Maşın əfsanəvi gözəlliyi olan kənd yolları ilə yavaş-yavaş irəliləyirdi. Yol get-gedə daralırdı. Görünür bir neçə gün öncə yağan yağış torpağı islatdığı üçün yolun kənarları sürüşmüşdü. Hələ də yağışdan nəm olan torpaq qızılı qəhvəyi rəngə çalırdı. Yola döşənən daşlar sürüşərək seyrəldiyindən yol çala-çuxur olmuşdu. Sürücü maşını saxlayıb: – Daha sürə bilmirəm. Yollar pisdir, maşın xarab olar. Burdan o yana piyada gedin – dedi.
Ömər başını narazı halda bulayıb dedi:
– Deyəsən yenə yağacaq. Hava yaman tutulub.
Ömərin yaxin dostu Ərkam ingilis qonaqlarını ailəvi olaraq İstanbulun qərbində yerləşən qədim Çatalcanın İncəğiz kəndini gəzdirməyə, oradakı mağaraları göstərməyə gətirmişdi. Bu Henri Ceyms, xanımı Anna ve qızları balaca Aleks idi. Onlar butik oteldə iki ayrı otaq kiraladılar. Birində qonaqlarını rahatladılar, digərində isə özləri yerləşdilər. Buranın əvvəllər ev olub sonradan otelə çevrilməyi aşkar görünürdü. Kənd yerlərində belə otellər turistlərin diqqətini müasir otellərdən daha çox çəkir. Ayrı-ayrı otaqların hamısının qapısı ümumi bir həyətə açılırdı. Otaqların birində otel işçiləri yerləşmişdi. Damında isə səhər yeməyi üçün üstü örtülü eyvan düzəldilmişdi. Onlar bir qədər dincəlib yorğunluqlarını aldıqdan sonra kəndi gəzmək qərarına gəldilər. Ömər isə heç dincəlmək haqda düşünmürdü.
O, fotoaparatını və ona quraşdırmaq üçün ştativi götürüb çantasına qoydu. Ərkam qonaqlarına dedi:
– Dostum həvəskar fotoqraf olduğu üçün daima hansısa bir kadrı çəkə bilməyəcəyinə görə narahatdır. Birdən kölgə azca çəkilər, işıq bir az o tərəfdən düşər… Daha nə bilim nələr.
Sonra o üzünü Ömərə sarı tutub dedi:
– Qardaşım, bir dincəlib istirahət eləsənə! O cür işin var, neyləyirsən bu fotoqraflığı? Çörəyin bundan çıxmır ki! Onsuz da sən həvəskar fotoqrafsan. Amma bu işlə elə ciddi məşğul olursan ki, elə bil nə olub!
– Dincəlirəm Erkam, dincəlirəm. Öz işim birlikdə işlətdiyimiz şirkətdəki təmir və tikinti işləridir. O işlə yalnız qazanc məqsədi ilə məşğul oluram. Foto ilə məşğul olmağı isə həqiqətən çox sevirəm. Hər dəfə uğurlu fotolar alınanda elə bil dünyanı mənə verirlər. Onda mənə elə gəlir ki, dünyanın ən gözəl fotolarını məhz mən çəkirəm və ən qeyri-adi anları mən tuturam.
Azca türkcə anlayan Henri Ömərə onunla həmrəy olduğunu bildirdi:
– You are right! The photography is wonderful hobby!
Ömər onun simasında özünə yeni bir həmfikir tapmasına sevindi:
– Foto sanki zamanın bir anını tutub saxlayır. Elə deyilmi? Nə vaxtsa çəkilmiş fotolara baxanda elə bil adamı bir anlığa keçmişə aparır. Foto sənəti ilə maraqlanmağım həyatımı çox dəyişdi. Əslində hər şey vətənimə olan sevgidən başladı. Məndə onun gözəl guşələrinin fotosunu çəkmək həvəsi oyandı. Daha sonra quşları, heyvanları və insanları çəkməyə başladım.
Həmfikiri ilə bir az söhbət etdikdən sonra Ömər çantasını kürəyinə salıb bayaq gəldikləri kəndin girişindəki əsas yola cıxdı. Ömər dayanıb ətrafa göz gəzdirdi. Ətraf maraqlı, zəngin kadrlarla dolu idi. Lakin çox çəkmədi ki, bayaqdan göyün üzünü almış qara buludlar şaqqılldayıb yagış tökdü. Şimşəyin səsindən qocaman palıd ağacının altındakı kişilər, küçədəki insanlar narahat olub dağılışmağa, ev-eşiklərinə çəkilməyə başladılar. Elə Ömər də getmək istəyirdi ki, kəndin içindən iki əli də yüklə dolu bir qızın gəldiyini gördü. Qızın yükü ağır olduğundan o ləngiyirdi.
Yağış az vaxt ərzində onu əməlli başlı islatmışdı. Qız yağışdan qurtulmaq üçün tələsdiyindən əlindəki kisələri sürüməyə başladı. Elə bu vaxt kisələrdən biri onun əlindən çıxdı və içindəki hər şey, ərzaq və tərəvəzlər yerə dağıldı.
Ömər ona yaxınlaşdı:
– Bu saat sizə kömək edərəm.
Qız baxışlarını qaldırıb ona baxdı. Onun baxışlarında məchul bir kədər var idi. O: – Narahat olmayın mən özüm yığaram – deyərək içini çəkdi və ərzaqları tələsik yığmağa başladı. Nədənsə Ömərə elə gəldi ki, o ağlayır. Həyəcanla: – Niyə ağlayırsız, nə baş verib? – deyə soruşdu. Qız tutularaq: – Ağlamıram, yağışdandır – deyə cavab verdi. Ömər ona bir daha nəzər saldı. Qızın başına bağladığı yaylığın altından çıxan saçlarından süzülən su üzünə yanaqlarına axırdı. Ömər: – Bəlkə də onun kirpiklərinin islanmasında müqəssir yağışdır. Bəs onda bu gənc qızın baxışları nədən bu qədər qəmlidir? – deyə düşündü.
– Çəkinməyin, deyin. Bəlkə sizə köməyim dəyər.
Qız gülümsəməyə çalışaraq: – Təşəkkür edirəm. Heç bir şey lazım deyil. Hər şey yaxşıdır – dedi.
Ömər: – O zaman icazə verin sizə yardım edim. Yükünüz ağırdır. – deyib kisələri qaldırdı.
– Tez-tez belə ağır yük daşıyırsız?
– Neyləmək olar? Artıq alışmışam. Əvvəllər ulağımız var idi. Bazarlıq eləyib ona yükləyirdim. Sonra çörək puluna görə atam heyvanı satdı. İndi gücüm çatsa da, çatmasa da özüm daşımalıyam. Bazara getməyə həmişə vaxtım olmur. Ona görə hər şeyi birdən alıram. Həm də çox alanda ucuz verirlər.
Öməri gülmək tutdu:
– Vaxtınız olmur deyirsiz? Mən elə bilirdim bu sözü yalnız biz şəhərlilər deyirik. Kənd yerlərində isə hamının boş vaxtı olur və onlar bizim kimi vaxt problemlə üz-üzə qalmırlar.
Ömərin gülməsindən bu kədərli qızın da eyni açıldı. O da gülümsəyərək dedi:
– Ailəmiz böyükdür, vaxt çatdırmaq olmur.
Onlar azca getmişdilər ki, qız dayandı. İrəlidəki qapını göstərib: – Mən çatdım. Zəhmət çəkdiniz, çox sağ olun! – dedi. Kisələri Ömərdən aldı və indicə göstərdiyi köhnə taxta qapının önünə gəldi. O, Ömərə baxıb gülümsədi, əllərində yük olduğundan qapını çiynilə itələyib açdı və içəri keçdi.
Bu qız Ömərə çox qəribə görünmüşdü. O danışığına, ləhcəsinə görə kübar şəhər qızlarından heç nə ilə fərqlənmirdi. Yalnız əynındəki kəndsayağı libası onun kənd qızı olduğundan xəbər verirdi.
***
Maraqlı fotolar çəkmək üçün Ömərin gözü burada gözəl bir məkanı tutmuşdu. Yaşıl örtüklə zəngin olan bu yerin bir tərəfi yamac kimi üzü yuxarı çıxır, get-gedə dağ kimi yüksəlir, ən yüksək yerinə çatdıqda isə kəskin bir şəkildə, divar kimi aşağı enirdi. Həmin bu yerdə qədim mağaralar var idi. Ömər burada günəşin çıxışını, batışını sübh çağının dumanını, şehinı çəkmək istəyirdi. O üzdən də növbəti gün səhər tezdən hələ gün çıxmamış axşamdan hazırlayıb qoyduğu çantasını götürərək yola çıxdı. Ömər arzusunda olduğu həmin yerə gəlib çatdıqda fotoaparatını ştativə bərkidərək günəşin qalxmasını gözləməyə başladı. O foto işinə ürəkdən vurğun idi. Buna görə də hər yarpağa, budağa, quşa qiymətli bir xəzinə kimi baxırdı. Xüsusilə də təbiət onun üçün bitib tükənməyən mövzu, iş materialı idi. Ömər diqqətini toplayaraq ətrafı süzdü. Qəribə bir hiss ona hakim kəsildi. Burada sanki ondan başqa da kimsə var idi. Bu hiss onun diqqətini obyektivdən yayındırırdı. Təbii ki, buraya ondan başqa da müxtəlif insanlar, turistlər gələ bilərdilər. Öməri çaşdıran bunun məhz bu saatda, hələ gün çıxmamış, ala toranlıqda baş verməsi idi. O günəşin doğmasını çəkmək üçün fotoaparatı ştativə quraşdırmalı, işləmək üçün bir neçə məkan seçməli olduğundan tez gəlmişdi. Bəs ondan başqasını bura belə tezdən gətirən nə ola bilərdi?
Günəşin ilk şüalarını göstərməsilə quşlar oyanıb cikkildəməyə başladılar. Lakin ətrafa yayılan bu həzin nəğmənin içində başqa bir səs də var idi. İnsan səsi! Bu səs qadın pıçıltısını xatırladırdı. Öməri vahimə basdı. Bu kim ola bilərdi?! O, səsin hardan gəldiyini təhmin etmək üçün sakit dayanıb dinləməyə, ətrafa göz gəzdirməyə başladı. Pıçıltı quşların səsinə qarışaraq meşəyə yayıldığından o, bir şey ayırd eləyə bilmirdi. Bəlkə bu səs zirvəsində dayandığı dağın sıldırımlarındakı mağaralardan gəlirdi? Lakin bu sakit, küləksiz havada onun sağ tərəfindəki kolların ətrafa açılmış budaqlarının titrəməsi onun diqqətini çəkdi. Ömər fotoaparatının obyektivini açdı. Onu hazır vəziyyətdə tutaraq ehtiyatla irəlilədi. Bu məchulun nə, kim olduğunu bilmək, onu görən kimi çəkmək istəyirdi. Bu zaman o, kolların arasındakı boşluqda hündürlüyü təxminən yarım metr olan yumruvari bir qaraltı gördü. Cəld bu qaraltının fotosunu çəkdi. Lakin bu qaraltı çəkiliş anında çıxan çıqqıltıdan səksənərək dik atıldı və insan boyunda oldu. O, var gücü ilə qarşısına çıxan kolları, budaqları aralayaraq qaçmağa başladı. Ömər qorxaq ada eyildi. Hətta dostları ona öz aralarında qurd ürəkli də deyirdilər. Lakin kimsəsiz, ala qaranlıq meşədə belə bir səhnə ilə üzləşən Ömərin heyrətdən az qala ayaqları yerə yapışdı, əlləri sustaldı. O, özünü ələ alıb titrəyən barmaqları ilə cəld bu məchul məxluqun bir neçə fotosunu çəkdi.
Ömər həyatda ilk dəfə belə bir şeylə rastlaşdığından heyrətlənmiş, sarsılmışdı. O, evə qayıdıb tələsik fotoları aparatdan kompüterinə köçürtdü. Nə qədər səssiz olmağa çalışsa da dostunu yuxudan oyatdı. Ərkam narazı halda: – Nə olub yenə? Səhər tezdən hardan gəlirsən? – deyərək qalxıb oturdu. Ömər dedi:
– Səhər-səhər meşənin içilə gedib hündür təpənin üstünə çıxdım ki, günəş təzə qalxdığı anları yaxalayıb gözəl çəkilişlər edim. Lakin mənə qalan bu anlaşılmaz kadrlar oldu.
Ərkam ona məhəl verməyib, onu yuxudan belə tez oyatdığı üçün narazı halda əl-üzünü yumağa getdi. Qayıdanda Ömərin kompüterindəki fotolara maraqla baxmağa başladı. Ömər bu kadrları gah böyüdür, gah kiçildir, onlara diqqətlə baxırdı. Kadrlarda dəqiqlik az idi. Yalnız bir qaraltının irəliləyərkən fotosunun çəkildiyi hiss olunurdu.
– Elə bunları çəkmisən? Bəs uğurlu fotolar var?
Ömər gözünü monitordan çəkmədən: – Uğurlu fotolar elə bunlardır. Qəribə bir şeylə rastlaşdım. Bu bir qaraltı idi. Bunun nə olduğunu anlaya bilmədim. O məndən qorxub qaçdı. Tələsik onu çəkməyə çalışdım. Bir neçə kadr çəkə bildim. Lakin kadrlardan bunun nə olduğu anlaşılmır. Kabusdur nədir?! – dedi.
Ərkam gözlərini qıyıb monitordakı şəkilə diqqətlə baxdı.
– Bu nədir belə? Budur bax, burada əl görünür! Bax, açıq-aydın görünür bu bir əldir, insan əli!
Ömər bir az da həyəcanlandı:
– Necə olub ki, bayaqdan bunu görməmişəm! Bu doğrudan da əldir!
***
Ömər Çatalcada qaldığı hər gün, hər an ətrafda yeni maraqlı kadrlar görür, onları fotoaparatının yaddaşında əbədiləşdirmək həvəsilə kəndin küçələrinə çıxırdı. O vaxt itirmək istəmir, çoxlu sayda fotolar çəkməyə can atırdı. Burada təkcə mənzərə, qədimdən qalmış köhnə kənd evləri deyil, həm də insanlar öz mehriban simaları ilə çox maraqlı idilər. O, kiraladıqları evə gedərkən keçdikləri kəndin girəcəyindəki əsas yola çıxdı. Maraqlı kadrları tutmaq üçün gözlərini qıyıb ətrafa baxmağa başladı. Fotoaparatını ştativə bərkitdi. Köhnə evləri, daş döşənmiş küçələri bir neçə dəfə çəkdi. Evlərdən birinin taxta eyvanında bir qız məhəccərə saldığı köhnə palazı süpürgə ilə çırpırdı. Ömər bu maraqlı kadrı da çəkdikdən sonra bu qızı hardasa gördüyünü, onu bir yerdən tanıdığını düşündü və çox tez də xatırladı. Bu o idi. Kəndə gəldikləri ilk gün yağışa düşən, əlindəki ağır yükünü çəkə bilmədiyindən dağıdan qız! Həmin qız ona təşəkkür eləyib elə bu evin qapısından içəri girmişdi.
Qız yaylığını alnından dartıb boynun ardında düyünləmişdi. Uzun şabalıdı saçları kürəyinə tökülmüş, çox işlədiyindən yanaqları pörtmüşdü. Bəyaz dərili üzü tərlədiyindən ay kimi parıldayırdı. Qız iri palazın hər iki üzünü yaxşı-yaxşı çırpdıqdan sonra məhəccərin üstündən dartdı, qatlayıb evə apardı. Ömər gülümsəyib öz-özünə pıçıldadı:
– Gözəl qızdır…
Bu qızın kim olduğunu öyrənmək marağı ona güc gəlmişdi. O küçədə oynayan uşaqlardan birini yanına çağırıb soruşdu:
– Bu eyvanda indicə palaz çırpan qızı tanıyırsan?
– Dəlini deyirsən?
Ömər təəccüblənib duruxdu:
– Məgər o dəlidir? O ki, ağıllı qızdır!
Uşaq yekə kişi kimi əlini əlinə vurub güldü:
– Bütün kənd bilir ki, o dəlidir! Sən bilmirsən?
Öməri maraq götürdü. Axı o qızla danışanda onda cüzi də olsa ağılsızlıq görməmişdi. Ömərin könlündən həmin qızı yenə görmək, onu danışdırmaq keçdi.
O, fürsət tapanda bura gəlir, özünü foto çəkirmiş kimi göstərir, əsil məqsədi üçün fürsət gözləyirdi. İstəyi o qızı bir daha görmək, onunla bir daha rastlaşmaq, qismət olsa onunla bir daha danışmaq idi. Lakin qız gözə dəymirdi. Evlərinə də gəlib-gedən yox idi. Elə bil burada heç kəs yaşamırdı. Birdən Ömərin diqqətini qarşıdan gələn iki qadın çəkdi. Onların əllərindəki yüklərindən bazardan qayıtdıqları aşkar görünürdü. Qadınlar Ömərə yaxınlaşanda ayaq saxladılar. Bir-birlərilə övladlarından, ailələrindən danışdıqdan sonra sağollaşıb ayrıldılar. Qadınlardan birisi getdikdən sonra o biri qadın əlindəki yükü yerə qoyub dayandı. Onun gəlib yükünü aparması üçün kimisə gözlədiyi aşkar hiss olunurdu. Ömər fürsətdən istifadə eləyib ona yaxınlaşdı.
– Teyzə, üzr istəyirəm, sizdən bir şey soruşa bilərəmmi?
Qadın, – Bəli, oğlum, soruş – dedi.
– Bu eyvanlı evdə gözəl bir qız yaşayır. Onun barəsində soruşmaq istəyirəm.
– Həəə, o qız? Bax, oğlum, sənə düzünü deyəcəyəm. Mənim də sən yaşda oğlanlarım var. İstəmərəm ki, onlardan hansı birisə dəli qız alsın. Birdən gözəlliyinə aldanıb ona vurularsan haaa… Bax, deyirəm, qız dəlidir! Başını bəlaya salma! Yarlı-yaraşıqlı oğlansan, dəli qız sənin nəyinə gərəkdir?!
– Yox, teyzə, mən onu heç tanımıram. Elə-belə soruşdum, elə-belə… Onun dəli olduğunu nədən bilirsiz?
– Bax, oğlum, səhər gün çıxmamış o, ya harasa gedir, ya da hardansa gəlir. Ağlı başında olan adam da belə şey eləyər?
Ömərin marağı bir az da artdı. Axı bu qızla şəxsən danışmış, söhbət eləmişdi. O xoş təsir bağışlayan, mədəni, ağıllı bir qız idi.
Ömər gözlənilməz, müəmmalı hisslərin əlində çaş-baş qalmışdı. O haqlı idi, yoxsa bu qızı dəli hesab eləyən kənd camaatı? Ona xəbərdarlıq edən qadının sözlərini bir daha xatırladı: “Birdən gözəlliyinə aldanıb ona vurularsan ha!” Ömər: “Vurulmaram, niyə vuruluram ki?!” – deyə düşündü. Bəs onda niyə o bu qız barəsində bu qədər çox fikirləşirdi? Niyə həmin qız ona belə sirli görünürdü?
***
Ömər qızın eyvanda palaz çırparkən çəkdiyi şəklini kompüterində böyüdərək baxır, onu anlamağa çalışırdı. O, Ərkamın kompüterə yaxınlaşdığını görüb soruşdu:
– Bu qız haqda təəssüratın necədir, onun haqda nə düşünürsən?
– Yalnız onu deyə bilərəm ki, çox gözəl qızdır.
– Bizim küçədə yaşayır. Taxta eyvanlı suvanmamış daş evi görmüsənmi? Bax, o evdə yaşayır.
– Dostum, sən aşiq olmusan!
– Yooox, nə aşiq canım?!
– Niyə də yox! O gözlərə kim sevdalanmaz?!
– Bilirsənmi, qonşular ona dəli deyirlər. Amma mən onunla danışmışam, o qız kifayət qədər ağıllıdır. Lakin nədənsə o, mənə də çox qəribə göründü. Bu qızda nə isə bir sirr var. Onu görmək, onunla bir daha danışmaq, bu sirri çözmək istəyirəm. O isə nəinki küçəyə, heç eyvana da çıxmır.
– Bura bax, dostum, gəlsənə evlərinə gedək!
– Nə danışırsan?! Gedib nə deyəcəyik?
– Eh, o qədər bəhanə tapmaq olar ki!
– Məsələn, nə?
– Məsələn, deyə bilərik ki, guya biz onların evlərini almaq istəyirik. Sonra bir şeyi bəhanə eləyib deyərik ki, daha alası olmadıq. Nəyimizə gərəkdir onların evləri?
– Doğrudan da, bəs deməzlər ki, nəyinizə gərəkdir?
– Deyərik k, alıb butik otel eləmək istəyirik. Necə fikirdir?
– Məncə ağlabatandır.
– Ağlabatan nədir?! Əladır, əla! Macəranı sevirəm!
***
Ev sahibi yaşlı bir adam idi. O qonaqları hörmətlə qarşılayıb əyləşməyə yer göstərdi. Ömər ilə Ərkam keçib oturdular. Evdə adam çox idi. Kişi: – Oğlanlarımdır, beş oğlum var – deyə gülümsədi. İki azyaşlı uşaq qaça-qaça gəlib ona sarıldılar. Yaşlı adam: – Bunlar da nəvələrimdir – dedi. O, uşaqları bir-bir əzizlədikdən sonra üzünü qonaqlara tutdu:
– Gəlişinizin məramını bilmək istəyərdim. Sizə nədə yardımçı ola bilərəm?
Ömər ehtiyatla: – Biz iş adamıyıq. Sizin kənddə turistlər üçün kiçik bir otel, bir də kiçik restoran açmaq istəyirik. Bunun üçün bir neçə yer gözaltı eləmişik. Bunlardan biri də sizin evinizdir. Düşündük ki, sizin evinizi satmaq fikrinizin olub olmadığını öyrənək – dedi.
Kişi ona diqqətlə qulaq asdıqdan sonra: – Hə, deməli evimizi almaq istəyirsiz – dedi.
Ömər ətrafa göz gəzdirib: – Bəli, bura elə biz istədiyimiz kimidir. Geniş dəhliz və çoxlu kiçik otaqlar… – dedi.
Çox çəkmədi ki, Ömərin görmək istədiyi qız əlində sini içəri girdi. O, qonaqlara qəhvə gətirmişdi. Qız: – Xoş gəlmisiz – deyib içində qəhvə fincanları olan sinini qonaqlara uzatdı.
Ömər arzusuna çatmışdı. Bəli, bu o idi. Ömər gözlərini qızın gözərinə zillədi. Qız qonağın ona diqqətlə baxdığını hiss edib baxışlarını qaldırıb ona baxdı. O dəqiqə onu tanıyıb özünü itirdi və nədənsə çox həyəcanlandı. Elə bu dəm otağın qapısı ağzında beli şal ilə, alnı qatlanmış baş yaylığı ilə sarınmış gənc qadın göründü. Qadın bir əlilə belini, bir əlilə başını tutmuşdu. O üz-gözü ilə qıza işarə eləyib dəhlizi göstərdi.
– Yeri!
Qız o dəqiqə dəhlizə çıxdı. Qadın ona təpindi:
– Uşaqlar burda nə gəzirlər? Onları niyə yatırtmamısan?
– Axı hələ yedizdirməmişəm…
– Nəyi gözləyirsən? Of, bu qız məni öldürəcək! Tez ol, uşaqları götür, gəl dalımca!
Qız danlandığını qonaqların eşitdiyinə görə pərt olmuşdu. O cəld geri qayıdaraq uşaqları götürdü və otaqdan çıxdı. Yaşlı kişi başını yelləyib qadının dalınca narazı halda baxdı.
– Gəlinimdir… Eh, bizim günümüz budur. Özü heç nə eləmir, elə hey tələb eləyir, əmr eləyir. Oğlum da onun tərəfini tutur deyə, üstünə getmək, bir söz demək olmur. Bütün işlər yazıq qızımın boynunda olmasına baxmayaraq həmişə, hər işdə günahkar da odur. Eh, nə isə… Deyirəm barı adam yanında özünü belə aparmasın. Qızımdan ötrü çox narahatam. Bu evdə onunla çox pis davranırlar. Axı o buna layiq deyil.
Ərkam kişiyə ürək-dirək vermək üçün: – Narahat olmayın, əmi, qızdır, İn şa Allah ərə gedər, yaxşı bir evə düşər hər şey düzələr – dedi. Qoca: – Eeeh, birini bilirsiz, birini yox. Axı onu kim alar kasıb kişinin qızıdır. Bir də axı… Heç bilmirəm necə deyim, axı kənddə onun adı dəli kimi çıxıb. Ona görə də elçi gələnlər ya gicə, ya da çolağa görə gəlirlər. Mən də qızımı bədbəxt eləmək istəmədiyim üçün vermirəm. Eeeh, nə isə… – deyə gileyləndi.
Ərkam özünü məsələdən xəbərsiz göstərib, guya təəccüblənirmiş kimi soruşdu:
– Bəs adı niyə elə çıxıb?
– Bilirsənmi oğlum, bir söz ki çıxır, camaatın ağzına düşür, sonra daha… Elin ağzı torba deyil ki yığasan!
– Bəlkə ev qızıdır, təhsil görmədiyi üçün avamdır. Kiminsə yanında bilməyib nəyisə səhv danışıb, ona görə adı belə çıxıb?
– Yox, oğlum, elə deyil. Mənim Ayişəm çox ağıllı, savadlı qızdır. O, İstanbulda lisey bitirib. Təhsilini Universitetdə davam elətdirmək istəyirdi. Lakin arzusu ürəyində qaldı.
– Niyə?
– O, təhsil aldığına görə lap kiçik yaşlarından bir qohumumun evində qalırdı. Tənha, yaşlı qadın idi. Qadın Allahın rəhmətinə qovuşduqdan sonra qardaşı uşaqları evini satdılar. Ayişəm də qayıtdı yanıma. Mən də daha yaşlanmışam, təhsil xərclərinə görə pul da düzəldə bilmirəm. İndi bütün işlər onun boynundadır, hamıya o baxır. O qədər işləyir ki, yorğunluqdan üzülür. Əgər bu evi satsam kiçik ev alaram, pulun qalığı ilə oğlanları evləndirərəm. Bəlkə Ayişəmin də işi azalar. Siz bir otaqları gəzin baxın. Evin arxa tərəfində həyətimiz var, ora da baxın. Doğrudur, həyət çökəkdir, yağış yağanda su ilə dolur. Alsanız buna bir çarə fikirləşməli olacaqsınız.
Yaşlı adamın dəvətilə onlar otaqlara baxmaq üçün yerlərindən qalxdılar. Ömər dəhlizdə Ayişə ilə rastlaşdı. Qız bir anlıq ona baxsa da sonra ona məhəl verməyib tələsik otaqlardan birinə keçdi. İçəridən qardaşlarından birinin səsi gəlirdi:
– Niyə belə gec gəldin? Bir az cəld ola bilməzdin? Gəl, gəl ayaqlarımı ovxala!
Bu vaxt o biri otaqdan digər qardaşının səsi eşidildi:
– Ayişə, harda qaldın?! Gəlib çıxsana, qız!
Ayişə özünü yenicə səsi gələn qardaşına yetirmək istəyirdi ki, gəlin hardansa çıxıb dəhlizdə peyda oldu. O əsəbi görünsə də qonağa görə yavaş danışmağa çalışdı:
– Sən hələ də burdasan? Bəs paltarları kim yuyacaq?
Ayişə niyə ləngidiyinin səbəbini izah etmək üçün əlilə indicə çıxdığı otağın qapısını göstərib özünə haqq qazandırmaq istədi. O, elə: – Mən… – demişdi ki, gəlin onun sözünu kəsdi:
– Sus, danışma! Uşaqlar yatıb! Paltarları niyə yumamısan?
– Mən…
– Sənə demədim sus?!
Gəlin qonağın ona mat-mat baxdığını görüb tərbiyəli qadın olduğunu göstərmək üçün onun üzünə məsum bir təbəssümlə gülümsədikdən sonra Ayişənin qolundan tutaraq çəkib apardı.
Ömər artıq qocanın nə dediyini eşitmirdi, onun fikri Ayişənin yanında qaldığına görə bütün diqqətini onların nə danışdığında cəmləşdirmişdi. Qızı qabağına salıb aparan gəlinin səsi hələ də gəlirdi:
– Səhər açılandan heç nə eləməmisən! Evləri yığışdırdın, xörəyi bişirib qabları yudun, deməli daha heç nə eləməyəcəksən?! Bəs paltarları kim yuyacaq?
– Axı mən…
– Demədim danışma?! Uşaqları oyadacaqsan!
Ömər otaqlara baxdıqdan sonra ağlına maraqlı fikir gəldi: “Deyəsən axı buranı doğurdan da kiçik otel eləmək olar!” Əvvəl bu sözü bəhanə xatirinə desələr də indi bu fikir ona daha real və maraqlı görünürdü.
***
Ömər əl telefonundakı zəngli saatı sübh tezdən zəng vursun deyə quraşdırmışdı. Lakin o, sübh açılmamış artıq öz sevimli məkanında, meşənin gözəlliyinə heyran olduğu həmin o mistik yerində idi. Onu bu dəfə buraya cəlb eləyən foto çəkməkdən daha çox keçən dəfə günün bu saatlarında baş vermiş hadisə idi. Bəlkə burada naməlum məxluq, bir meşə məxluqu yaşayırdı ki, onu ancaq Ömər tapmış, kəşf etmişdi?
Gün ərzində günəşdən qızmış hava səhərə yaxın sərinləşdiyi üçün şeh düşməyə başlamışdı. Ömərin tutmaq istədiyi an da elə günün bu vaxtı idi. Onun ehtimalına görə nə baş versə elə bu vaxt baş verəcək, gözlədiyi məxluq indicə görünəcəkdi. Ömər üzü gün çıxana dayandı. Artıq günəşin ilk şüaları göyün üzünü işıqlandırmağa başlamışdı. Buludların kənarları parıldadığından göyün üzü parça-parça görünürdü. Göyün üzü işıqlanmağa başlasa da sıx ağaclar işığın meşənin içərisinə düşməsinə imkan vermirdi.
Meşənin sükutunu sübh çağı oyanan quşların səsi pozurdu. Ömər dayanıb meşənin hənirtisini dinləməyə çalışdı. Quş cikkiltisindən başqa heç bir hənirti olmadığı üçün yad olan hər hansı səsi o dəqiqə ayırd etmək olardı. Bu an Ömər həmin səsi, o sirli pıçıltını bir daha eşitdi. Səs keçən dəfə olduğu kimi yenə də astadan nə isə deyirdi. Ömər yerindən tərpənmədi, dizlərini qatlayıb aşağı əyildi və diqqətlə qulaq asmağa başladı. Ara bir bəzi sözlər açıq-aydın eşidilir, bəzən də anlaşılmaz olurdu.
– Məni düşdüyüm bu zülmdən qurtar. Nə gücüm çatır, nə də səbrim… O Yusif peyğəmbəri ki quyudan, zindandan qurtardın… Məni də xilas elə… Mən də sənin qulunam…
Bu gənc qadın səsi idi. Əvvəlcə Ömər onun kiminləsə danışdığını zənn elədi. Lakin tezliklə dua elədiyini anladı. Qadın astadan davam elədi:
– Dualarım qəbul olunana qədər sənə dua eləyəcəyəm… Göz yaşlarımı sil… Üzümü güldür… Əsirlikdən qurtar…
Görəsən bu dərdli qadın kim idi? Onu kim incitmişdi, kim əsir götürmüşdü? Bəlkə həmin o kabus?! Ömərin ürəyindən dara düşmüş bu qadına kömək eləmək keçdi, bəlkə elə bu qadın meşədə yaşayır, bəlkə də İnceğiz mağaralarında? Bəlkə də onu burada məcburi saxlayırlar? Ömər ona yaxınlaşıb nə baş verdiyini, ona necə kömək edə biləcəyini soruşmaq istədi. Ayağa qalxıb səsin gəldiyini təxmin etdiyi tərəfə addımladı. O uzaqda deyildi, dizi üstə oturmuş, başına qara ilə boz rəngin qarışığında bir örtük salmışdı. Örtük qadının gözlərinin üstünə düşdüyündən yalnız burnu və çənəsi görünürdü. Bu onun gənc olduğunu anlamaq üçün yetərli idi. Ömər addımlarını yerə yavaşca basaraq ona yaxınlaşıb yanında oturmaq, onunla danışmaq, dərdini soruşmaq istəyirdi. Lakin nə qədər ehtiyatlı olsa da qadın ona kiminsə yaxınlaşdığını hiss edib diksindi. Ömər keçən dəfəki kimi qaçmasın deyə onun çiyinlərindən tutdu. Qadın çırpındığı üçün arxası üstə yerə yıxıldı. Ömər onu daha möhkəm tutmağa çalışaraq: – Sən kimsən? – deyib, başını tamamilə örtmüş örtüyü üzündən kənarlaşdırmaq istədi. Lakin alnından dəyən qəfil və güclü zərbə onu dayandırdı. O qadını buraxıb əlini alnına apardı. Əli torpaq qarışıq qana bulaşdı. Qadın quş kimi yerindən sıçrayıb qaçdı. O qadının hürkdüyü üçün onu daşla vurduğunu anladı. Bu kabus deyildi. Gerçək qadın idi. Ömər onun sısqa çiyinlərini hələ də ovuclarında hiss eləyirdi.
Ömər Ərkamı oyadıb narahat eləməmək üçün sakitcə içəri girdi. Qaşının üstündən axan qan yanağını da bulaşdırmışdı. O soyuq su ilə üz-gözünü yudu. İslatdığı yaş dəsmalı alnına qoyub arxası üstə divanda uzandı. Lakin Ərkam oyaq olduğundan onun gəldiyindən xəbər tutmuşdu. Ərkam ona yaxınlaşıb – Sənə nə olub, Ömər? – deyə soruşdu.
– Heç… Bir az əvvəl meşədə yıxılmışdım… Alnım daşa dəyib əzildi.
– Sən də yaralanmaq üçün münasib zaman tapdın ha… Axı biz bir-iki günə yığışıb geri qayıtmalıyıq?
– Sən qayıt… Mən ürəyimi burda qoyub heç yerə gedən deyiləm. Ayişəni özümlə İstanbula aparmayınca geri qayıtmayacağam.
– Əlbəttə, bu sənin şəxsi işindir, amma səni başa düşə bilmirəm… İstanbulda qızmı yoxdur? Orda o qədər gözəl qız var ikən…
– Qızların çoxu gözəl ola bilər, lakin hər qız onun qədər məsum ola bilməz. Mən ondakı məsumluğa məftun olmuşam!
– Bəs bu kənddə onun haqqında gəzən söz-söhbətlər necə, səni narahat eləmir?
Ömər gülüb: – Boş ver! Görəsən kim niyə görə çıxardıb o sözü?! Bəlkə kiminsə çirkin qızı var, qorxur ki, elçilər onun qızını yox, Ayişəni alarlar – dedi.
***
Ömər çox narahat idi. Ürəyi sıxılır, canını qoymağa yer tapa bilmirdi. Çünki onlar tezliklə İstanbula qayıtmalı idilər. Fikri Ayişənin yanında qaldığından daha fotoya olan həvəsi də onu əvvəlki qədər çəkmirdi. İmkan tapan kimi Ayişə gilin taxta eyvanlarının qarşısında dayanır, onun çıxmasını gözləyirdi.
Bu dəfə səhər-səhər hava çox dumanlı olduğundan göz-gözü görmürdü. Belə havada foto çəkmək də mümkün deyildi. O fikrini dağıtmaq üçün bir az gəzmək qərarına gəldi. Dumanlı havada hara gedəcəyini bilmədən gəzişərkən bir qız ilə üz-üzə gəldi. Elə bil göydən düz onun qarşısına düşmüşdü. Ömər onu o dəqiqə tanımasa da qız onu tanıdığından dayanıb diqqətlə üzünə baxmağa başladı. Bu Ayişə idi. Ömər ona: – Ayişəm! – deyə səsləndi. Qız gülümsəyib yavaşca:
– Mənim adım Ayişədir. Ayişəm deyil – dedi.
– Bəs atan səni niyə Ayişəm çağırır?
– Çünki mən onun Ayişəsiyəm.
– Olarmı mən də sənə Ayişəm deyim?
Ömər ətrafına baxdı. Heç kəs yox idi. Dumandan ətraf daha da görünməz olmuşdu. Lakin o Ayişənin getmədiyini, yaxında olduğunu hiss edirdi. Ömər yüksək səslə onunla danışmağa davam elədi:
– Mənim də Ayişəm ol! Səni burada, bu əziyyətin içində qoyub getməyəcəyəm, Ayişəm! Eşidirsənmi?! Ayişəm!!!
Lakin heç bir səs gəlmədi. Qız elə bil qeyb olmuş, quş olub göyə uçmuşdu.
***
– Salam-əleyküm, xoş gördük!
– Salam-əleyküm, xoş gəldiniz!
– Necəsiniz?
– Təşəkkür edirik! Siz necəsiz?
– Biz də yaxşıyıq, sağ olun! Biz Ayişəni oğlumuz Ömərə istəməyə gəlmişik.
– Eləmi? Çox gözəl! Amma bu çox ciddi məsələdir. Mən oğlanlarımı da çağırım bu söhbətdə hamı iştirak eləsin.
Yaşlı adam dəhlizə çıxıb ilk rastlaşdığı oğlundan evdə olan digər qardaşlarını da çağırmasını tapşırdı. Qardaşlar gəlib ədəb-ərkanla salamlaşdıqdan sonra əyləşdilər. Onlardan ən böyüyü üzünü elçilikdə özü də iştirak edən Ömərə tutub dedi:
– Deməli, Ayişəni istəməyə gəlmisiniz… Onu hardan tanıyırsan?
– Sizin evdə görmüşəm…
– Neçə dəfə görüşmüsünüz?
– Onunla bir dəfə təsadüfən küçədə görüşmüşdük.
Digər qardaş üzünü atasına tutub etirazını bildirdi:
– Baba, sənə çox deyirdik qızı İstanbula oxumağa göndərmə! Budur bax! Tərbiyəsi yaxşıca korlanıb! Küçədə oğlanla görüşüb!
O biri qardaş onun bu sözlərini təsdiqlədi:
– Hə, doğrudur. Dinləmədin bizi… Bax gör şəhər onu necə xarab eləyib! Küçədə oğlanla tanış olub!
Qardaşı: – Ayişə! – deyə hirslə qızı çağırdı. Ayişə tələsik yaylığını bağlaya-bağlaya gəldi.
– Keç otur!
Qız dinməzcə keçib oturdu. Üz-gözündən halsız və qızdırmalı olduğu hiss olunurdu. O biri qardaş: – Ayişə, bu oğlanı hardan tanıyırsan? Səni istəməyə gəlib! Qız, eşidirsənmi? Cavab versənə! – dedi.
Ayişə pis vəziyyətdə qalmışdı. O susur, tez-tez əlini alnına aparır, başını aşağı salırdı. Böyük qardaş üzünü Ömərə tutub qəzəblə əlini əlinə vurdu:
– Bəs sən nə cəsarətlə bizim bacımızla küçədə görüşmüsən? Sənə bu həddi kim verib? Sənin kimisini güllə qabağına qoymaq da azdır!
Bayaqdan sakit oturmuş digər qardaş dilləndi:
– Bir dayan! Sən nə danışırsan? Biz adam öldürənik? Pis oğlana oxşamır. Yaxşı başlıq versə qızı ona verərik.
Ömərin ata-anası deməyə söz tapmır, üzündən peşmançılıq yağan Ayişəyə və onun qardaşlarına baxırdılar.
Ömərin atası tərəddüd etmədən dedi:
– Biz Ayişə üçün istədiyiniz məbləğdə başlıq verməyə hazırıq!
Ayişənin atası bu söhbətdən sanki diksinərək ayıldı. O böyük oğluna təpinərək dedi:
– Sən kimsən ki, mən olan yerdə qərar verirsən?! Mən hələ ölməmişəm! Ayişəmi də satmaq üçün bazara çıxarmamışam!
Yaşlı adam üzünü Ömərin atasına tutaraq: – Siz arxayın olun, ortada heç bir başlıq söhbəti ola bilməz! Ayişəmin atası mənəm, mən sizə deyirəm, qız sizindir! Verdim getdi! – dedi.
***
Ayişə ağ gəlinlikdə mələyə oxşayırdı. Atası ona xeyir-dua verib alnından öpdü. Qız xeyir-duasını alıb yenicə evdən çıxmaq istəyirdi ki, yanında dayanmış qardaşı arvadı onun qolundan tutdu. Ayişə ona sarı döndü. Qadın gözlərini geniş açaraq ona baxırdı. Bir dəqiqə susduqdan sonra yavaşca dedi:
– Ayişə, sənə qarşı çox amansız və haqsız olmuşam!
– Bu nə sözdür? Niyə elə deyirsən?
– Sənin haqqında kənddə gəzən söz-söhbəti mən yayırdım. Qorxurdum ki, birdən ərə gedərsən, işlər tökülüb qalar üstümə…
Qadının “kənddə gəzən söz-söhbəti mən yayırdım” ifadəsi Öməri o qədər heyrətləndirdi ki, az qala yeni bir şey kəşf eləyibmiş kimi çığırıb hamını toplamaq istədi. Lakin qadının yaşla dolmuş gözləri Öməri saxladı.
– Ayişə, məni bağışla! Sizin evinizə gələndən mən yeyib yatır, sən isə qul kimi işləyirdin. Dediyim təhqirlərə, acı sözlərimə bir kəlmə də olsun cavab vermirdin. Boynumda haqqın böyükdür. Haqqını halal elə!
– Allah bağışlayandır, mən nəkarəyəm?! Allah bağışlasın! Haqqımı halal eləyirəm!
– Çox işlədiyinə görə gecələr yuxuda əl-ayağının ağrısından zarıyırdın. Mən bunu bir qıraqdan seyr eləyəndə sənə yazığım gəlirdi. Amma səhər açılan kimi yenə də səni işlədirdim.
– Halal eləyirəm!
– Həyət yağış suyu ilə dolanda qurşağa qədər soyuq suyun içinə girib suyu vedrələrə çölə boşaldırdın. Mən isə isti evdə… Mən…
Gəlin başını aşağı salmış, barmaqlarını bir-birinə keçirdərək sıxmışdı. Ayişə onun sinəsinə yapışdırdığı çənəsini ovuclarına alıb başını qaldırdı, gözlərinə baxıb gülümsədi:
– Halal eləyirəm!
Atası əlindəki quranı qaldırıb Ayişənin başının üstünə tutdu.
***
Onlar maşınla Çatalçadan uzaqlaşırdılar. Ayişə hər cürə söz-söhbəti, incikliyi geridə buraxıb yeni həyata başlayacaqdı. Ömərin gözəlliyinə vurulduğu, fotolar çəkməyə cəhd etdiyi, lakin kabusla rastlaşdığı həmin o vahiməli dağın yanından keçəndə Ayişənin dağa sarı həyəcanla boylandığını görüb dedi:
– Tək burda bəxtim gətirmədi, işim uğurlu alınmadı. Çox gözəl
yerdir, lakin təəssüf…
Maşın yaxınlaşdıqca qızın səbirsizləndiyi hiss olunurdu. Onlar dağın lap yaxınlığından keçəndə qız gözlənilmədən sürücüyə: – Qardaş, lütfən maşını saxlayarsanmı? – dedi. Sürücü: – Baş üstə! – deyib maşını saxladı. Ayişə Ömərə: – Bir az gözlə, tez qayıdacağam – deyib tələsik maşından düşdü. Ömər onun ardınca: – Hara gedirsən? Məni də gözlə! – demək istəyirdi ki, qız gəlinliyinin ətəklərini əllərinə yığıb ondan çıxmayan cəldliklə maşından uzaqlaşdı. Budaqlardan tuta-tuta üzü yuxarı irəliləməyə başladı. Ömər: “Ayişə bu vahiməli dağda qorxar, yarı kabus, yarı gerçək qadınla rastlaşar” – deyə düşündü və tələsik maşından düşərək onun ardınca getdi.
Ömərin ardınca gəldiyindən xəbərsiz olan Ayişə inadla irəliləyirdi. Birdən dizlərini qatlayıb yerə çökdü və əllərini irəli uzatdı. Qəfil sakitləşib dua eləməyə başladı:
– Allahım, məni zindandan qurtardığın üçün sənə təşəkkür eləməyə gəldim! Xilas elədin, hələ üstəlik ürəyimdən kədəri götürüb yerinə gözəl bir hiss qoydun! Eşq! Onu elə sevirəm ki! Gözlərinə ilk baxdığımda ona aşıq oldum! Nənəm deyirdi ki, sübh vaxtı dağın başında dua eləsən duaların qəbul olunar. Axır ki duamı eşitdin! Sənə minnətdaram, Allahım!”
Ömər diqqətlə səs çıxartmadan, nəfəsini içinə çəkib qulaq asırdı. Bu həmin səs idi! Həmin kabus qadının səsi! Necə olub ki, bu vaxta qədər bunun fərqində olmayıb? Deməli, dua eləyən eyni adamdır! Yəni doğrudan da burada rastlaşdığı həmin vahiməli qadın elə Ayişə imiş?!
Ömər onu hürkütməmək üçün sakitcə yaxınlaşdı. Ayişə onun gəldiyini bilmədiyi üçün diksinib qəfil yerindən sıçradı. Qorxub qaçmaq istədi. Ömər onu tutaraq: – Ayişəm, qorxma mənəm! – dedi.
Ayişə Ömərin onun sözlərini eşitdiyi üçün narahat olmuşdu, nə edəcəyini bilmirdi. Ömər onu bərk-bərk qucaqlayıb dedi:
– Mən hər şeyi eşitdim. Bu gözəl sözlərin üçün sənə təşəkkür edirəm!
Ayişə başını onun sinəsinə söykəyib sakitləşdi. Maşında yol boyu başını Ömərin çiyninə qoyub onun danışdığı sözlərin heç birinə cavab vermədən susdu. Ömər isə hey danışır, planları ilə onu tanış eləyir, kefini açmağa çalışırdı:
– Evinizi atandan aldım. Pulunu da artıq verdim ki, qardaşlarının şəraitini istədiyi kimi düzəldə bilsin. Oranı butik otel eləyəcəyəm. Sənin otelin olacaq. Sonra gəlirinə daha birini alarıq. Gələcəkdə sənin bir neçə otelin olar. İş qadını olarsan. İstanbulda təhsilini də davam etdirərsən. Sən ağıllı və çalışqansan. Bacararsan! İndiyə kimi sənə dəli deyən həmkəndlilərin sən ora gedəndə ayağının tozuna da həsrət çəkəcəklər!
Ayişə yanaqlarından yaşı sılıb gülümsədi:
– Əlbəttə, axı mən sənin Ayişənəm!