəlməyin. Bu nə hərəkətdir? Oğlunu gizlicə evləndirirsən, indi utanmaz-utanmaz bura gəlmək istəyirsən?
– İmkan ver, gəlim izah edim. Məni niyə əsəbləşdirirsən?
– Dedim gəlmə, gəlsən ikimiz də çıxacağıq evdən. Ümumiyyətlə ata-oğul – ikiniz də həlləm-qəlləm adamlarsınız. Oğluna həqiqətləri deməyə gecikmisən. İndidə Fidanı oğluna məşuqə eləmək istəyirsən?
– Danışığını bil.
– Hər şeyin həddi var. Əclaflığın da… Oğlunla kifayət qədər alçaq oldunuz. İkiniz də bizləri unudun. İndi Fidan da özündə deyil.
– Yaxşı, sabah gələrik.
Kərim telefonun dəstəyini yerinə qoydu. Təhminə Fidan olduğu otağa getdi.
– Qalx, qalx ayağa. O əclaf üçün ağlamağa dəyməz. Sabah da gedirik özümüzə qalmağa başqa ev, iş tapmağa.
– Ev? Pulumuz var ki?
– Bir-iki qızılım var. Onları satsam bir bir aylıq kirayənin pulu edir. Birdə şubanı da satsam kifayət qədər pulumuz olar. İndi hazırlaş, çıxaq evdən.
– Hara gedək?
– Mən nə bilim hara gedək? Əsas odur evdən çıxaq. Hazırlaş…
Səfər atasından eşitdiklərindən sonra üzünü ovcunda gizlədib uşaq kimi ağladı. Kərim oğlunu sakitləşdirmək istəmirdi, indiki vəziyyətdə düşünürdü ki, onu ancaq ağlamaq sakitləşdirə bilərdi. Qonaq otağından çıxdı. Qapının ağzında Lamiyə ona baxırdı. Deməli, Lamiyə onların söhbətlərini eşitmişdi. Gəlininə heç nə demədi, qapını açıb evdən çıxdı.
Lamiyə qonaq otağına Səfərin yanına gəldi.
– Niyə ağlayırsan?
– Xahiş edirəm, çıx otaqdan. Tək qalmaq istəyirəm.
Lamiyə heç nə demədi, otaqdan çıxdı.
Fidanla Təhminə parkda gəzişirdilər, parkın başında təzə açılmış dönərxanaya yaxınlaşdılar. Təhminə iki dönər aldı, yeyə-yeyə skameykanın birinə yaxınlaşdılar, oturdular. Parkla üzbəüz restoran vardı. Restoranın qarşısında bir nəfər telefonla danışırdı. Təhminə diqqətlə telefonla danışana baxırdı.
Fidan – Tanışındı?
Təhminə – Oxşadıram. Məni burda gözlə gəlirəm.
Təhminə telefonda danışan adama yaxınlaşdı. Fidan gülümsəyib dönərini yeyirdi. Çox keçmədi ki, təəccübləndi. Təhminə adamla qucaqlaşıb yanaq-yanağa öpüşdülər. Sonra Təhminə əl edib Fidanı yanına çağırdı. Fidan yolu keçdi, onlara yaxınlaşdı.
Təhminə görüşdüyü adamı göstərib dedi.
– Fidan tanış ol, Camalla əvvəllər qonşu olmuşuq. Bir məhlədə böyümüşük.
Camal Fidana əlini uzatdı. Fidan məcbur olub əl verdi.
Camal – Şad oldum.
Təhminə – Fidan ən yaxın rəfiqəmdi. Nə yaxşı səni gördüm Camal. Burda işləyirsən?
Camal – Restoran özümündür.
Təhminə təəccübləndi – Nə yaxşı, xeyirli olsun.
Fidan Camala fikir vermirdi, restorana baxa-baxa dönərini yeyirdi. Əvvəllər olsaydı, dönər yeməyini saxlayardı.İndi heç kimə görə hərəkətlərinə nəzarət eləmir, komplekslərinin üstündən yaşadıqlarından sonra xətt çəkmişdi.
Camal Təhminəgili restorana dəvət etdi. Birlikdə kabinetinə keçdilər.
Camal – De görək, neynirsən? Nə var, nə yox?
Təhminə – Bekarçılıqdır. İkimiz də özümüzə iş axtarırıq.
Camal – Fidan xanım nə bacarır.
Təhminə – Fidanın yaxşı əl qabiliyyəti var. Yemək bişirə bilər.
Camal Fidana – Avropa mətbəxindən xəbəriniz var?
Fidan – Xəbərim yoxdur.
Camal – Axır ki, səsinizi eşitdik. Bizə qabyuyan lazımdır. İşləyə bilərsiz?
Fidan Təhminəyə baxdı. Təhminə onun yerinə cavab verdi.
– İşləyər.
Camal – Pulu gündəlik veriləcək. Axşam saat yeddidə gələr, gecə saat birə, ikiyəcən. İşdən gec çıxmaq sizin üçün problem olmaz ki?
Fidan – Olmaz.
Camal Təhminəyə – Sən nə bacararsan?
Təhminə – Heç bilirəm ki?
Camal – İndiyəcən necə dolanırdın? əvvəllər harda işləyirdin?
Təhminə nə fikirləşdisə yalan danışmalı oldu.
– Ərəb rəqsindən dərs deyirdim. Elə oldu ki, arendaya götürdüyüm yer plana düşdü, qaldım belə.İndi az ailə qızlarının bu sənətlə məşğul olmasına razıdır.
Camal təəccübləndi.
– Sən oriantal oynamağı bacarırsan?
– Neçə ildi bu sənətlə məşğulam.
– Belə edək, bizdə rəqs edə bilərsən?
– Bilirsən necədir? Hər yerdə rəqs edə bilmərəm. Gərək elit yer olsun ki, rahat olum.
– Narahat olma, bizim müştərilər çox mədəniyyətli adamlardır. Hər axşam iki dəfə çıxış edərsən. Gündəlik alacaqsan. Ola bilsin müştərilərdən də pul verən olsun.
– Olar. Gərək buralara yaxın bir yerə köçək. Gecə çıxanda heç olmasa tez gedək evə.
– Ev barəsində sizə kömək edə bilərəm.
– Nə vaxt başlayaq.
– Fidan xanım sabah, sən də gələn həftədən başla.
Təhminəylə Fidan evə gəldilər. Fidan Təhminəyə məətəl qalmışdı.
Fidan – Əlimi üzümdə qoydun. Sən nə vaxt ərəb rəqsindən dərs keçmisən?
Təhminə – Bir az ayıq ol. Nə deyəydim? Təhsilimiz yoxdur, heç olmasa ərəb rəqslərini birtəhər də olsa öyrənmişəm. Bir az burcudursan vəssalam. Guya ora gələnlərin bu sənətdən başı çıxır?
– Sənin paltarın yoxdur.
– Qulaq as, sabah çox işimiz var. Neynirik edək, səhər evdən tez çıxaq.
– Niyə?
– Eşitmədin Camal nə dedi? Onun dediyi evə baxarıq, axşam da veş-vüşümüzü yığıb burdan çıxarıq. Bura bax, sən Səfəri görmək istəyirsən?
– Əlbəttə yox.
– Ay sağ ol. Kərimlə telefonda danışdım. Səhər bura gəlmək istəyirlər.
– Xahiş edirəm, onlarla üz-üzə gəlmək istəmirəm.
– Ona görə də tezdəndən çıxmalıyıq. Hələ özümə rəqs paltarı almalıyam.
Təhminəylə Fidan çox gəzməkdən yorulmuşdular. Təhminə xəyallar quraraq, Fidan isə Səfəri düşünərək yatdı.
Səfər səhəri günahsız yerə qəlbinə dəydiyi – sevdiyi qadını düşünərək açdı. Artıq vicdanı da onu mühakimə edirdi. Bilmirdi səhvini necə düzəltsin.
Heç nə yemədən maşının açarlarını stolun üstündən götürdü, qapıdan çıxmaq istəyəndə Lamiyə pilləkandan dilləndi:
– Hara gedirsən?
– İşlərimin dalınca getməyim?
– Onun yanına gedirsən bilirəm.
– Hansı üzlə? Axşam gələcəm. Yeməyə məni gözləmə.
Səfər evdən çıxan kimi Lamiyə qonaq otağına gəldi, telefonun dəstəyini götürüb qaynanasının evinin nömrələrini yığdı.
– Telefonu ver Cəmilə xanıma. Cəld.
Evin xadiməsi Cəmiləni telefona çağırdı. Cəmilə telefona cavab verdi.
– Allo
– Səfər hər şeyi bilir.
– Nəyi bilir?
– Fidanın günahsız olduğunu bilir. Dünən ərin hər şeyi danışdı.
Cəmilə kinayəli gülümsədi.
– Dünənəcən Kərim dayı deyirdin, indi nə olub?
– Deyəsən məsələnin ciddiyyətini başa düşmürsən Cəmilə xanım? Deyirəm Səfər hər şeyi bilir.
– Bilsin, əsas odur evlidir.
– Nə olsun? Ürəyində o var.
– İndi ayılmısan? Hər şeyi şişirtmə. Ağlın olsun, buna görə evində söz-söhbət salma.
Cəmilə telefonda gəlininə məsləhətlər verirdi. Lamiyə də diqqətlə qulaq asırdı.
Kərim Təhminənin qapısını nə qədər döysə də açan olmadı. Çox gözləyə bilmədi. İşə gecikirdi. Təhminəni axşamacan gözləməyə vaxtı yox idi.
Təhminəylə Fidan Camalın köməyi ilə restorana yaxın iki otaqlı bina evi tapdılar. Bəxtlərindən içində əşyaları da var idi.
Təhminə – Pal-paltarlarımızı yığıb axşam köçək təzə evimizə.
Fidan – Bəlkə indi gedək?…Axşam işdəyəm
Camal Təhminənin yerinə cavab verdi.
– Narahat olma, işə sabah da başlayarsan.
Fidan – Yox , nə danışırsınız? Axşam gələcəm.
Təhminə – Yaxşı, sən deyən olsun. İndi köçərik.
Fidan Təhminəyə yaxınlaşdı, qulağına pıçıldadı.
– Birdən onlar gəlsə neyləyəcəyik? Səfəri görmək istəmirəm.
Təhminə üzünü Camala tutdu. İkisi də aldanmışdı. Kərim də ona yalan danışmışdı. Hərçənd Kərimi sevsə də əvvəlki kimi ola bilmirdilər.
– Yaxşı, indi gedirik bizə lazım olanları götürək, qayıdacağıq.
Camal – Xanımlar, sizi tək qoyan deyiləm. Özüm aparıb özüm də gətirəcəm.
Fidan – Əziyyət çəkməyin.
Təhminə Fidandan fərqli olaraq sevindi.
– Əla olar. Vaxt itirməyək, gedək.
Axşama yaxın Kərim yenə Təhminənin yaşadığı yerə gəldi. Qapını döydü, açan olmadı. Kərim hövsələdən çıxdı.
– Bu nədir belə? Hardadır bu qızlar?
Kərim qapını bir-neçə dəfə yenə döydü, çarəsiz qalıb qapıdan uzaqlaşdı. Hirslə maşını sürüb getdi.
Sonradan Təhminənin evinə Rafiqi göndərdi. Yenə Təhminə qəfildən ortadan yoxa çıxmışdı.
Aradan iki ay keçdi.
Səfərlə Lamiyə arasındakı münasibətlər söz-söhbətlər Səfəri də, valideyinlərini də yorurdu. Bir gün Lamiyə Səfərin pencəyinin cibindən Fidanın şəkilini tapdı, uşaq kimi ağladı.
– Mənim günahım nə idi? Səni sevmək? O gün məgər mən səni yatağa zorla salmışdım? Axı, mən hardan biləydim ki, sən məni Fidan görmüsən. Yazıq deyiləm mən?
Səfərin Lamiyəyə yazığı gəlmişdi. Başını sığallayıb, qucaqlamışdı. Hətta, buna görə Lamiyədən üzr də istəmişdi. Lamiyə onun sərxoş vəziyyətindən istifadə etsə də onu heç nəyə məcbur etməmişdi. Uzun zamandan sonra ər-arvad kimi ilk dəfə bir-birilərinə məhəbbətlə sarıldılar.
Lamiyənin anası Aynur isə Almaniyaya geri qayıtmalı oldu. İşləri burda alınmamışdı. Orda işiylə bağlı imkanlar daha çox idi.
Anası olanda Lamiyə heç olmasa kiminsə məsləhətlərini dinləyərdi, indi tək qalmışdı. Cəmilənin də, təzə toyu olmuş baldızı Aybənizin də münasibətləri ona qarşı yaxşı deyildi. Cəmilə tez-tez Lamiyədən oğluna şikayət edirdi. Səfər heç vaxt anasının şikayətlərinə fikir verməzdi.
“ Özün seçmisən, gəlin sənin gəlinindir ” – deyib anasının şikayətlərinə birdəfəlik son qoyardı.
Evə gələndə də Lamiyədən şikayətlər eşidərdi. Bir gün səhər Lamiyə Cəmilədən Səfərə deyinirdi.
– Anan heç nəyin həddini bilmir. Harda necə danışmaq lazımdır, dayanmaq lazımdır bilmir.
– Bəsdir, dinmədikcə danışığına fikir vermirsən.
– Gör kim kimə nə deyir. Atan indi başa düşürəm, niyə xəyanət edirmiş anana.
Divanda uzanan Səfər ayağa qalxır, Lamiyəyə yaxınlaşır, üzünə şillə vurur.
– Bəsdir, məni boğaza yığmısan, əlindən cana da gəlmişəm.
Lamiyə üzünü tutub ağlaya-ağlaya dedi:
– Əllərin qırılsın. Cəhənnəm ol, səni görmək istəmirəm. Cəhənnəm ol.
Səfər daha heç nə demədi, paltosunu götürüb evdən çıxdı. Birbaşa atasıgilə gəldi. Anası qapını açanda görüşdü, qonaq otağına keçdi.
Kərim oğlunun üzündən başa düşmüşdü ki, yenə Lamiyə dilini dinc saxlamamışdı.
Səfər paltosunu soyunmadan kresloda oturdu.
– Ata, əsgər getmək istəyirəm. Özü də Naxçıvana. Yalvarıram yox demə.İstəsən, məni ora saldıra bilərsən…
Kərimlə Cəmilə təəccüblə bir-birilərinə baxdılar.
Cəmilə Kərimdən əvvəl dilləndi, ağıllı başlı üsyan etdi.
– Yox, bu ola bilməz. Səni oralara buraxa bilmərəm.
– Onsuzda gedəcəm ana. Onacan düşünürəm Lamiyə düzələr, ağlı başına gələr.
Kərim – Bu vaxtlar oralarda hava şaxta kəsir.
Səfər – qurban olum ata, istəsən hər şey edə bilərsən. Sənin əlində bu su içmək kimi bir şeydir. Xahiş edirəm, yox demə.
Cəmilə yerə oturub dizlərini döyə-döyə ağladı.
– Niyə axı oranı istəyirsən? Bakı da olardı. Niyə ürəyimə dağ çəkirsən?
Kərim də istəmirdi oğlu hərbi xidmətini uzaqlarda keçirtsin. Lamiyə oğlunu bir dəfə caynağına keçirtmişdi. Sadəcə, ona dərs vermək lazım idi. Düşündü ki, oğlunu iki aydan sonra şəhərə qaytara da bilərdi. Odur ki, “yox” deyə də bilmirdi.
Evin qapısı döyüldü. Lamiyə təəccüblə qapını açanda gözləri bərələ,ağzı açıq qaldı.
– Sən burda neynirsən? Məni necə tapdın? Hansı ağılnan bura gəldin?
Ardı var…