sefaqetxanimsekil

Camal bir aya kimi Fidanın hərəkətlərini izlədi, qəti qərar verdi ki, Fidanla ailə quracaq. Fidan Təhminədən fərqli olaraq insanlardan qaçırdı, heç kimlə qaynayıb-qarışmırdı.
Fidan işdən gələn kimi ya aldığı kitabları oxuyardı, ya da televizora baxardı. Səfəri unutmaq üçün düşünürdü ki, evlənsə yaxşı olar. Övladına, ərinə başı qarışar, keçmişi yaddaşından birdəfəlik silər. Gecələri gec yatardı, gündüzlər Təhminədən fərqli olaraq günorta olmamış yuxudan oyanardı.
Bu səhər tez oyanmışdı yuxudan. Çörək almaq üçün evdən çıxdı. Binadan çıxanda qarşısında Camalı gördü, təəccübləndi. Camal gülərüzlə Fidana yaxınlaşdı.
– Sabahın xeyir.
Fidan təəccübünü Camaldan gizlədə bilmədi.
– Sabahınız xeyir.
– Deyəsən təəccübləndin?!
– Gözləmirdim.
– Vaxtın var, bir az söhbət edək?
– Var.
– Tanıdığım yaxşı bir yer var. Həm çay içərik, həm də danışarıq.
– Gərək məni on-on beş dəqiqə gözləyəsiniz. Paltarımı dəyişməliyəm.
– Narahat olma. Maşında gözləyərəm səni.

Fidan heç nə demədi, binaya girdi, qapıdan içəri girən kimi yataq otağına qaçdı, Təhminəni sirkələdi.
– Təhminə oyan, tez ol oyan.
Təhminə deyinə-deyinə gözlərini açdı.
– Nə olub səhərin gözü açılmamış oyadırsan məni?
– Camal burdadı.
– Hardadı?
– Həyətdə məni gözləyir. Deyir mənimlə ciddi söhbəti var.
Təhminə gözlərini barmağıyla ovuşdurdu.
– Niyə getmədin?
– Gedəcəm. Məni gözləyir. Ev paltarında getməyəcəkdim ki?
– Ağıllı ol, haqqında həqiqətləri danışma.
– Onu gizlədə bilmərəm. İnsandı, məni başa düşər.
– Ay qız, Azərbaycan kişisidir.Başqa ölkəylə səhv salma.
– Nə isə… Vəziyyətə baxacam. Aşağıda məni gözləyir.

Fidan paltarını dəyişir.
Təhminə – İnanıram ki, bu il ailə quracaqsan. Yaxşı olar vallah, axırıncı dəfə nə vaxt toya getmişəm, yadımdan çıxıb.
– Xeyirlisi, görək.

Fidan çantasını götürüb evdən çıxdı. Camal onu görən kimi maşının qabaq qapısını açdı, gülümsəyərək – buyurun – dedi. Fidan gülümsəyib maşında əyləşdi.

Lamiyə Səfər gedəndən sonra ancaq bir həftə Cəmiləgildə yaşaya bildi. Sonra heç kimə demədən, Kərimlə Cəmilə evdə olmayanda pal-paltarlarını yığışdırıb evinə
köçdü.
Xadimə Cəmiləyə Lamiyənin getdiyini deyəndə az qala havalanacaqdı. Telefonu götürüb oğlunun evinə zəng etdi. Lamiyə telefona gec cavab verdi.
– Allo.
Cəmilə salamsız-kəlamsız suallarını verdi:
– Bu nə hərəkətdi edirsən? Özbaşına olmusan?
– Bəli, özbaşıma olmuşam. Üzümə xoş baxmırsınız, hərəniz bir cür qaş-qabaqlısınız.
– Qurban olasan anana, yoxsa səni bir gündə gəlin etməzdim. Zorlama özünü sırıdın oğluma.
– Gəlin ocağa çəkər. Baldızımın yolunu getdim.
– Yaxşı Lamiyə, səni Səfərdən boşatdırmaq boynumun borcu olsun.
– Səfər məni boşasa sənin də ailən dağılacaq. Keçmişini nə tez unutdun? Fidanı, Mahmudu, qızın Aybənizə ər axtarırdın. Yadına sal.Neynirsən elə, Kərimlə səni Səfər gələnəcən görməyim.
Lamiyə Cəmilənin üzünə adboy verdi. Bu an qapı döyüldü. Lamiyə deyinə-deyinə qapını açdı, qarşısında Tahiri gördü.
– Sənə dedim axı, bura gəlmə.
Tahir saymazyana içəri girir.
– Narahat olma, heç kim görmədi. Birdə ki niyə qorxursan? Ərin əsgərlikdədir, qaynanan-qayatan səninlə maraqlanmır.
– Niyə maraqlanmırlar? Qaynanam bəyaq zəng vurmuşdu. Xahiş edirəm, birdə bura gəlmə.
– Yaxşı gəlmərəm, hazırlaş,səni bir yerə aparacam.
– Hara?
– Gedəndə biləcəksən.
– Gedək onda. Mən hazıram. Birinci sən çıx evdən, sonra mən. Qonşuların görməyini istəmirəm.
Tahir evdən çıxdı.

Camal Fidanı şəhərdəki restoranlardan birinə gətirdi. Camal yemək sifariş verdi. Fidan başını aşağı salmışdı. Səfər yadına düşdü. Camal da həyəcanlıydı. Söhbətə başlamaqla Fidanı xəyallarından ayırdı.
– Bilmirəm sözə necə başlayım. İnanmıram Təhminə sənə nəysə deməsin. İki aya yaxındır, sənə fikir verirəm. Səndən xoşum gəlir. Əgər sevdiyin yoxdursa, fikrim ciddidir. Yəqin gec-tez sən də ailə-uşaq sahibi olacaqsan. Mənə qarşı fikirlərin maraqlıdır.
– Nə deyəcəyimi bilmirəm. Təhminə mənə bəzi şeylər dedi. Əgər doğrudan evlənmək istəyirsinizsə, nə deyə bilərəm.
– Mən özüm də yetim oğlanam. Nə anam var, nə atam. Sən də razısansa, xeyir işi çox uzatmayaq. Nişanlanaq , sonra toy tədarükünə başlayarıq.

Fidan udqundu, deməyə söz tapmırdı, diqqətlə Camalı dinləyirdi.
Camal: – Bircə şeyi dəqiq bilmək istəyirəm. Xahiş edirəm mənə düzgün cavab ver. Tam səmimi. Onsuzda cavab nə olsa qəbulumdur.
Fidan sualı əvvəlcədən bildiyi üçün başını utandığından aşağı saldı.

Lamiyə Tahirin maşınında ağlayır.
– Mən bu uşağı dünyaya gətirmək istəmirəm. Bəlkə heç səndən deyil?
– Məni maraqlandırmır. Doğacaqsan. Məndən olsa o əclafdan boşanacaqsan, olmasa da atarsan üstünə, yenə boşanarsan.
– Sən məndən nə istəyirsən axı? Başqasının arvadı nəyinə lazımdır?

Tahir güzgüdən Lamiyəyə baxır.
– Xəyanət edəndə fikirləşmək lazım idi. Sən necə qadınsan axı? Özün də deyirsən ki, Səfər səni sevmir. Nə məcburdu ömür boyu onun arvadı olasan. O uşaq dünyaya gələcək Lamiyə. Əgər başına bir şey gəlsə, özünü dünyanın ən bədbəxt qadını bil. Birdən bilmərsən Almaniyaya, ananın yanına gedərsən. Orda da səni taparam. Səni əlimdən heç kim ala bilməz.
– Xəstəsən.
Tahir qışqırır, Lamiyə qorxur.
– Hə xəstəyəm. Məni bu həddə sən çatdırmısan.

Lamiyə ancaq ağlayırdı. Tahirdən heç cür canını qurtara bilmirdi.

Cəmilə Kərimə Lamiyənin getdiyini deyəndə Kərim əsəbindən dodaqlarını yeyə-yeyə pəncərədən baxırdı.
– İpi yığılası qadın deyil. Özünə layiq gördüyün gəlin budurda. Hamımızı cəngələ saldın.
– İndi günahkar mən oldum? Axı, hardan biləydim belə çönəcəyini?
– Gül kimi qız sevirdi, imkan vermədin.
– Bəsdir görüm, gül kimi qız özdə. Xəyanət etməzdi evlənərdilər.
Kərim Cəmiləyə yaxınlaşdı, gözlərinin içinə baxdı.
– Keçmişini unutma, ortada sübutlar yoxdursa… Nə isə… İndi məni təkcə oğlumun taleyi maraqlandırır.

Cəmilə artıq nə isə deyib özünü pis vəziyyətə salmaq isəmirdi. Kresloda oturudu ki, düşünə bilsin.
– Lamiyəni izlətdirmək lazımdır.
– Başlama yenə? Nədi? O da oğluna xəyanət edir?
– Onda niyə tək yaşamaq istəyir?
– Başın xarabdır sənin. Deməyə sözüm yoxdur.
– Sən eşit məni. Rafiqə de etibarlı adam tapsın.
Kərim susurdu, deyəsən Cəmilənin dedikləri onun da ağlına batırdı.

Fidan qapıdan içəri girən kimi Təhminə başının üstünü kəsdirdi.
– Sən gedəndən həyəcandan yata bilmirəm. Camal nə dedi sənə?

Fidan yatağına uzandı.
– Nə deyəcək? Evlənmək istəyir.
– Əla, belədə bilirdim. Sən nə dedin?
– Nə hə dedim, nə yox. Deyir xeyir işi çox uzatmaq olmaz. Bura bax, o doğrudan yetimdir?
– Sənə dedi yetimdir?
– Hə. Valideynlərini avtomobil qəzasında itirib.
Təhminə pis oldu.
– Vay-vay… Nə bilim, çoxdan çıxmışam biz tərəfdən. Allah rəhmət eləsin. Evlənəndən sonra harda yaşayacaqsız?
– Deyir evi var. İkimiz yaşayarıq, işləmərsən, başın ailənə, uşaqlarına qarışır.
– Bahooo. Uşaqların sayını da dedi?
– Zarafat eləmə, söz gəlişi dedi.
Təhminə yastığı Fidanın başının altından götürüb üzünə yüngülcə atdı, güldü…
Fidan yastığı bir kənara atdı
Fidan – Məndən bakirə olub-olmadığımı soruşdu.
Təhminə – İnşallah hə demisən.
Fidan – Məcbur qaldım hə dedim. Amma vicdanım incidir məni.
Təhminə – İndiki zamanda nə vicdan? Düz eləmisən. Bir yolunu fikirləşərik.

Lamiyə otağında var-gəl edirdi. Ev telefonuna zəng gəldi, otağından çıxıb birinci mərtəbəyə düşdü. Dəstəyi götürüb cavab verdi. Zəng edən anası Aynur idi.
Aynur – Necəsən?
– Yaxşıyam. Bu vaxt nə əcəb zəng vurmusan?
– Cəmilə zəng eləmişdi. Səndən giley-güzar edirdi.
– Onun gileysiz günü olub ki?
– Onlarla niyə yaşamadın? Səfər hərbi xidmətə niyə getdi axı?
Lamiyə kinayə ilə dedi:
– Vətən borcudur. Ana, sənə söz deməliyəm. Qızının taleyi sənin əlindədir.
– Nə olub?
– Mən hamiləyəm.
Aynur sevindi.
– Nə yaxşı, Cəmiləgil bilir?
– İstəmirəm bilsinlər. Uşaq Səfərdən deyil.
– Necə?…

Axşam Fidanla Təhminə işə gəlir. Camal Fidanı kabinetinə çağırır. Fidan qapıdan içəri girəndə ayağa qalxır.
– Səndən sonra səbr edə bilmədim.
Fidan maraqla Camala baxır. Camal cibindən qutu çıxardır. Qutunun qapağını aralayır, içindəki tək qaşlı üzüyü Fidana göstərir.
– Bunu sənin üçün almışam. Nişan etmərik, toy edərik.
– Olar.
Camal üzüyü Fidanın barmağına taxmaq istəyəndə bir addım geri çəkildi. Camal pərt oldu.
Fidan – Bəyaqdan düşünürəm, əvvəlcə bir şey deməliyəm. Mən düşündüyünüz kimi deyiləm.
– Necə yəni düşündüyüm kimi deyilsən? Yoxsa…
– Əvvəllər nişanlı olmuşam. Təmiz insan deyiləm.
Camalın qolu boşaldı, yanına düşdü.
– Sənə dedim axı, əvvəlcədən mənə hər şeyi danış.
– Təəssüf edirəm.
Camal hirsləndi, üzüyü qutu qarışıq atdı yerə.
– Cəhənnəmə təəssüf elə. İndi mən nə edim? Məni pis vəziyyətdə qoymusan.
Fidan qapıya söykəndi.
– Düzünü dedim, bağışlayın məni.
Camal Fidanın qolundan tutub sıxdı.
– Sənin ucbatından indi zibilə düşəcəm. Xəbərin var neyləmisən?

Fidan Camalın dediklərindən heç nə anlamırdı. Var gücüylə Camalı itələyib kabinetdən çıxdı. Restoranın qapısının ağzına çatanda Camal yenidən qolundan tutdu, şillə vurdu.
– Hara gedirsən?
– Əl çək məndən. Kömək edin, xahiş edirəm kömək edin.
– Restorandakı bir-neçə müştəri Fidanı Camalın əlindən aldılar. Təhminə də Camalın qarşısına keçdi,səsini qaldırdı.
– Bu nə deməkdi? Sən kimsən qızı vurursan?
– İkinizin də başına oyun açacam.
– Niyə? Dərəbəylikdir?
Təhminə Fidanın qolundan tutdu, restorana girdilər. İkisi də çantalarını götürüb restorandan çıxdılar. Camal Fidanın üstünə hücum çəkmək istəyəndə kişilər imkan vermədi. Təhminə taksilərdən birinin qapısını açdı, Fidanla birlikdə oturdular. Taksi restorandan uzaqlaşdı.

Fidan göz yaşlarını saxlaya bilmirdi. Təhminə də Fidanı sakitləşdirəcək halda deyildi. Düşünürdü ki, ağlasa rahatlıq tapar.
Taksi evin qarşısında saxladı. Təhminə pulu ödədi, ikisi də binaya girdilər.
Evə girib qapıları bağladılar. Fidan titrəyirdi.
Təhminə – Qəti qorxma, bura gəlsə polisə zəng edərik.
Qapı döyüldü, İkisi də dik atıldı. Qapı yenidən döyüldü. Təhminə qapıya yaxınlaşdı.
– Kimdir?
Qapının o biri tərəfindən kişi səsi gəldi.
– Mənəm Təhminə, Rəşad.
Təhminə qapını açdı. Qarşısında Rəşadı, yanında yaşı təxminən altmışa yaxın olar, bir kişi gördü.
Rəşad – Bizi içəri buraxmayacaqsan?
Təhminə yol verdi ki, Rəşad da, yanındakı kişi də içəri keçsin. Qapını örtüb açarla bağladı.
Təhminə – Sən burda nə əcəb?
Rəşad – Fidan da, sən də təhlükədəsiz. Tanış olun, Eldar bəy sizə kömək etməyə gəlib.
Təhminəylə Fidan təəccüblə bir-birilərinə baxdılar. Rəşad danışmağına davam edir.
– Camal niyə özündən çıxmışdı?
Fidan başını aşağı saldı. Təhminə diqqətlə Fidana baxıb Rəşadın qulağına nə isə dedi.
Rəşad – Aydındır….Fidan Camalı pis vəziyyətdə qoyub. Onu ağıllı-başlı zibil salıb.
Fidan – Mən ona nə pislik etmişəm axı?
Eldar – Onu müştərisinin qarşısında pis vəziyyətdə qoydunuz. Camalın müştərisinə bakirə qız lazım idi.
Təhminə – Necə?

Fidan əliylə başını tutub stulda oturdu….

Ardı var…