gunel

Yenə kağız ,yenə qələm,
Ürəyimdən keçənləri,
Sətirlərə düzəcəyəm.
Gah sevgidən, gah nifrətdən,
Şeirimə don biçəcəyəm,
‘’Bəlkələrdən ‘’ümidlərdən,
Kəlmələrim dillənəcək,
Ağladacaq, kövrəldəcək,
Qəlbimdə yatmış duyğular,
Misralarda dillənəcək,
Sətirlərə çevriləcək,
Gileylərim, tənələrim,
Həm sevincim, həm kədərim,
Bax beləcə köçürəcəm,
Ürəyimi misralara.
Yenə kağız ,yenə qələm,
Ürəyimdən keçənləri,
Sətirlərə düzəcəyəm.
Nəhayətsiz arzulardan,
Qanad açmış xəyallardan,
Ömrün şirin çağlarından.

Hisslərin üsyan etdiyi, duyğuların coşub -daşdığı ,arzuların qanad açdığı hər yerdə , ümidlərin tükəndiyi ,xoşbəxtliyin bitdiyi ,bədbəxtliyin başladığı ,bəzənsə əksinə kədərin sevinclə vidalaşaraq uzaqlara getdiyi ,nifrətdən eşqin ,bəzən də eşqdən nifrətin yarandığı zamanda yollar bizi həyatın iziylə ədəbiyyata aparar, amma hər başlanğıcın bir sonu olduğu kimi ,hər yolun da bir sonu var və bir gün gələr ki ,gəldiyimiz yerə geri qayıtmaq üçün ədəbiyyatdan həyata doğru istiqamət alarıq .

Amma hər iki yolda ürək döyüntülərimiz artar ,həyəcan ,təlaş ,hıçqırıq, göz yaşları yol yoldaşımız olar .
Ürəyimiz ağrıyanda kardioloqa müraciət edərik, bir əlacı tapılar dərdimizin .Fəqət ,könlün ağrısı ?!Paramparça edər dərdimiz könlümüzü ,fəryad edərik ,nalə edərik .Diri -diri torpağa gömərlər bizi sanki .
Gözlərdən süzülüb gələn yaşlar öz mənbəyini qəlb evimizdən aldığı üçün öz əllərimiz silə bilməz bu yaşları ,dayanmaz ki ,gözümüzün yaşı. Sonra da kədər suyu olub torpağı isladar, dərdin suyu gül bitirməz ki .Və beləcə həyata ‘’əlvida ‘’söyləmək, bir boşluğa-‘’ kimsəsizlər’’ ölkəsinə getmək istərik ,ölümə doğru addımlayaraq .
Amma bir də gözləmədiyimiz anda səadətlə tanış olarıq ,bax onda həyat eşqimiz artar, sevərik yaşamağı, ciyərlərimizə çəkərik təmiz havasını həyatın.
Yağmuru sevər çox insan. Fəqət, damla- damla sevgi yağdırarsa üzərlərimizə bu yağışın altına çətirsiz çıxmaq nə gözəldir.
Dərd yağışları yağsa üzərimizə o an çətirin altına elə sığınarıq ki .
Axı hər birimiz xoşbəxt olmaq istəyirik .Xoşbəxtlik kəlməsi dilimizdə elə gözəl səslənər ki ,ecazkar mahnı kimi.
Bədbəxtlik sözü isə dünyanın ən ağır sözü kimi dilimizə alsaq dilimizi ,qəlbimizə salsaq qəlbimizi yandırar.
Duyğulara qapılar insan ömrü boyu .Saxta gülüşlər qondurar simasına bəzən ,bəzənsə gerçək təbəssümü yanaqlarına nur saçar.
Beləcə, həyatdan ədəbiyyata doğru yol almaq ,mənzilimizə köç etmək üçün özümüzlə hisslərimizi ,duyğularımızı ,emosiyalarımızı da götürərik .Həyatla ədəbiyyat arasında gah sevinər ,gah da kədərlənərik. Fəqət, insan olmağı öyrənərik, böyüdər, yetkinləşdirər bizi bu yollar .
Bəzən, poeziyanın diliylə danışar duyğularımız .Poeziya hər şeydən əvvəl həyat, sonra incəsənətdir demişdir Belinski .Könül dünyamızı ,mənəviyyatımızı zənginləşdirən vasitədir həm də ədəbiyyat.
Yeri gəlmişkən ,bir az da’’ Metafora ‘’adlı şeirimlə ,poeziyanın diliylə danışmaq ,duyğularımı bölüşmək istərdim dəyərli oxucularla.

Bu gün ilham gəlib,
Şeir yazır buludlar.
‘’Qüssə ‘’adlı nəğməni
İfa edir ağaclar,
Ürək neftsiz, benzinsiz,
Qəmindən, kədərindən,
Od tutub hey alışar.
Dalğalar ağı deyib,
Dənizini qucaqlar.
Bir başqadır ,elə bil,
Bu gün çılğın təbiət.
Solub üzü, bənizi,
Dəyişib əski səsi,
Dünyaya vida edib,
Gedib sanki əzizi.
Göy üzündən ələnir,
Hər yerə səpələnir,
Sonra da heçə dönür ,
Qəmli- qəmli yağışlar.

Həyatdan ədəbiyyata aparan yollarda qaranlığa da ,nura da qərq olma ehtimalımız var .Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Yox ,yox elə həyatın özüdür ədəbiyyat .
Həyatla ədəbiyyat bir -birinə elə möhkəm tellərlə bağlıdır ki ,onları bir -birindən ayrı təsəvvür etmək qeyri –mümkündür.

Məni duyan dalğalar,
Qəlbim kimi yas saxlar.
Danışar harayından,
Nisgilli hər anından.
Dərdim elə böyük ki,
Ox olub, bağrım yarar.
Özgəsi gülüb -keçər,
Ağlasa anam ağlar.
İçimdə dərdin cəmi,
Nifrət yüklü bir gəmi,
Köksümə çəkdim qəmi,
Əzab məni yaralar.

Poeziya sözlərin rəqsidir sanki .Bəzən ayrılıq havasına ,bəzənsə vüsalın melodiyasına rəqs qurar sözlərin xoreoqrafı. Sözlər qanad açar ,quşlar kimi süzər havada xoşbəxtliyindən ,bəzən də qəmli rəqs edərlər.
Ədəbiyyat insanla ünsiyyətin ən gözəl üsuludur .Düşündürərək danışar bizimlə.
Cismən deyil ,ruhən böyümək istəyiriksə ədəbiyyatı sevməliyik. Axı ədəbiyyat həyatın övladıdır .
Məhz buna görə də onunla sirdaş ,dost olmalıyıq və mütləq bir gün o bizi xeyirxahlığa ,doğruluğa ,dürüstlüyə aparacaq. Keşməkeşlərdən keçsək də ,bu yolun sonunda nur ələnəcəksə ömrümüzə mən bu yolun ilk yolçusu olmağa hazıram.
Axı əziyyətin nə olduğunu bilmədən böyümək asanlıqla kamına çatdığımız arzu kimidir .Çox vaxt dəyərini anlamarıq.
Ədəbiyyatı sevmək üçün onu duymaq lazımdır .Ədəbiyyatı duymaq isə düşünmək ,düşündürmək ,sevmək, sevilmək, yaşamaq ,nəfəs almaq deməkdir.
Bu eşqin qəlbimizə hüzur verməsi arzusuyla …