fm

“Sovetlər dönəmində müttəfiq respublikalar da daxil olmaqla
dünyanın 100-dən çox şəhərinə məhsul göndərən Sumqayıtın kimya müəssisələrinin yaratdığı problemlər də az deyildi…”

«Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri, «Tərəqqi» medallı, respublikanın Əməkdar mühəndisi, kimya elmləri üzrə fəlsəfə doktoru
Firudin Mustafayevlə müsahibə

– Firudin müəllim, Siz uzun illər Kimya Sənaye Birliyinin baş direktoru, «Azərikimya» Dövlət Şirkətinin vitse-prezidenti, SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Baş mühəndis – İcraçı direktorun birinci müavini vəzifəsində çalışmısınız. Hazırda da «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edirsiniz. Kimya sənayesində həm böyük təcrübəniz var, həm də taleyini bu sahəyə bağlamış insan kimi maraqlı və şərəfli həyat yolu keçmisiniz. Söhbətimizə kimya sənayesinin yaranma və inkişaf tarixindən başlayaqmı?
– Əgər Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixindən danışmalı olsaq, onda gərək XIX əsrin ortalarına gedib çıxaq. Çünki o dövrdə Bakının neft rayonları ərazisində artıq kükürd turşusu və kaustik soda istehsal edən bir neçə kiçik sex fəaliyyət göstərirdi. Bu kimyəvi məhsullardan yanacaq və sürtgü yağlarının təmizlənməsində istifadə olunurdu. Həmin məhsulların istehsal həcmi yerli tələbatı ödəməklə yanaşı, Azərbaycandan kənara ixrac etməyə də imkan verirdi. Bakı soda zavodları istehsal gücünə və fəhlələrinin sayına görə ən iri müəssisələrdən sayılırdı. Sonralar bu müəssisələrdə azot və xlorid turşuları, kənd təsərrüfatı üçün dəmir və mis kuporosu, toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu. Həmin dövrdə Bakıda yeni müəssisələrin – xam neftdən benzol və toluol istehsal edən pirogen zavodların tikintisinə başlanıldı. 1917-ci ildə Nobel qardaşlarının ilk pirogen zavodu işə salınmışdı. Onun istehsal gücü 60 min pud benzol və 30 min pud toluol idi. Tüstüsüz barıt hazırlayan hərbi zavodlar toluolun əsas istehlakçıları kimi ona xüsusi maraq göstərirdilər. Beləliklə, aromatik karbohidrogen istehsal edən Bakı pirogen zavodları Azərbaycanda neft-kimya sənayesinin təməlini qoymuş oldu.

– Onda belə çıxır ki, bizim 70 illik yubileyini qeyd etdiyimiz Sumqayıt kimya sənayesinin tarixidir, eləmi?
– Bəli, elədir. Çünki ölkəmizdə kimya sənayesinin daha geniş miqyasda inkişafı 1945-ci ildən – Sumqayıtda ilk kimya müəssisəsinin istismara buraxılması ilə başlayır. Əslində neft-kimya sənayesinin genişləndirilməsinə və gücləndirilməsinə hələ 1938-ci ildə cəhd göstərilmişdi. Bu məqsədlə Sumqayıtda Sintetik kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılsa da, II Dünya müharibəsi inşaat işlərinə ara vermək məcburiyyəti yaratmışdı.
1943-cü ilin oktyabrında SSRİ Dövlət Müdafiə Komitəsi hərbi ehtiyacların ödənilməsi məqsədilə tamamilə boş, uzanıb gedən bir çölü xatırladan Sumqayıt rayonunda ilk kimya müəssisəsinin tikintisinin davam etdirilməsi haqqında qərar çıxarmışdı. O zaman Abşeronun bu hissəsində yalnız kustar metodla – ammonium sulfatın superfosfat, selitra və sümük tozu ilə mexaniki qarışdırılması üsulu ilə kənd təsərrüfatı üçün mineral gübrə hazırlayan, «Tukzavod» adlanan kiçik bir zavod fəaliyyət göstərirdi. 1945-ci ilin mart ayında çox da böyük olmayan bu kustar istehsalat əsasında ilk kimya zavodu – «Ozer» adlanan, sonralar Sumqayıt Səthi aktiv maddələr zavodu kimi tanınan müəssisə ilk məhsulunu verdi.
1946-cı ilin aprelində zavodun maye xlor sexi, 1947-ci ildə isə sürtkü yağlarının donma dərəcəsinin azaldılaraq aşağı salınması üçün tətbiq olunan depressatorlar istehsal edən qurğu işə salındı. Bu, o zamanlar parafinli neftlərdən alınan sürtkü yağlarının keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadı. İki il sonra – 1949-cu ildə zavodda xlorparafin, 1951-ci ildə isə heksaxloran istehsalına başlanıldı. Əgər 1950-ci ildə müəssisə cəmi 5 adda məhsul istehsal edirdisə, 10 il sonra məhsulların çeşidi 13-ə çatdırıldı. Daha sonralar civə üsulu ilə kaustik soda istehsalına başlanıldı. Zavodun daha sürətli inkişafı 1963-cü ildə yeni və böyük bir istehsalatın – sulfanol istehsalatının işə salınması ilə təmin edildi. 1964-cü ildə yuyucu vasitələrin tərkib hissələrindən biri olan karboksimetilsellülozun (KMS) natrium duzunu istehsal edən daha bir təcrübə-sənaye qurğusu işə salındı.

– Sumqayıt kimya sənayesi Səthi aktiv maddələr zavodu ilə məhdudlaşmırdı yəqin ki?
– Əlbəttə ki, yox. O dövrdə bir-birinin ardınca 10-a yaxın kimya müəssisəsi inşa olunmağa başlanılmışdı. Ən böyük neft-kimya müəssisəsi sayılan Sumqayıt “Sintetik kauçuk” zavodunun əsası 1950-ci ildə qoyulmuşdu. 1952-ci ildə SSRİ sənayesində ilk dəfə olaraq Bakı neft-qaz zavodunun xammalı əsasında sintetik etil spirti alındı. 1957-ci ildə SSRİ-də ilk dəfə olaraq Sumqayıtda neft xammalından sintetik kauçuk istehsalına nail olundu. Sintetik kauçuk istehsalı həmin dövrdə çox güclü strateji əhəmiyyət daşıyırdı. Sintetik kauçukdan əsasən şinlərin, konveyer lentlərinin və müxtəlif rezin məmulatlarının hazırlanmasında vacib xammal kimi istifadə olunurdu.
Yalnız Sumqayıtın deyil, həmin dövrdə hətta Avropanın ən iri neft-kimya müəssisəsi hesab olunan Sumqayıt Kimya kombinatının inşasına isə 1958-ci ilin iyulunda başlanılmışdı. 1963-cü ildə orada qazayırıcı qurğu, 1964-cü ildə benzinin katalitik riforminqi qurğusu, 1967-ci ildə isə propilenin konsentrasiyası qurğusu işə salındı. Əslində bu kombinat neft, qaz istehsalından başlayıb, sintetik liflər, hətta paltarlara qədər istehsal etməliydi. Təəssüf ki, Xruşşovun 7 illik planı həyata keçirilmədi və müəssisə kombinat kimi ləğv edildi və “Üzvi sintez” zavodu kimi fəaliyyət göstərməyə başladı.
Ötən əsrin 70-ci illərinin əvvəllərində əhalinin məişət tələbatını maksimum ödəmək üçün respublikada yeni kimya müəssisələrinin tikintisinə başlanıldı. Belə müəssisələrin ilki Sumqayıt yuyucu vasitələr (sonralar «Məişət kimyası» adlanırdı) zavodu idi. Müəssisədə həyata keçirilən yeniliklər və əhəmiyyətli dəyişikliklər məhz Heydər Əliyevin təşəbbüs və tövsiyələrinin nəticəsi idi. 1971-ci ildə müəssisədə istehsal gücü 30 min ton olan yalnız bir istehsalat sahəsi var idisə, artıq 1978-ci ildə müasir texnologiya əsasında tikilmiş yeni sexin işə düşməsilə zavodun istehsal gücü 4 dəfə artırılaraq, ildə 120 min tona çatdırıldı. Müəssisədə yuyucu tozlarla yanaşı müxtəlif təmizləyici vasitələr də buraxılırdı.
Modernizasiya və texniki yüksəlişə doğru başlanan ümumrespublika tədbirləri Sumqayıt “Superfosfat” zavodunda da uğurla davam etdirilirdi. 1975-ci ildə müəssisədə texnoloji avadanlıqları xaricdən gətirilən, istehsal gücü ildə 450 min ton sulfat turşusu olan sex istismara verildi. Ölkənin kənd təsərrüfatının perspektiv inkişafı və tələbatı nəzərə alınaraq, 1980-1983-cü illərdə digər genişmiqyaslı tədbirlər həyata keçirildi və Zaqafqaziyada ilk dəfə olaraq məhz burada dənəvər superfosfat gübrələri istehsal edən, yüksək məhsuldarlıqlı yeni texnoloji kompleks işə salındı.
Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu vermiş, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılmış və BFK-1 aşqarı istehsal edən sex işə salınmışdır. Zavodda 1968-ci ildə formalin, 1970-ci ildə yeni yüksək effektli BFK aşqarı istehsalına başlanmış, 1975-ci ildə isə BFK-1 aşqarı istehsalı əsasında respublikada buraxılan dizel sürtkü yağlarına əlavə edilən daha təkmil İXP-101 aşqarının buraxılışı təşkil olunmuşdur.
Görülmüş genişmiqyaslı işlərin, qısa müddətdə reallığa çevrilmiş layihə və ideyaların nəticəsi idi ki, artıq ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keçmiş Sovetlər İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. Onun istehsal etdiyi məhsullar SSRİ-nin və xarici ölkələrin 100-dən artıq şəhərinə ixrac olunurdu.

– Ulu öndər Heydər Əliyevin kimya sənayesinin inkişafında müstəsna xidmətləri olduğunu bilirik. Bunları bir də Sizin dilinizdən eşitmək istərdik.
– 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlmiş Heydər Əliyev bununla qətiyyən barışa bilmirdi ki, keçmiş İttifaqın kimya sənayesi və neft-kimya sənayesi nazirlikləri çox vaxt Sumqayıtın kimya kompleksini açıq-aşkar təcrübə-sınaq poliqonuna çevirir, texnoloji proseslər sınaqdan keçirilərək, lazımi yüksək nəticə əldə edildikdən sonra, həmin əsas istehsal sahələri digər regionlarda tikilib istifadəyə verilirdi. Bu cür münasibət Azərbaycanın kimya sənayesi müəssisələrində iqtisadi səmərəliliyin aşağı düşməsinə, rentabelliyin azalmasına səbəb olurdu. Bunu demək kifayətdir ki, 1960-1970-ci illərdə, ümumilikdə, Azərbaycan iqtisadiyyatının inkişaf sürəti Ümumittifaq səviyyəsindən xeyli aşağı idi. Sənayedə əmək məhsuldarlığının artım tempi orta hesabla İttifaqdakı 5,05 faizə qarşı 3,35 faiz idi. 1970-ci ildə maddi istehsal sahələrində çalışan hər adama düşən orta milli gəlir isə Ümumittifaq səviyyəsinin cəmi 85 faizini təşkil edirdi. Belə bir acınacaqlı vəziyyətə baxmayaraq, ötən yüzilliyin 70-ci illərinədək sərt bir şəkildə mərkəzləşdirilmiş iri bir dövlətin tərkibində Azərbaycanın maraqlarının müdafiəsinə nail olmaq keçmiş respublika rəhbərlərinə müəssər olmurdu. Yalnız xalqımızın görkəmli, unudulmaz lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin yenidən qurulması və müasirləşdirilməsində böyük tarixi əhəmiyyəti olan əsaslı dönüş mərhələsi başlandı. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən, özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu.
Məhz respublika rəhbərinin təşəbbüsləri sayəsində 1970-80-ci illərdə Sumqayıtda kimya sənayesinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha səmərəli texnoloji qurğuların inşası, eyni zamanda mövcud istehsalatların rekonstruksiyası, müasirləşdirilməsi və yeniləşdirilməsi işləri geniş vüsət almışdı. Həmin dövrdə Ulu öndərin kimya sənayesinin inkişafı ilə bağlı konsepsiyasında nəzərdə tutulduğu kimi “Kimyasənaye” İstehsalat Birliyində (hazırkı “SAM” zavodunda) 1970-ci ildən başlayaraq, sex və istehsalat sahələrində avadanlıqların təzələnməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. Sintetik kauçuk zavodunda da bir sıra yeni sex və istehsalatlar yaradıldı. 1969-cu ildə yüksək təzyiqli polietilen, 1971-ci ildə isə illik gücü 15 min ton olan butil-kauçuk sexləri istifadəyə verildi. 1976-cı ildə butandan butadien istehsal edən, 1977-ci ildə isə butadien-stirol lateksi qurğuları işə salındı. Xüsusilə qeyd etmək lazımdır ki, butil-kauçuk sexinin işə salınması ilə zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi markalarını istehsal edən ilk və yeganə müəssisə oldu. Məhz bunun nəticəsi olaraq həmin növ kauçukun xarisdən alınmasına birdəfəlik son qoyuldu. 1974-cü ildə yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması, onun istehsal gücünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavodunu yerli xammalla təchiz etmək mümkün oldu və bunun nəticəsi olaraq həmin zavodda SSRİ-də ilk dəfə olaraq minik və iri yük avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin istehsalı xətti işə salındı. Şin zavodunun modernləşdirilməsi, şinlərin vulkanizasiyası və bərpası üzrə geniş işlər aparılaraq, yeni sexlər tikildi. Bu isə respublikanın iqtisadiyyatına olduqca müsbət təsir göstərdi. 1969-cu ildən başlayaraq “Üzvi sintez” zavodunun genişləndirilməsi işləri sürətlə aparıldı və 10-dan çox yeni istehsal obyekti istismara verildi. 1970-ci ildə qliserin, 1971-ci ildə benzol, izobutilen və poliizobutilen istehsal edən sexlər, 1973-cü ildə isə xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexi istismara verildi. Bundan əlavə Fransa texnologiyası ilə rus alimlərinin hazırladıqları layihə əsasında çox dəyərli məhsullar – epixlorhidrin istehsalı, epoksid qətranı istehsalı, propilen oksidi istehsalı yaradıldı ki, bunlar da kimya sənayesinin inkişafına təkan verdi. 1970-1980-ci illərdə Sintetik kauçuk zavodu və Kimya kombinatı tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul ixrac etmişdir.
Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardıcıl olaraq gücləndirilməsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdirilməsi proqramının reallaşdırılması, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsədilə 70-ci illərin sonlarından başlayaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin – “EP-300” qurğusunun inşasına nail olmağa çalışırdı. Kompleksdə Bakı neft emalı zavodlarının karbohidrogen xammalından etilen və propilen istehsal olunmalı idi.
Ümummilli liderin rəhbər qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycanda tikintisi üçün o zamankı Sovet rəhbərliyinin çətinliklə də olsa razılığının alındığı, müəssisənin istehsal gücünün artırılmasına və genişləndirilməsinə xidmət edən “EP-300” qurğusunun inşasına 1981-ci ildə başlanılmış və bu unikal qurğu 1989-cu ildə istismara verilmişdi. O dövrdə Heydər Əliyev bu istehsalat kompleksinin əhəmiyyətini və perspektivliyini hamıdan çox və düzgün qiymətləndirirdi. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanıldı. “EP-300”-ün istismara verilməsi ilə fiziki cəhətdən köhnəlmiş EP-60 istehsalatdan çıxarıldı. Hazırda “Etilen-Polietilen” zavodu “EP-300” qurğusunun sayəsində dünya bazarında tələbatın xüsusilə böyük olduğu müxtəlif kimyəvi məhsullar istehsal edir.
“EP-300” kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da xaricdən alınması və inşası məhz Ulu öndərin rəhbərliyi və dəstəyi ilə mümkün olmuşdu. Kimya sahəsində mütərəqqi texnologiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslovakiyadan gətirilmiş, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsulların – polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan vermişdi. O da xüsusilə əhəmiyyətlidir ki, bu gün hər iki qurğu həm də respublikamızın bir çox kimya müəssisələri üçün əsas xammal tədarükcüsü rolunu oynayır. Qətiyyətlə demək olar ki, etilen və poletilen istehsalı üzrə yeni istehsalat komplekslərinin işə salınması həm neft-kimya sənayesi, həm də bütünlükdə respublikamız üçün mühüm bir tarixi hadisə idi. 1994-cü ildə “EP-300” və “Polimir-120” qurğularının əsasında yaradılmış “Etilen-Polietilen” zavodunun adı yeni bir müəssisə kimi Sumqayıtın sənaye xəritəsinə yazıldı.

– Səhv etmirəmsə, o dovrdə kimya sənayesi yaranmış enerji böhranından da Heydər Əliyevin sayəsində qurtulmuşdu?
– Həmin dövrdə xammal və enerji böhranı üzündən çox ağır vəziyyətə düşmüş bu mühüm sahənin fundamental dəyişikliklər və yeniliklər tələb etdiyini, ilk növbədə etibarlı enerji təminatına ehtiyac olduğunu nəzərə alan Ulu öndər 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafında dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yadda qalmaqdadır. Kimyaçılar üçün xüsusilə əlamətdardır ki, Ulu öndər Buxar-generator kompleksinin ölkənin neft-kimya sənayesi üçün əhəmiyyətini yüksək qiymətləndirərək, Yaponiyalı mütəxəssislərlə 1999-cu il martın 24-də yeni kompleksin təməlqoyma mərasimində, 2001-ci il iyulun 7-də isə açılış mərasimində iştirak edərək, bütün Sumqayıt kimyaçılarını bu əlamətdar hadisə münasibətilə təbrik etmişdi.
Unikal enerji istehsalçısı olan Buxar-generator kompleksinin istifadəyə verilməsi sayəsində ölkənin neft-kimya kompleksi enerji böhranı ilə bağlı düçar olduğu ağır bəladan xilas ola bilmişdi. Ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq Buxar-generator qurğusu nəinki neft-kimya kompleksini tənəzzüldən xilas etdi, hətta «Azərikimya»nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında, Sumqayıtda kimya sənayesinin inkişafı üçün yeni bir mərhələnin başlanmasında mühüm vasitə oldu. Avtonom enerji kompleksinin işə salınması nəticəsində “Etilen-Polietilen” zavodu yenidən dirçəlişi ilə yanaşı özünün perspektiv inkişafı üçün real imkanlar qazandı.

– Güman ki, o dövrün kimya sənayesi problemlərdən də xali deyildi? Kimya sənayesi ola, zərərli və zəhərli istehsalatlar ola, amma problem olmaya – bu mümkün olan iş deyildi yəqin ki?
– Zaman keçdikcə Sumqayıt bir kimya şəhəri kimi böyüyür, inkişaf edirdi. Amma kimya müəssisələrinin yaratdığı fəsadlar, problemlər də var idi.
Kimya sənayesi əvvəldən xlor istehsalından başladığı üçün əsas üstünlük də xlor üzvü birləşmələrə verilirdi. SAM zavodunda dünyada qadağan olunmuş bir çox maddələrdən – DDT, heksoxloran, mono xlor sulfat turşusu, trixloriddən istifadə edilirdi. Bu maddələr çox zəhərli, konsorogen maddələr idi. SSRİ-nin ərzaq problemini həll etmək üçün Fransadan lindan idxal edilirdi. Heksaxloranın tərkibində 7-8% zəhər var idisə, lindanda bu rəqəm 80-100% idi. Təkcə Sumqayıtda yox, Ufa, Kazan, Nijni Kamsk şəhərlərində, Sibirdə eyni problemlər mövcud idi. 70-ci illərdə Superfosfat zavodu sulfat turşusu istehsal edirdi. Burada da bitkilərin mənimsəyə bildiyi fosfatın həcmi 15-20%-dən çox olmurdu. Sovet hökuməti dövründə Komvoy yarımadasından çox ucuz xammal – appatel gətirilir, Sumqayıtda super fosfata çevrilirdi. Bununsa yol xərci 10 dəfələrlə çox olurdu. O zaman dünyada sulfanolun çox asan istehsal texnologiyası var idi, hansı ki tullantısı sıfra bərabər idi. Ancaq o vaxtın sovet texnoloji siyasətində düşünülmürdü ki, məhsul asan yolla əldə edilsin. Bu da SSRİ-nin israfçı siyasətinin nəticəsi idi. SSRİ kimya sənayesində xlorun tələbat məsələsi həll olunmadığı üçün yalnız xlor üsulu ilə sulfanol əldə edilirdi. Kaustiklə xlor qoşa əldə olunurdu. 1 ton kaustik almaq üçün 1 ton xlor lazım idi. Ayda 100 min ton sulfanol istehsal olunurdusa – minimum 20-30 min ton xlor dənizə axıdılırdı.
Moskvada Xarici İqtisadi Əlaqələr üzrə oxuyan zaman Almaniyanın Basf zavoduna təcrübəyə göndərilmişdim. Orada 1 ton kaustikə sərf olunan civə 10 qram idi. Bizdə isə layihələndirilən miqdar 100 qram idi. Ancaq əslində bu rəqəm dəfələrlə çox idi. Artıq civə ya suya, ya da torpağa qarışırdı. Bu da sağlamlığımıza, genefondumuza güclü ziyan vururdu. Propilen oksidi, epixloridin, poliefir qətranları, bu gün bütün dünyada istifadə olunan köpük – bərk köpük, izolyasiya materialları, matraslar hamısı poliefir bazasından istehsal olunurdu. Bir ton propilen istehsalında 9 ton zərərli maddə Xəzərə tökülürdü. Külli miqdarda kükürd qazı, xlor, ammonyak havaya buraxılırdı ki, bunlar da birləşib gömgöy duman əmələ gətirirdi. Mən özüm uzun müddət SAM zavodunda işləmişəm. Evə gedəndə həyat yoldaşım işdən gəldiyim paltarlarla içəri girməməyi xahiş edirdi. Paltarlarımı dəyişib içəri keçirdim. Uşaqların zəhərlənəcəyindən qorxurdu.
Bütün bunlara rəğmən kimya sənayesi inkişaf etdikcə kimya elmi də inkişaf edirdi. Aşqarlar Elmi Tədqiqat İnstitutu, Neft və Kimya Prosesləri İnstitutu, Ümumittifaq Qaz Sənayesi İnstitutu, Qeyri-kimya Sahələri İnstitutu, Nəzəri Kimya Problemləri İnstitutu yaradıldı, çox məşhur alimlər – Yusif Məmmədəliyev, Əli Quliyev, Mark Dalin, Murtuza Nağıyev, Vahab Əliyev, Rüstəm İsmayılov, İzzət xanım Orucova, Soltan Mehdiyev, Bilal Dadaşov, Bahadur Zeynalov, Sadıq Sadıqzadə, Məhərrəm Məmmədyarov, Toğrul Şahtaxtinski, Mustafa Hüseynov, Musa Rüstəmov, Mustafa Salahov, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Vaqif Fərzəliyev, Ağadadaş Əliyev, Abbasqulu Quliyev, Akif Əzizov, Abel Məhərrəmov, Vaqif Abbasov kimi alimlər yetişdi. Hazırda da Rusiyadakı ən böyük Propilen oksidi İnstitutu məhz Azərbaycan alimlərinin tədqiqatı sayəsində çalışır.

– “Azərikimya” İstehsalat Birliyinin SOCAR-ın strukturuna verilməsini necə dəyərləndirirsiniz? Nələr dəyişdi?
– Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2 aprel 2010-cu il tarixli “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı əsasında “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdu. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olunmuşdur. İlk dəfə etilen istehsalatının layihə gücü səviyyəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır.
Artıq “Azərikimya” İstehsalat Birliyi mövcud durğunluqdan muvəffəqiyyətlə çıxmış, zəhərli və zərərli, müvafiq standartlara cavab verməyən, şəhərin ekologiyasına mənfi təsir göstərən bütün istehsalatlar – SAM, Sintetik kauçuk, “Üzvi sintez” zavodları ləğv edilmiş, səmərəli işləyə bilən istehsalat sahələri isə yenidən qurulmuşdur. Yeni Susoyutma qurğusu və Azot-oksigen kompleksi tikilib istifadəyə verilmişdir. Yeni inzibati və məişət binaları tikilib istifadəyə verilməklə əməkcilərin sosial-məişət şəraiti, maddi təminatı və yaşayış səviyyəsi baxımından müsbət dönüş yaradılmışdır. Kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları son beş ildə 3 dəfə artırılmış, bütün işçilərlə müqavilə imzalanmış, tibbi sığorta ilə təmin olunmuş, fərdi mühafizə vasitələri ilə təminatda 100 faiz göstəriciyə nail olunmuşdur. Nəticəsidir ki, bir neçə onilliklərlə müqayisədə insanların sosial-rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşmış, ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalmış, Sumqayıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunmuşdur.
«Azərikimya» İB-də istehsal həcminin yüksəldilməsi, kimya məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mövcud xammallarla yanaşı alternativ xammal növlərindən istifadə olunması sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, məhsul çıxımını artırmaq və keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yan məhsulları olan quru qazların «EP-300» kompleksinə nəqli üçün xüsusi boru xətti çəkilmişdir ki, hazırda həmin xətlə istehsalatın xammal tələbatı 50 faizə qədər müxtəlif qaz fraksiyaları vasitəsilə təmin olunur. Bu isə əvvəllər qiymətli xammal olaraq texnoloji prosesə verilən ilkin emal benzininə (naftaya) xeyli qənaət edilməsi ilə yanaşı Birlik müəssisələrinin istehsalat göstəricilərinin xeyli yaxşılaşmasında, ixrac məhsullarının keyfiyyətinin və həcminin artmasında mühüm rol oynamışdır. Qeyd edim ki, biz əvvəllər də ilkin emal benzinini – naftanı boru xətti ilə Bakı Neft Emalı zavodundan alırdıq. Ancaq keçid dövründə bu boru xətlərinə nəzarət idarəolunmaz hala gəldiyindən məcbur olub naftanı dəmiryol çənləri ilə daşıyırdıq ki, bu da qat-qat baha başa gəlirdi. SOCAR-ın strukturuna verildikdən sonra yeni və güvənli xətlər çəkildi.
Hazırda biz intensiv və təhlükəsiz boşaltma sistemi yaratmışıq ki, bu da atmosferə atılan tullantıların və qaz itkisinin qarşısını almağa imkan vermişdir.
Təsəvvür edin ki, SOCAR-ın strukturuna verildiyi il müəssisələrimizdə bir kq spirtə 700 q sulfat turşusu sərf olunurdu. Biz bunu 1 ton spirtə nisbətdə tədqiqatla 400 kq-a çatdıra bildik. Ancaq “Azərikimya”nın yeni rəhbərliyi bildirdi ki, ya bu istehsal dayandırılmalıdı, ya da 400 kq sərfiyyat minimuma endirilməlidir. Biz bu sərfiyyatı 400 kq-dan 30 kq-a qədər azalda bildik. Öncədən dənizə və təbiətə buraxılan 400 kq sulfat turğusunu neytrallaşdıra bildik. Bunun iqtisadi səmərəsi isə milyonlarla ölçülür.

– Qarşıda nə kimi planlar var? Yeni layihələr gözlənilirmi?
– Hazırda SOCAR Sumqayıtda perspektivi olan mövcud qurğuların modernləşdirilməsi və optimallaşdırılması ilə yanaşı yeni istehsalatların yaradılması işlərini də həyata keçirir. Artıq son illərdə geniş tələbat duyulan plastik məmulatlar istehsalının əsas bazası olan illik 180 min ton gücə malik polipropilen və illik 120 min ton gücə malik yüksək sıxlıqlı polietilen istehsalatlarının tikintisinə başlanılmışdır. Bu qurğuların istismara verilməsi ilə Azərbaycanda ilk dəfə olaraq qiymətli bir məhsul kimi dünyada tələbatın olduqca yüksək olduğu polipropilen və aşağı təzyiqli polietilen istehsal ediləcəkdir. Həmçinin yaxın illər ərzində “Azərikimya” İB-nin müəssisələrində yenidənqurma işlərinin aparılması, yeni texnoloyi qurğu və avadanlıqların quraşdırılması, yeni istehsal sahələrinin istismara verilməsi də qəbul olunmuş Proqramın tərkib hissələrindən biridir. Əsas məqsəd EP istehsalatının ən müasir səviyyəyə gətirilib çıxarılmasıdır. Sobalar şöbəsi, katalizatorların, qazların asetilendən təmizlənməsi bölməsi yenidən qurulacaq, propilenin istehsalı şöbəsi genişləndiriləcək, istehsalat tullantı sularının təmizləmə qurğusu yenisi ilə əvəz olunacaqdır. İstehsalatların elektronik sistemə keçirilməsi də plandadır. Bu işin 40%-i artıq yerinə yetirilib. Ümumilikdə isə bu layihənin 2018-ci ilə kimi başa çatdırılması planlaşdırılır. Propan-propilen fraksiyasının və maye qazlarının kükürdlü birləşmələrdən təmizlənməsi sexlərinin bu yaxınlarda istifadəyə verilməsi planlaşdırılır. Paralel olaraq Almaniya və Yaponiya firmaları ilə danışıqlarımız gedir. Bu danışıqların nəticəsi olaraq Buxar və istilik enerjisi istehsalı sahəsinin yenidən qurulması sayəsində elektrik istehsalı hazırda 32 meqavat olduğu halda, bu, 54-65 meqavat səviyyəsinə çatdırılacaqdır.
Nəticə etibarilə deyə bilərəm ki, “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikilən Polipropilen (PP) və Polietilen (HDPE) istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir.
Bu layihələr 3 mərhələdə həyata keçiriləcəkdir.
Birinci mərhələdə propilenin məhsuldarlığının artırılması – propilenin ayrılması bölməsinin məhsuldarlığının 136 min ton/il-dən 180 min ton/il-ə yüksəltmək, hidrogenin zənginləşdirilməsi qurğusunun tikintisi (PSA) ilə hidrogenin qatılığının 90 %-dən 99.9 %-ə yüksəltmək, propilenin və etilenin təmizlənməsi qurğusunun tikintisi ilə istehsal olunan propilenin və etilenin tərkibində olan zəhərləyici maddələrdən (arsen, civə, fosfin, və s.) təmizlənməsi, EP-300 istehsalatında pnevmatik idarəetmə sistemi yeni sistemlə əvəz edilməsi nəzərdə tutulur. Bu mərhələ nəticə etibarilə “Azərikimya” İB PP və HDPE qurğularını yüksək keyfiyyətli və tələb olunan miqdarda xammalla təmin edəcəkdir.
İkinci mərhələdə “EP-300” qurğusundakı 2 etan və 9 nafta olmaqla ümumilikdə 11 piroliz sobasının 6-da rekonstruksiya işləri aparılacaq və ya 2 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdirilməsi qurğusu tikiləcək, selektiv hidrogen¬ləşmə blokunun reaktorları yenisi ilə əvəz olunacaq, kompressorlar rekonstruksiya olunacaq və optimallaşdırılacaq. Bununla da piroliz sobaları qaz xammal ilə işləyəcək, itkilər minimuma endiriləcək, əsas məhsulların çıxımı artacaq, etilen və propilenin itkisi azalacaqdır.
Üçüncü mərhələdə “EP-300” istehsalatında yeni idarəetmə sisteminin (DCS) tətbiqi başa çatdırılacaq, köməkçi qurğuların və infrastrukturun modernizasiyası – enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kommunika¬siya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcəkdir. Bu isə istehsalatın təhlükəsiz işini təmin edəcək, enerji və xammala qənaet etməyə imkan yaradacaqdır.
Üç mərhələ də başa çatdıqdan sonra yeniləşdirilmiş “EP-300” qurğusunda, qeyd etdiyimiz kimi, 150 min ton etilen, 180 min ton propilen istehsal olunacaqdır.

– Sonda dediklərinizə nəsə əlavə etmək istərdinizmi?
– Moskvada müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra – 1981-ci ildə məni SAM zavodunun xlor istehsalatına rəis göndərdilər. Müəssisə o qədər dağılmış vəziyyətdə, iş şəraiti o qədər ağır idi ki, təsəvvür etmək belə çətindir. Darvin Hüseynov, Qurban Mikayılov və mən dağılmış zavodu ayağa qaldırıb SSRİ birincilərindən etdik. İki dəfə SSRİ Kimya Nazirliyinin keçici qırmızı bayrağını aldıq. Mənim əqidəmcə, insan çətin vaxtlarda təslim olmamalıdır. Ən əsası isə öyrənməkdir, öyrənmək isə heç vaxt gec deyil. İnkişaf inkişafı gətirir. Qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün yeni mütəxəssislər, daha savadlı, dünyagörüşlü, müasir texnologiyanı mənimsəyən nəsil gərəkdir.
Bu gün SOCAR-ın tərkibində yeniləşmə, müasirləşmə istiqamətində böyük dəyişikliklər dövrü yaşayan, sabaha böyük ümid və inamla baxan «Azərikimya» İstehsalat Birliyinin əməkçiləri kimya sənayesinin 70 illik yubileyini böyük sevinc və ruh yüksəkliyi ilə qeyd edirlər. Kimyaçıların bayramlarını təbrik edərək, əminliklə deyə bilərəm ki, kimya sənayesi böyük texniki tərəqqi yolu keçərək yaxın gələcəkdə mühüm nailiyyətlər əldə edəcək, ölkəmizin sənaye qüdrətinin artırılmasına öz layiqli töhfəsini verəcəkdir.

Müsahibəni apardı:
Rafiq Oday,
Əməkdar jurnalist