YOZ YUXUMU
Yuxu yozan yoz yuxumu tərsinə,
Buludları qara gördüm, qara mən.
Geckmişdim Dədə Qorqud dərsinə,
Dörd tərəfdən çəkilirdim dara mən.
Qoç Koroğlu dəyirmanda yatırdı,
Keçəl Həmzə dəliləri satırdı.
Harayımdan qulaqlarım batırdı,
Heç bilmirəm necə gəldim bura mən.
Ayaqlarım bənd olmuşdu cələdə,
Mənzilimə çatammıdım hələ də,
Sanırdım ki, bu yollara bələdəm,
Bilmirdim ki, hara gedim, hara mən.
Bir çay gördüm sularında qəzəb, kin,
Sahillərdə sakinləri didərgin,
Sal körpüsü qollarıydı Babəkin,
Ha çalışdım keçəmmədim ora mən.
Alma qaldı oğru divin əlində,
Düşəmmədim qara qoçun belindən,
Bu torpağın dərib şehli gülündən,
Öz əlimlə uzadırdım xara mən.
Özüm verdim dərd əlinə yaxamı,
Nişan aldım, daşa vurdum oxumu,
Yuxu yozan, tərsinə yoz yuxumu.
Gəzdirirəm sinəm üstə yara mən.
DEYƏM GƏRƏK
Əlimdədir əsrlərin cilovu,
Boz ayğırlı Bamsı Beyrək mənəm, mən
Öz qalam var, öz bərəm var, öz ovum,
Dağda-düzdə əsən külək mənəm, mən.
Özgə yerdə gəzməmişəm izimi,
Yad payına dikməmişəm gözümü,
Bu torpağa sürtə-sürtə üzümü,
Sığal çəkən kövrək-kövrək mənəm, mən.
Vətən dərdi Vətənləşdi sinəmdə,
Vətən eşqi bir atəşdir sinəmdə,
Alov düşdü, saflıq bişdi sinəmdə.
Süfrəsi bol halal çörək mənəm, mən.
Savlanın gədiyindən keçmişəm,
Çeşmələrin bəbəyindən içmişəm,
Yollar çoxdur, dönməzliyi seçmişəm,
Zirvələrdə açan çiçək mənəm, mən.
Tarix özü yollarımı azdırıb,
Hələ öndə vüsal adlı yaz durub,
Taleyimi öz alnıma yazdırıb,
Var səsimlə deyəm gərək “Mənəm, mən”.