12106784_459497914235371_8946394688133766901_n

Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Prezident təqaüdçüsü

Təbiilik, təvazökarlıq, səmimiyyət, mənəvi kamillik, milli-əxlaqi dəyərlər axtarışı, gerçəkliyin insan və zaman, fərd və mühit problemləri fonunda dərki və bütünların qeyri-adi hadisələr, qəhrəmanlıq iddiasında olan surətlərlə heç bir əlaqəsi olmaması “altmışıncılar” ədəbi nəslinin digər nümayəndələri kimi Anar nəsri üçün də xarakterik cəhətlərdəndir. 60-cı illərdə ədəbi ictimaiyyətin böyük maraqla qarşıladığı, tənqidin ən fəal münasibət bildirdiyi belə nəsr əsərlərindən biri Anarın “Ağ liman” povesti olmuşdur.
Ədəbi tənqid “Ağ liman” povestinin çağdaş ədəbiyyatımıza gətirdiyi yeniliyi, müasirliyi ilk növbədə dövrün mövcud ədəbi stereotiplərini qırması, sovet bədii təhlili çərçivəsinə sığmaması ilə izah edirdi. Yazıçının əxlaqi düşüncələrini, mənəvi dəyərlər barədə qənaətlərini, zaman, sosial mühit və gerçəklik haqqında sənətkar konsepsiyasını əks etdirən povestə dair milli ədəbi tənqidimizin maraqlı mülahizə və qənaətləri mövcuddur.
Görkəmli tənqidçi Məmməd Arif əsərlə ilk tanışlıqdan sonra Anarın “yaradıcılıq qələbələri hələ qabaqdadır” deyə ədəbiyyatımıza ümidverən bir sənətkarın gəldiyini vurğulayır, “Ağ liman”ı “yeniyetmə təfəkkürünün məhsulu” (Q.Talıbov) hesab edən tənqidçilərə rəğmən gənc yazıçının istedadına böyük inamını ifadə edirdi. Tənqidçi “Ağ liman”ı nəsrimizin yeni bir uğuru kimi yüksək dəyərləndirir, əsərdə xüsusi nəzərə çarpan psixologizmi qeyd edir, povestin nəsrimizə bir yenilik, təravət gətirdiyini vurğulayırdı: “Bu təravət milli keyfiyyətlərə malik olmaqla bərabər, bədii ədəbiyyatın ümumi inkişafı, taleyi ilə bağlıdır. Anarın mövzusu da yenidir, amma dediyimiz təravət təkcə mövzuya, yazıçının təsvir etdiyi aləmə, hadicə və insanlara aid deyildir. Anarın hekayələrində fövqəladə hadisələrə, igidlik, şücaət, qəhrəmanlıq göstərmək iddiasında olan adamlara rast gəlmirik.”
Ədəbi tənqidin əsərin müasirliyi haqqında fakir və mülahizələrinə, onun bədii qəhrəman konsepsiyasına diqqət yetirdikdə “Ağ liman”ın timsalında bütövlükdə dövrün nəsrinin tənqidin özünü, onun bədii əsərə yanaşma meyarlarını da dəyişdiyini, yenilədiyini görürük. Milli bədii nəsrimizin “sıçrayış”la inkişafı tənqidin məzmununu da yenilədi, hətta nəzəri fakir bu mərhələdə bəzən geridə qaldı, bədii firkin hərəkəti ilə “ayaqlaşa bilmədi”. Buna görə də “Ağ liman”a münasibətdə tənqidin əsərdəki mənzərəni yaradan səbəbləri, burada baş verən hadisələri, situasiyaları şərtləndirən amilləri dəqiq təyin etməkdə acizliyi açıq-aşkar görünürdü. Tənqidin əsəri ilk vaxtlar birmənalı qarşılamaması, gənc yazıçıya onun qəhrəman konsepsiyası ilə bağlı ünvanlanan kəskin tənqidi fikirlər də buradan doğurdu.

1960-70-ci illərdə nəsrin inkişaf meyli ilə tənqidin tələbi arasındakı ciddi uyğunsuzluq isə əsasən bədii qəhrəman məsələsi ilə bağlı idi. Tənqid döyüşkən, yenilməz, cəsur, mübariz, hər çətinliyə qətiyyətlə sinə gərən, güclü və geniş dünyagörüşlü qəhrəmanlar yaratmaq tələbində ikən nəsr dövrün ruhunu əks etdirən (?), cəmiyyətdəki mənəvi-əxlaqi proseslərin təsirilə yetişən, bu proseslərə laqeyd qala bilməyən, onu gecə-gündüz beynində analiz edən “düşünən” qəhrəmanlar yaradır. Nəsrin “düşünən” qəhrəmanlara üstünlük verməsi dövrün tənqidinin nəzərində “aparıcı qəhrəman yoxluğu”na, həyat yolu, əməlləri ilə hamıya “örnək olan” obrazlar “qıtlığına” gətirib çıxarır.
Seyfulla Əsədullayev Azərbaycan Yazıçılarının V Qurultayında “İki qurultay arasında (1966-1970-ci illərdə Azərbaycan nəsrinin inkişaf problemləri və tendensiyası)” adlı məruzəsində “Anarın qəhrəmanlarının heç birində yüksək, işıqlı həyat idealı yoxdur” qənaəti ilə çıxış etməsi də tənqidin bədii qəhrəmana bu tərzdə yanaşmasından irəli gəlirdi. Halbuki, Anarı dövrün ədəbi stereotiplərinə uyğun olaraq siyasi-ideoloji tapşırığa cavab verən xəlqilik, partiyalılıq, ictimai mənalılıq, sosializmin humanist mahiyyətinin təcəssümü kimi prinsiplər deyil, “yüksək mənadan məhrum ömrün boşluğu, qanadsızlığı kimi mühüm mənəvi problem düşündürürdü.” (Akif Hüseynov) Bu cəhətdən S.Əsədullayevin nə yuxrıdakı fikri ilə, nə də Anarın əsərlərində “gerçəklik əyri güzgüdəki kimi təhrif olunmuş şəkildə göstərilir” mülahizəsi ilə razılaşmaq mümkün deyil. Çünki “Ağ liman”da yazıçı “ənənənin sərhədini pozur və öz insan konsepsiyasını əkinçinin, fəhlənin konkret həyat təcrübəsi və əmək meyarı ilə yox, ziyalının “mənəvi dəyər” və “əxlaqi sərvət” təsəvvürünün guşə daşı ilə yoxlayıb sınaqdan keçirir (Estetik idealın sənət ünvanına yolu qırmızı gəmi ilə ağ limandan keçir)”
Tənqid “Ağ liman”ı Anarın həqiqət axtarışı yolunda başlanğıc, zamanın fəlsəfi və sosial problemlərinə milli tale kontekstində baxışı kimi görürdü. Nəzəri-estetik fikir əsərin mahiyyətinin ilk vaxtlar başa düşülməməsini, obrazların yanlış anlaşılmasını isə yazıçının bədii axtarışlarının dövrün tənqidini qabaqlaya bilməsi amili ilə əlaqələndirirdi ki, bu cəhət əsərin yazıldığı vaxt nəsrlə ədəbi tənqid arasındakı natarazlığın bir daha təsdiqi idi.
Tənqidin “işıqlı həyat idealı olan” bədii qəhrəman tələbi ilə yazıçının məhz sosial mühitin “zülmətinə qərq olmuş” obrazlar yaratmaq məqsədi uyğun gəlmirdi. Ədəbi tənqidin müşahidə etdiyi kimi, yazıçı “oxucunu qayəsiz ömrün sönüklüyü, əzablı olması ilə tanış etməyi”, “yüksək, işıqlı həyat idealından” məhrum olan, yaxud belə bir ideal axtaran adamlardan bəhs etməyi” (Akif Hüseynov), “həqiqətə və ünsiyyətə aparan yolu, təbii-genetik əlaqə estafetini artıq fərdlər yox, daha çox zamanlar və yaddaşlar arasında axtarmağı” (Yaşar Qarayev), qəhrəmanlarının “mübarizliyini zahiri hərəkətlərində deyil, həyata idraki münasibətlərində, daxili etirazlarında” göstərməyi (Vaqif Yusifli), “düşünən qəhrəmanlar” yaratmağı qarşısına məqsəd qoymuşdu.
Tənqid bütün yaradıcılığında psixoloji təhlil bacarığı qabarıq görünən Anar haqqında məhz “Ağ liman”a işarə edərək “Anar xarakter etibarı ilə insan psixologiyasını təhlil edən yazıçı deyil” mülahizəsi ilə çıxış edirdi. Bununla da Nemətin, Təhminənin əsərdə tez-tez dəyişən psixoloji vəziyyətlərinə diqqət yetirmədiyini, Nemətin mənəvi irəliləyişini, psixoloji aləmini görə bilmədiyini biruzə verirdi.
Bədii obrazı “müsbət” və “mənfi” bölgülərinə görə təhlil etmək vərdişindən imtina edə bilməyən sovet dövrü tənqidi təbii ki, birdən-birə yeni nəsrin, eləcə də Anarın qəhrəmanlarına münasibətdə uzun illərin nəzəri təhlil prinsiplərindən, meyarlarından uzaqlaşıb obyektiv mövqe seçməkdə çətinlik çəkirdi. 1960-70-ci illərdə İsa Hüseynovun “Teleqram” povestində Zəlimxan surətinə, İsmayıl Şıxlının “Dəli Kür” romanında Cahandar ağa obrazına tənqidin qeyri-obyektiv münasibəti bunu bir daha təsdiq edir. Sözügedən dövrün ədəbi tənqidi insanın dəyişkən bir varlıq olduğunu, hadisə və situasiyadan asılı olaraq sabit qalmadığını unudurdu, eyni zamanda yazıçı məqsədinin yalnız hərtərəfli ideal, “müsbət” obraz vasitəsilə həyata keçirildiyini düşünməklə özünü bədii əsərə, xarakterə daha fərqli rakursdan yanaşma özəlliyindən məhrum edirdi. Bununla da yazıçı məqsədi və onun xarakterdə hansı səviyyədə bədii əksini tapması kimi mühüm məsələ kölgədə qalır, çox vaxt obyektiv izahını tapmırdı.
1980-ci illərdə Azərbaycan tənqidi əsərin qəhrəmanlarına münasibətdə daha obyektiv mövqe nümayiş etdirir, diqqəti obrazların daxili mahiyyətinə yönəldir. Beləliklə də, ən yaxşı halda “Ağ liman”da yazıçı konsepsiyasını “meşşanlarla mübarizə” problemi ilə izah edən 60-70-ci illər tənqidindən fərqli olaraq Anarın qəhrəmanlarının öz mühitinə kinayəli münasibət göstərən, öz həyat tərzinə tənqidi yanaşan, “meşşanlıqdan ibarət hesab etdiyi” ömür-gününü bəyənməyən, onu inkar edən, həyatı dərindən dərk etməsə də, mühitinin psixoloji təhlilini verə bilməsə də, bütün bunlara dair öz qənaətləri olan, “qayəli ömür yolu” əhval-ruhiyyəsi ilə yaşayan qəhrəmanlar olduğunu görə bilir.
Lev Tolstoy haqlı olaraq qeyd edirdi ki, “İnsan haqqında ən yanlış mülahizələrin biri ondan ibarətdir ki, biz insanı aqil, səfeh, rəhmdil, zalım, qüdrətli, zəif adlandırırıq, insan isə bütün cəhətləri özündə birləşdirən dəyişkən varlıqdır.” Anarın “Ağ liman” povestinin qəhrəmanları da ruhən nə qədər bir-birinə yaxın görünsələr də, ayrı-ayrı siyuasiyalarda fərqli psixoloji özəllikləri ilə seçilirlər, insan xarakterinin əhval-ruhiyyədən asılı olaraq dəyişkənliyini əks etdirirlər.
Tənqidçi Vaqif Yusifli povestin qəhrəmanları haqqında nəzəri təhlillində bu cəhətə diqqət yetirərək yazır: Ağ liman” əsərində təsvir olunan adamlar arzu və məqsədləri etibarilə zahirən bir-birinə yaxındırlar, lakin müəllif bu ümumilikdə fərdi cəhətləri seçib fərqləndirə bilmiş, insanların həyat tərzini onların psixologiyalarını şərtləndirən başlıca amil kimi mənalandırmışdır. Elə buna görə də hər bir surətin fərdi aləmi və psixologiyası daha qabarıq nəzərə çarpmışdır. Nemətin həyat və ömür haqqında daxili monoloqları, Təhminənin ailə səadəti və məhəbbət haqqında Zaurla söhbəti, Məmmədnəsirin “filosofluğu” onların fərdi, psixoloji, mənəvi həyatlarını düzgün səciyyələndirir.”
Tənqidçi Anarın psixoloji təhlil bacarığının Nemət obrazında daha üstün göründüyünü vurğulayır, Nemətdəki dəyişmənin, psixoloji vəziyyətlərin tez-tez bir-birini əvəz etməsinin bu obrazın daxili mənəvi gücünü konkret məqsədə doğru yönəltdiyini, onun əsas xarakter keyfiyyətlərini, mənəvi-əxlaqi böyüklüyünü səciyyələndirdiyini müşahidə edir.
“Ağ liman” bədii ideyasının ifadə formasına görə çağdaş estetik düşüncə tərzinə müvafiqdir. O, hər cür reqlamentçiliyə, yekrənglik və ehkam epidemiyasına, qapalı sosial və psixoloji stereotipə, ideoloji durğunluq və mənəvi standartlara, dəftərxana, inzibati meşşanlıq və bürokratiya əleyhinə çevrilmiş əsərdir. Açıq, müstəqil, sərbəst təfəkkürün hüdudsuz fəzasında zaman qapalı orbitdən – ehkam cazibə dairəsindən çıxır, yalnız bir istiqamətdə irəliyə hərəkət edir. Lakin irəliyə doğru bu hərəkətin yolları hamar deyil.” Anarın qəhrəmanları Nemətlə Təhminə məhz belə bir nahamar yolla gedirlər.
Akif Hüseynov yazıçının “Ağ liman” povestinin başlıca nailiyyətini “qəhrəmanlarını öz ömürləri üzərində düşündürməsində və bizi onların taleyi ilə təsirləndirməsində” görür, bu qəhrəmanların “öz yaşayışlarına işıq salacaq yüksək məna” axtarışında olduqlarını nəzərə çatdırır. Təhqidçi onların öz həyatlarından narazılığını da məhz həmin məna səviyyəsindən baxışla əlaqələndirir. A.Hüseynob Nemət obrazına da bu aspektdən yanaşır, onu həyatın məmasını anlamağa çalışan, düşdüyü vəziyyəti özü üçün aydınlaşdırmağa cəhd edən, həqiqət axtaran və hələ tapa bilməyən gənc kimi xarakterizə etməyin qəhrəmanın daxili mahiyyətini açmaq üçün daha düzgün təhlil üsulu olduğunu isbat edir. Tənqidçi Nemətdən “mübarizlik” tələb edən tənqidçilərə irad tutaraq yazır: “Mübarizlik sadəcə olaraq xasiyyət əlaməti deyil. Mübarizlik o zaman mənalı və cəlbedici olur ki, obrazın həyat mövqeyini ifadə edir, idrakdan doğur, aydın məqsədin tətbiqinə doğru yönəlir. Nemətdə belə şüur, fəaliyyət aydınlığı bir də ona görə müşahidə etmirik ki, o, bura qədərki mərhələnin – oyanma, ayılma mərhələsinin hüdudlarında canlandırılmışdır.” Anarın qəhrəmanının bu səviyyədə dərki və nəzəri təhlili bir daha təsdiq edir ki, bədii əsərin ideya-bədii cəhətdən dolğun, mükəmməl təsir bağışlaması üçün obrazı “pozitiv xüsusiyyətlərlə yükləmək” o qədər də vacib şərt deyil, qəhrəmanın xarakter xüsusiyyətlərinin əsərin bədii məntiqindən doğması, təbii və inandırıcı olması kifayətdir. “Ağ liman” povestinin qəhrəmanları məhz bu tələblərə cavab verdikləri üçün oxucunun yaddaşında silinməz iz qoyurlar.
Əsərin müasirliyi, qaldırdığı problemlərin aktuallığı, mühümlüyü də məhz onun bədii qəhrəman konsepsiyası ilə bağlıdır ki, ədəbi tənqid haqlı olaraq diqqətini bu əsas məsələ üzərində cəmləşdirmişdir.