esmira

Vəfa əl telefonunun verdiyi siqnaldan ona mesaj gəldiyini anladı. Gecənin bir aləmində bu mesaj kimdən idi görəsən? Yuxulu gözlərilə gələn mesajı açıb açıb baxdı. Əzizdən idi. Belə yazırdı: “Səninçün darıxıram. Ulduzlara baxıb ağlayıram. Gözlərinə həsrət qalmışam. Sənin gözlərinə oxşadıqları üçün onlara baxıram! Sən də ulduzlara bax! Qoy baxışlarımız göydə görüşsün. Kim bilir, bir də nə vaxt qismət olacaq səni görüm?” Qız qaranlıq otaqda telefonun işığından gözləri qamaşsa da cavab yazdı: “İndi gecdir. Get yat. Qismət olar görüşərik.” Baxışlarını qaldırıb pərdənin arasından qaranlıq səmaya baxdı. Ulduzlar görünürdü. Vəfa kövrəldi. Gözlərindən süzülən yaşı əlilə sildi. Axı indi Əziz də onlara baxırdı. Sabah ayın biri idi. Həm də həftənin birinci iş günü. İşə gecikməsin deyə gecə yaxşı yatmalı idi. Özünü yuxuya verməyə çalışırdı ki, telofonuna yenə mesaj gəldi. “Sabah mütləq görüşək! Axı mən də insanam. Sabah səni görməsəm ürəyim partlayacaq!” – yazırdı.
Ertəsi gün Vəfaya elçi gələcəkdi. Ata-anası da onları çox bəyənirdilər. Vəfa qəti qərara gəldi. “Yox!” – deyəcəkdi. Çünki Əzizə yazığı gəlirdi. Ondan ötrü için-için qıvrılan birinin ürəyini necə qıra bilərdi? Əslində Vəfa ona qarşı biganə idi. Amma oğlan: “Bilirəm sən məni məndən daha artıq sevirsən!” – deyib boynuna qoyanda etiraz eləməyə üzü gəlməmişdi.
Əziz iş vaxtının qurtarmağına bir saat qalmış zəng vurdu:
– İşdən çıxanda səni qapıda gözləyəcəyəm.

– Əziz, xahiş eləyirəm, incimə. Amma bu gün qonaqlarımız gələcək. Nəzakət xatirinə evdə olmalıyam.
– Birdən elçi gələr ha sənə?!
– Yooox…
– Bilirəm, sən mənim vəfalı Vəfamsan! Məni qoyub başqasına ərə getməzsən! Qoy gəlim, yarım saatlıq görüşək, sonra gedərsən.
– Dedim axı qonaq gələcək. Hörmətli adamlardır. Həm də ev işlərində anama kömək eləməliyəm axı.
– Biz kişilər siz qadınları başa düşə bilmirik də! Axı siz nə istəyirsiz? Qoy gəlim, yarımca saata nə olacaq ki?
– Yox, Əziz, sabaha qalsın.
Vəfa işdən çıxanda qarşısında Əzizi gördü. Nazik qara parçadan olan gödəkçəsinin yaxalıqlarını qaldırmış, xırda-xırda atan qarın altında dayanıb soyuqdan titrəyirdi. O, qıza heyranlıqla baxıb əllərini ona doğru uzatdı:
– Salam mənim gözəlim! Küləklər üzümə toxundu. Düşündüm ki, axı bu küləklər sənin saçlarına da sığal çəkiblər.
Əziz başını aşağı saldı. Səsi titrədi. Doluxsunduğu üçün sözlərinin ardını çətinliklə tələffüs elədi:
– Elə paxıllığım tutdu ki, küləklərə! Mən də toxunmaq istədim o tellərinə! Sabaha kimi dözə bilmədim, gəldim. İndi məni qovcaqsan?
Vəfa yumşaldı:
– Daha niyə qovuram?
– Mənim vəfalı Vəfam… Axır ki səni gördüm…
Əziz onun yumru ağ sifətini soyuqdan titrəyən əllərilə ovcunun içinə aldı:
– Vəfa… Vəfa…. Vəfa…
Qız güldü:
– Nə olub sənə? Adımı niyə bu qədər deyirsən? Əzbərləmək istəyirsən?
– Adını çəkməkdən xoşum gəlir. Hər dəfə sənin adını deyəndə elə bil dilim alova, közə toxunur! Yanır! İstəyirəm məndən başqası çəkməsin bu adı! Qısqanıram!
– Niyə belə nazik geyinmisən? Xəstələnərsən axı! Gör bir necə əsirsən!
– Neyləyim? Bundan qalını yoxumdur. Dəri gödəkçəm var idi. Təzə almışdım, heç geyinməmişdim. Yarı qiymətinə satdım.
– Niyə?
– Xalam oğlu Fəxrəddinə görə…
– Bəs niyə başqasını almırsan?
– Bütün maaşımı Fəxrəddinin müalicəsinə xərcləyirəm. On gündür maaşımı almışam, artıq qurtarıb! İdman müəlliminin maaşı nə olacaq?
– Bəs onu sən niyə müalicə elətdirirsən?
– İmkanları yoxdur. Müalicə almasa öləcək. Necə qıyım ona? Axı o da insandır! Məgər kasıb yaşamamalıdır? Bir dəfə halı pisləşəndə pıçıltı ilə “Mən ölmək istəmirəm” dedi. Elə yazığım gəldi ki ona! İndi öz evimizdə saxlayıram onu. Öz yatağımı da ona vermişəm, özüm isə yerdə yatıram.
– Bəs indi pulsuz neyləyəcəksən? İşə necə gəlib gedəcəksən, günorta nə yeyəcəksən?
– Yol pulunu evdəkilərdən alıram, amma günorta heç nə yemirəm. Acından bütün günü başım ağrayır.
– Nə gözəl ürəyin var sənin?! Vallah heyran qalınası adamsan! Xalan oğlundan ötəri özünü göz görəsi həlak eləyirsən.
Vəfa çantasından cüzdanını çıxartdı. Elə həmin gün aldığı səkkiz yüz manat maaşının yarısını Əzizə uzatdı:
– Bunu götür, özünə gödəkcə al, yerdə qalanını da saxla. Qoy üstündə pul olsun. Ac qalma, sonra mədən xəstə olar.
Əziz diksinib bir addım geri çəkildi:
– Nə danışırsan?! Mən bunu səndən necə götürə bilərəm?!
– Bunu xalan oğluna görə götürməlisən! Sən də xəstələnsən ona kim baxar?! Xahiş eləyirəm, götür!
– Birdən sənin pulun olmaz.
– Pulum var, Əziz, var. Hər ayın biri maaş alıram. Demişəm axı mən sənə, yadından çıxıb?
Əziz bir az fikrə gedib sakitcə:
– Yox, yadımdadır.
Qız pulu onun cibinə basdı:
– Götür.
Əziz sıxılaraq: – Yaxşı, xalam oğlunun xətrinə – dedi. Sonra
gözlərində sevinc qığılcımları parıldadı:
– Həkim deyir ki, o tezliklə sağalacaq! Qoy onun bu dəfəki müalicə kursu qurtarsın, biz evlənək!Yaxşı?!
Qız havanın soyuq olmasına baxmayaraq günün altında qalmış dondurma kimi əridi:
– Yaxşı…
– Sənsiz mənə bu günəş, bu hava, nə də bu həyat lazım deyil, Vəfa!
Həmin gün Vəfa evə Əzizin dediyi kimi çox yox, düz yarımca saat gecikdi və gələn elçilərə yox cavabı verdi.

***
Görüşdükləri gündən bir həftə keçmişdi. Vəfa Əzizə zəng vurdu:
– Bu gün işə getməyəcəyəm. İcazə almışam. Boş vaxtım var, görüşək?
– Yox, yox… Bu gün görüşə bilmərik. İşdən sonra iclas var. Direktor da yaman hirslidir. Gərək iclasda iştirak eləyim. Yoxsa… Özün bilirsən də bu məktəb direktorlarını…
– Onda sabah görüşək.
– Yox, sabah… Sabah da xalam oğlu Fəxri…
– Bəs nə vaxt görüşək?
– Əslində mən səni hər an görmək istəyirəm. Amma iş elə gətirir ki, tez-tez görüşə bilmirik. Fürsət tapan kimi mən özüm sənə deyərəm.
Əzizdən bir ay səs-səmir çıxmadı. Onunla telefonla da danışmaq olmurdu. Elə hey işinin çoxluğundan gileylənir, direktorun ona cürbəcür işlər tapşırdığını, gah da Fəxrəddinin vəziyyətinin pisləşdiyi üçün müayinəyə apardığını deyirdi. Vəfanın vəfalı ürəyi narahat olmağa başlamışdı. Bir yandan da iş yoldaşı yaraşıqlı Rüfət onu evə ötürmək üçün fürsət axtarırdı. Çünki gözaltı elədiyi qızın, Vəfanın dalınca oğlan gəldiyini görüb narahat olmağa başlamışdı. Vəfa isə Əzizin sevən ürəyini qırmamaq üçün bu oğlanı başından eləməyə müxtəlif bəhanələr tapırdı.
Növbəti ayın birində Əzizdən zəng gəldi. O halsız, titrək səslə danışırdı:
– Alo, Vəfa… Vəfa…
– Nə olub, Əziz, niyə belə danışırsan?
– Daha nə olacaq? Dörd həftədir ki, səni görmürəm! Buna mənim ürəyim necə dözsün? Bu gün bir təhər vaxt tapmışam, işdən sonra gələcəyəm!
– Əziz, axı bu gün mən…
– Eh, görəsən biz kişilər siz qadınları nə vaxtsa başa düşə biləcəyik? Nə olursa olsun bu gün gələcəyəm! Mütləq görüşməliyik! Daha sənsiz dözə bilmirəm!
Vəfa işdən çıxanda beş addım atmışdı ki, ona rast gəldi. Qanı qara idi. Heç baxışlarını yerdən ayırmırdı. Qız soruşdu:
– Nə olub qanın niyə qaradı? Bu sənin xalan oğlu ilə əlaqədardır? Vəziyyəti pisdir?
– Yox, o yaxşıır. Mənim vəziyyətim pisdir.
– Niyə?
– Anamın ad günüdür. Bilmirəm nə alım ona. Axı o məni dünyaya gətirib, böyüdüb, əziyyətimi çəkib! Gecələr yuxusuz qalıb! Hər il ona fransız ətri alırdım. Bu il isə… Eh, yoxun üzü qara olsun! Mən necə övladam ki, ad günündə anama bir fransız ətrini də ala bilmirəm?! Ölsün belə övlad, heç yaşamasın!
Vəfa onun qoluna girib dartdı:
– Bura gəl! Özünçün niyə elə deyirsən? Axı sən ana qədri bilən yaxşı övladsan! Bu saat həll eləyərik o işi!
Vəfa onu darta-darta iş yerinə yaxın küçədə yerləşən ətir mağazasına saldı. Ən dəbdə olan ətirlərdən birini alıb hədiyyə üçün bükdürdü. Əzizə verib dedi:
– Bu da ananın hədiyyəsi! Bu gün evə tez get! Onu təbrik eləməyə özünü çatdırmalısan!
– Anamın yox! Anamızın hədiyyəsi, anamızın! Çox sağ ol, sevgilim! Sənin nə böyük ürəyin var! Anamıza deyəcəyəm ki, ətiri onunçün sən almısan. Gələcək gəlini! Qoy sevinsin!
– Yox, elə demə! Yaxşı deyil, utanıram axı…
– Nə olsun? Onsuz da sənin haqqında danışmışam ona! Vəfa, sən məni elə vəziyyətdən qurtardın ki! Sən olmasaydın mən neyləyərdim?!
Birdən Əzizin gözləri sevincdən parıldadı. Üzündən hiss olundu ki, ağlına maraqlı bir fikir gəlib.
– Gəlsənə mən sənə atamın hədiyyəsini verim!
Əziz saatı qolundan açıb iki əlilə gözlərinin önündə saxladı. Bir müddət ona baxdıqdan sonra kövrəldi. Gözlərindəki sevinc dərin bir hüznlə əvəz olundu. Üzünü saata toxundurdu. Onu son dərəcə nəvazişlə öpdü. Ona elə təəssüf hissi ilə baxdı ki, sanki bu saatla birlikdə həyatını da itirirdi.
– Bu rəhmətlik atamın hədiyyəsidir. Bu dünyada mənə ən əziz, ən qiymətli olan yeganə yadigar əşyadır. 1983-ci ildə istehsal olunub. Doğrusu, aliminiumdandır. Lakin mənimçün dünyanın ən dəyərli əşyasıdır. Öldürsələr də bunu əlimdən ala bilməzlər. Ancaq sənə onu könüllü verirəm, al götür! – dedi. O kobud kişi saatını qızın zərif qoluna elə ehtiyatla bağladı ki, sanki dünyanın ən zərif əşyasını bağlayırdı. Sonra kövrəlib doluxsundu. Ağlamamaq üçün özünü çətinliklə saxlayıb boğula-boğula dedi:
– Hər dəfə bu saata baxanda məni yadına sal. Məni bir dəqiqə də olsun unutma!
– Əziz, bəlkə lazım deyil? Axı mən səninçün bu qədər dəyərli olan bir əşyanı necə qəbul eləyə bilərəm?
– Eybi yoxdur, əvəzində sən də mənə öz atanın hədiyyəsi olan saatı ver!
– Vəfa qoluna təzəcə bağlanmış aliminium saatla yanaşı özünün daş-qaşla bəzədilmiş saatına baxdı:
– Axı bu çox bahalıdır…
– Bilirəm, ağ qızılla sarı qızılın yanaşı işlənməsidir. Atan onu sənə ad günündə alanda bunu mənə demişdin. Ancaq bunun mənimçün heç bir əhəmiyyəti yoxdur! Mənimçün əhəmiyyətli olan odur ki, bu sənin atanın hədiyyəsidir!
Əziz saatı qızın qolundan açıb tələsik açıb öz qoluna bağladı: – Köynəyimin qolunu dartacağam görünməyəcək. Sən də belə elə – dedi. Vəfa evdə soruşarlar deyə saatı vermək istəməsə də yuxa ürəkli bir insanın qəlbini qıra bilmədi və bu anlar hansısa filmin yavaşıdılmış kadrları kimi gözlərinin özündən aramla gəlib keçdi.

***
Əziz yenə bir ay yağlı əppək olub göyə çəkilmişdi. Vəfanın təkidlərinə baxmayaraq onunla nəinki görüşmək, heç telefonla danışmaq da mümkün olmurdu. Telefona başqa adam cavab verir: “İndi otaqda yoxdur, gəlləndə zəng vurar” – deyirdi. Axır ki, ayın biri gəldi. Özü də mart ayının biri! Əzizin sevgi dolu nalələri az qala bütün dünyanı başına götürdü: “Səninçün daxıram. Yağış suyu olub sənin keçdiyin yollara axmaq istəyirəm. Bəlkə rastlaşarıq deyə, bəlkə ayaqlarına toxuna bilərəm deyə!”
Əziz yağışlı mart günündə islanmış sərçəyə bənzəyirdi. Vəfa onun könlünü almaq istədi:
– Niyə belə kədərılisən, Əziz?
– Eh, fikir vermə!
– Yenə də olsun, de, nə olub?
– Bir həftədən sonra səkkiz mart gəlir, neyləyəcəyəm? Sənə hədiyyə ala bilməyəcəyəm. Sənin elə böyük ürəyin var ki, sən məni başa düşərsən, bağışlayarsan. Bəs anam? O da məni başa düşər? Yox! O fikirləşər ki, böyütmüşəm, boya-başa çatdırmışam, səkkiz martda məni yada salmadı! Bir dəstə qızılgül ilə fransız ətrini mənə çox gördü! Alaram, inan ki alaram! Baxmaram heç nəyə! Amma onda bir insanın həyatı məhv olar! Onda xalam oğlunun sağalmağına az qalmış müalicəsini yarıda kəsməli olaram. Dərmanlarını ala bilmərəm.
– Martın yeddisi gəl, nə lazımdır mən təşkil eləyərəm!
– Yox, mən buna razı ola bilmərəm! Axı yeni ildə də anamçün gülü və ətri sən almışdın! Belə olmaz axı! Qeyrətim qəbul eləmir axı!

***
Vəfa martın yeddisində onu bir dəstə ağ holland qızılgülləri, “Dolçe” fransız ətri və maaşının yarısı ilə yola saldı. Axşam Əziz zəng vurdu:
– Şad xəbər! Bizimkilərlə danışdım. Elçi gəlmək istəyirlər. Sən də mənim haqqımda atanla, ananla danış. Amma mütləq danış!
– Yaxşı danışaram.
– İndi bir məsələ çıxıb ortaya. Mən sənin kimi gözəl qızı avtobusla aparıb gətirə bilmərəm! Qoymaram ayaqların yerə dəysin! Buna vicdanım yol verməz! Gərək maşın alam!
Vəfa qulaqlarına inanmadı:
– Nə danışırsan? Sənin o qədər pulun hanı?!
– Sən atandan mənim adımdan borc pul alarsan, mən də maaş aldıqca qaytararam. Necə fikirdir? Cavan ailə olacayıq, maşınımız da olacaq. Özü də qırmızı! Əla olar hə?!
– Sən hər ay atamın borcunu qaytarsan bəs xalan oğlunun dərmanlarını nə ilə alacaqsan?
– Onsuz da dərmanların pulunu sən verirsən də… Oldu, danışdıq?
Qız tərəddüd eləsə də sanki ovsunlanmışdı, yox deyə bilmədi.
– Hə, danışdıq.

***
Əslində “hə” deməyinə baxmayaraq bu qırmızı maşın məsələsi Vəfanın heç ürəyincə deyildi. Necə açacaqdı bu söhbəti? Nə deyəcəkdi atasına? Heç bilmirdi.
Gecə yerinin içində Əzizin verdiyi qolundakı saata baxdı. Bəli, o bu saatı yatanda da qolundan açmırdı. Çünki Əziz belə istəmişdi. “Bu saaatın çıqqıltılarını mənim ürəyimin döyüntüsü bil, dinlə” – demişdi. Əzizçün darıxdı. Kövrəldi. Ona zəng vurmaq istədi. Lakin birdən duruxdu. Əgər ayın biri olmayıbsa onu axtarmağın heç bir mənası yoxdur. Növbəti ayın birinə kimi gözləmək lazım idi. Ayın birində o özü peyda olacaqdı. Vəfa düşündü ki, görəsən niyə Əziz onu görməyə hər ayın birində gəlir? Çünki ayın biri maaş günüdür? Yəni Əziz pul almaq üçün onun görüşünə gəlir? Yox, bu ola bilməz… O məsum, xeyirxah bir insandır. O ki qaldı onun hər ayın biri gəlməsinə, yəqin bu bir təsadüfdür. Onunçün maddi şeylərin heç bir əhəmiyyəti yoxdur. Pulu xalası oğlunun dərmanlarına görə alır. Ətiri və gülü də anasının zəhmətini yerə vurmamaq üçün istəyir. O ki qaldı maşına onu da Vəfanın rahatlığını təmin etmək üçün istəyir. Özü üçün heç nə istəmir! Nə olsun ki kasıbdır, kasıbı sevməzlər məgər? Kasıb adam deyil, kasıbın ürəyi yoxdur? Məgər kasıbın sevib sevilməyə haqqı yoxdur?
Budur telefonuna mesaj gəldi. Əzizdən idi. “Yoxsa onu düşündüyümü duyub?” – deyə qız həyəcanlandlı. Mesajı açdı. Belə yazılmışdı: “Ulduzlara baxıb ağlayıram. Çünki mənə sənin gözlərini xatırladır.” Vəfa bir anlıq duruxub fikrə getdi. Axı deyəsən Əziz bu mesajı ona bir dəfə göndərmişdi! Bəlkə çaşıb təkrar göndərib? Mesajın ardını oxudu: “Bu gün getdiyimiz restaran xoşuna gəldisə gəl sabah da gedək! Günay, ürəyim mənim, sənə aldığım ağ qızılgüllər və “Dolçe” ətiri necə, xoşuna gəldimi?”
Vəfa yerindən dəli kimi sıçradı. İşığı yandırıb Əzizin göndərdiyi mesajı bir də oxudu. Burda nə isə bir yalnışlıq, anlaşılmazlıq var idi! Əvvəla, Vəfa bu şeyləri onun anası üçün göndəribsə, anasının adı Sayalıdır. Necə yəni Günay?!
Səhərə kimi yata bilmədi. Yerinin içində qıvrıldı. Səhər tezdən çox gec-gec görüşüyü rəfiqəsi Ülviyyəyə zəng vurdu. Onunla gec-gec görüşməyinin səbəbi bu qızın çox danışan olması idi. Ondan bir söz soruşdunmu bildiyi nə varsa hamısını danışırdı. Bir dəfə o Əzizin şəklini Vəfanın telefonunda təsadüfən görəndə dil ucu: – “Hə, mən bu oğlanı tanıyıram, anası anamın aptekində xadimə işləyir” – demişdi.
Ülviyyə elə telefonu açıb yuxulu-yuxulu: “Alo” demişdi ki, Vəfa ona görüş atdı:
– Tez geyin çıx, səninlə işim var.
– Vəfa taksiyə minib tələsik özünü Ülviyyəgilin evlərinin qarşısına yetirdi. Tez telefonu açıb Əzizin şəklini ona göstərdi:
– Bir dəfə demişdin ki, bunu tanıyırsan.
– Hə, Əzizdir də, Sayalı xalanın oğlu!
– Bəs Günay kimdir, bilirsən?!
– Günay? Hə, bilirəm, nişanlısıdır da… Qız evi yaxşı yerdəndirlər. Bilirsən, Sayalı xala həmişə özlərindən yuxarı təbəqə ilə qohum olmaq istəyib. Əvvəlcədən Əzizə deyib ki, onsuz da sən tapdığın qızı almayacağam! Sən gərək “qalstuklularla” oturub-durasan! Nazirlikdə işləyən oğlansan!
– Məgər o nazirlikdə işləyir?
– Hə, çoxdan işləyir, qohumları düzəldib. Mühasibdir. Atası da buna görə çox sevinir. Oğlu ilə fəxr eləyir.
– Məgər onun atası ölməyib?
– Yox, ay qız, atasına nə gəlib? Atası sağdır.
Vəfa bir əlini o biri biləyində köynəyin monjetinin altından görünməyən saata sürtdü: “Deməli bu ata yadigarı saat söhbəti yalan imiş!” Ülviyyənin cingiltili səsi oni fikirdən ayırdı.
– Hə, qızı da anası özü tapıb. Əziz də bəyənib. Qız da çox razıdır Əzizdən. Əziz hər bayramda ona bahalı ətirlər, gül dəstələri verir. Bu yaxınlarda ağ qızılla sarı qızılın işləməsi olan qol saatı da hədiyyə eləyib.
Vəfanın başına elə bil qaynar su tökdülər:
– Necə?! Qızıl saat?!
– Hə, saat… Hələ maşın da söz verib! Qız qırmızı istəyib o da razılaşıb: “Alaram!” – deyib.
– Sən hardan bilirsən bu şeyləri?
– Anası gəlib işdə danışır. Sənə nə oldu, niyə belə pis oldun?
Vəfa pis olmasının səbəbini qıza bildirməmək üçün bəhanə
tapdı:
– Onun bir xəstə xalası oğlu var, onu soruşacaqdım, ona görə pis oldum.
Ülviyyə gülüb özündən getdi:
– Nə xalası oğlu, ay qız, onun heç xalası var ki, oğlu da olsun? Əmilərinin, dayılarının da ki qızları var. Oğlan təkcə Sayalı xaladadır. Ona görə elə fors eləyir. Sən Əzizi niyə görə soruşursan ki?
– Bir rəfiqəmin ondan xoşu gəlir. Ona görə maraqlandım. İndi daha ona deyərəm ki, baş qoşmasın, oğlan nişanlıdır. Səni də səhər tezdən narahat elədim ki, işə gecikməyim. Amma yenə də gecikdim. Sağ ol, canım, mən tez qaçım taksi saxlayım.
Hər şey aydın idi. Deməli, Vəfa onun hər ayın birində dörd yüz manat pul çəkə biləcəyi bank imiş. “Vəfabank!” Ona görə də o hər ayın birində, məhz Vəfanın maaş günü gəlirmiş. Məhz bu səbəbdən onun ailə qura biləcəyindən qorxur, narahat olurdu. Çünki o zaman bank bağlanacaqdı. Vəfa taksiyə oturan kimi telefonu götürüb Əzizə zəng vurdu. “Yığdığınız nömrə aktiv deyil.” Deməli, Əziz mesajı səhv göndərdiyini anlayan kimi telefonunun nömrəsini dəyişmişdi. Vəfa öz-özünə pıçıldadı:
– Hə, Əziz, “qadınları başa düşə bilmirəm” deyirdin. Sənin kimi fırıldaqçılara inanıb sevə bilək deyə, Allah bizi bu qədər axmaq yaradıb. Burda başa düşülməyəcək nə var ki?!