gunelxanim-225x300

Hər zaman qış fəsli gələndə bütün dərdlərim təzələnərdi. Paltar satılan maqazinlərin yanından keçəndə manikenlərə geyindirilmiş şubaları görəndə yazıq-yazıq onları seyr edər, boynumu büküb məyyus halda oradan uzaqlaşardım. Şubalara olan marağım və sevgim bəlkə də onu almaq imkanımın olmamasından irəli gəlirdi. Bir aylıq məvacibimlə onu almaq təbii ki, qeyri mümkün idi. Ailə, oğul-uşaq qayğısı da bir yandan buna imkan vermirdi. Hətta hərdən yuxularımda da şuba görürdüm. Şubalara olan bağlılığım və həsrətimin nə vaxtsa sona çatacağını bilməzdim. Deyirlər ki, insan həyatda nəyisə arzulasa, yalnız ona sahib olduqdan sonra sakitləşir və əlçatmaz arzusu gözündə adiləşir. Mən də isə hər şey əksinə oldu. “Böyük Şuba” sevgim ona sahib olmadan bir günün içində bitib, tükəndi. Başıma gələn bir hadisə bu istəyimin üstündən xətt çəkdi.

Bir ay bundan öncə işdən çıxıb evə qayıdarkən yaxınlıqdakı bazardan bir az alış-veriş etdim. Yağışın yağmağa başladığını görüb taksiyə minməkdən ötrü əlimi cibimə aparmaq istəyəndə yadıma düşdü ki, pulumu xərcləyib qurtarmışam. Yalnız avtobusla getmək üçün cibimdə qəpiklər qalmışdı. Avtobusa minməkdən ötrü ağır sumkaları avtobus dayanacağına daşımalı oldum. Bir xeyli getdikdən sonra gözlərim yolun o biri tərəfində dayanmış və taksiçi işləyən qonşuma sataşdı. Və qərarlaşdırdım ki, pulum olmasa da onunla evə gedər və mənzil başına çatdıqdan sonra pulunu gətirib verərəm. Yolu keçmək istəyəndə, olduqca bahalı bir maşın gəlib məndən bir az qarşı tərəfdə dayandı. Maşının qabaq oturacağında əyninə gözəl şuba geyindirilmiş kiçik məxluqu görüb bir az duruxdum. Bu yağışlı havada onun yerində olmaq istədim. Bir yandan soyuq hava, bir yandan da əlimdə daşıdığım ağır yük… Hətta ona bəxtəvərlik də oxudum. : “Nə xöşbəxtsən. Əyninə belə şuba geyinməyə nail olmusan. Mənim 40 yaşım var, hələ də ona həsrətəm. Allah kimsəni kasıb eləməsin”. Maşınla aramızdakı məsafə çox olduğundan maşında oturanın kim olduğunu aydın görə bilmirdim. Onun şubası məni valeh eləmişdi. Bu an qonşum məni uzaqdan görüb maşına gəlməyim üçün əlini yellədi. Tıxac olduğundan maşınlar həmişəki kimi bir-birinin ardınca düzülmüşdü. Onların arasından keçərək taksiyə tərəf gedəndə həmin bahalı maşının yanından keçdim. Taksiyə minməzdən əvvəl son dəfə maşında oturanın şubasına baxmaq istədim. Gördüklərimin qarşısında sanki ayaqlarım tutuldu. Bilmədim güləm, ya ağlayam. Mənimçün əlçatmaz olan şubalar bir anın içində gözümdə adiləşdi. Sən demə bayaqdan bəri mənim qibtə edib bəxtəvərlik oxuduğum məxluq insan deyil, əyninə şuba geyindirilmiş meymun balasıymış.