QARABAĞDADIR
Çılğın fırtına var ürəyimizdə,
Qəzəbdən gərilmiş əsəblər yanır.
Təmkinli görünə bilsək də üzdə,
Ruhumuz alışıb qasırğalanır.
İnamla köksünü qabardıb vətən,
Ədalət kiçilir, haqq təpiklənir.
Sanki qiyamətin sur düdüyündən
Bizə faciəli xəbərlər gəlir.
Seli şahə qalxır bir təlatümün
Cabbarın, Səidin, Xanın səsindən.
Qəzəbli bir haray ucalır bu gün
Dünyaya Vaqifin məqbərəsindən.
Qarabağ eşqimdir, kökü dərində,
Danışan kamanım, tarım, neyimdir.
O, mənim dağların zirvələrində
Dayanmış sənətkar korifeyimdir.
Dövlət himnimizin sədalarında,
Qıy vuran nəfəslər Qarabağdadır.
Coşqun şeirimizin nidalarında
Müdrik, odlu səslər Qarabağdadır.
Təbrizdən Bakıya durna qatarı,
Fikrin dağ ləngəri, sözün tutarı.
Misri qılıncların parıltıları,
Qılınc vuran kəslər Qarabağdadır.
Gülüşü dağ seli, eşqi şəlalə,
Kövrək şikəstəni qaldırıb zilə,
Hər kəndin bir ordu, evi qafilə,
Ən coşqun həvəslər Qarabağdadır.
Məğrur babaların dağ yaddaşları,
Nakam nənələrin məzar daşları.
Mələk gözəllərin gül baxışları,
Ruhu müqəddəslər Qarabağdadır.
Baxır zirvələrdən sabaha sarı,
Şimşəklə daranır dağların qarı.
Hər oğlu, hər qızı alov yonqarı,
Ən atəşpərəstlər Qarabağdadır.
Bu gün Odlar yurdu coşqun bir dəniz,
Haqqın kürsüsündən danışırıq biz.
Bütün tariximdə ən ibrətamiz,
Ən möhtəşəm dərslər Qarabağdadır.
1988.
AĞRI DAĞI
Taleyimiz, tariximiz yanaşı,
Qoşa dağlar vüqarında dayanmış.
Nənələrin, babaların yaddaşı
Güzgüsündə şölələnib daranmış.
Dədə Qorqud boylarının özülü,
Yunis İmrə şeri kimi düzülü.
Zirvələri butalanmış dağ gülü,
Sevgimizin alovunda boyanmış.
Çıxıb göyün qübbəsindən bax bəri,
O Atatürk qeyrətinin ləngəri.
Milyon-milyon mərd igidin səngəri,
Neçə-neçə döyüşlərdə sınanmış.
Dövrəsindən üfüqlərin əngini,
Pıçıldayır “Heyratı”nı, “Cəngi”ni.
Eşqimizlə cilasını, rəngini,
Sehirləyib bu qüdrətə inanmış.
Nağıllaşıb cığırları, yolları,
Daşlarında neçə Qırat nalları.
Elə bil ki, heykəlləşən salları,
Şəhidlərin qəzəbindən oyanmış.
Göz dikməsin qamətinə hər yetən,
O vətəndir, əcdadıma bir vətən.
Sürünsə də dövrəsində duman, çən,
Od ürəkli bir xalq üçün yaranmış.
KÜL OLMAZ
Bu yerin torpağı, daşı alovdur,
Yandıqca alışar, odu kül olmaz.
Qüruru tufandır, düşüncəsi nur,
Namərdə əyilməz, yada dil olmaz.
Olsun inamın pak, məramın qəti,
Qılınc tək ofxarla yada nifrəti.
Qeyrəti göylərdən uca milləti,
Çarmıxa çəksələr, yenə qul olmaz.
Mizan, tərəzidir hər təmiz ürək,
Arzusu şəfəqli, sevdası rəng-rəng.
Zəhmət çəkməyənə haramdır çörək,
Kişiyə rüşvətdən, paydan pul olmaz.
Dağların yeddi qat zirehli çadır,
Vətən sevgilidir, vətən anadır.
Dənizi əbədi bir fırtınadır,
Onun sinəsindən yada yol olmaz.
Allahı sevirsən, haqqı sevirsən,
Dayan ləyaqətin keşiyində sən.
Milçəyi şişirdib filə çevirsən,
Fillə üzləşəndə ondan fil olmaz.
Hər baxış bir sual, hə gülüş nida,
Qardaşam desə də inanma yada.
Qanqala yüz calaq vuran olsa da,
Rəngi başqalaşar, özü gül olmaz.
Hər çayın öz adı, öz məcrası var,
Qəfil ildırımlar bir anlıq olar.
Bulanıq görünər ötərgi sular,
Durna bulaqların suyu lil olmaz.
1990.
VƏTƏN
Doğma beşiyimiz, eşqimiz vətən,
Vətən ən möhtəşəm odlu sevgidir.
Vətən torpağından ayrılıb gedən
Bəlkə də dünyanı tərk edib gedir.
Ana laylasından, ana dilindən,
Ana vüqarından güc almışıq biz.
Bu qüdrət, bu qürur Çənlibelindən,
Şöhrət zirvəsinə ucalmışıq biz.
Bütün tariximiz şanlı bir sınaq,
Tale günəşimiz vətəndir, vətən.
Bizim məsləkimiz yaranıb ancaq
Ana sevgisindən, ana südündən.
Yaranıb düşmüşük cazibəsinə,
Vətən əbədiyyət, nur heykəlidir.
İllər ötüşdükcə, bu torpaq bizə
Daha cazibəli görünməlidir.
Tükənməz bir eşqin alovu canda,
Hələ çox sözüm var, ömür yarıdır.
Bu gün Naxçıvan da, Mil də, Muğan da
Mənim ilhamımın qanadlarıdır.
Abşeron vüqarım, Bakı varımdır,
Hər işim canlı bir əsərdir mənim.
Kür, Araz ürəkdə qan damarımdır,
İlhamım qabaran Xəzərdir mənim.
Ürəkdə vətənin eşqi yanar dağ,
Zirvəyə qaldırar bu vüqar bizi.
Bu eşqi ömürdən uca tutmasaq.
Nəsimi, Füzuli qınayar bizi.
Köksümü riqqətlə qaldıran qürur,
Qoşqarın, Kəpəzin zirvəsindədir.
Naxçıvan bağrımın başında durur,
Göy göl gözlərimin giləsindədir.
Qəlbimiz bu eşqin oduna yansın,
Yanmayan şairin sözü saxtadır.
Sevgimiz dəniztək qasırğalansın,
Qəlbimiz, canımız bu torpaqdadır.
DÜNYA
Məmməd Araz üçün
Planetlər düzümündə tutanda qərar,
Tək özünə uzun ömür dilədi dünya.
Nə əbədi hökmüdarı, nə varisi var,
O zamandan belə sonsuz lələdi dünya.
Tufanlarda neçə kərə girova döndü,
Ürəyinə ox tuşlanan bir ova döndü.
Küt başların inadında alova döndü,
Yana-yana haray çəkib mələdi dünya.
Bir tərəfi işıqdadır, bir üzü çəndə,
Xəbərsizdir nəsil-nəsil insan keçəndə.
Müəmmalar buludunda, duman içində,
Azıb qalmış bir zavallı kölədi dünya.
Bir cazibə kəndirində çəkilib dara,
Ona uyan gərək yana, ya da yandıra.
Doğulanda kimisini cırım-cındıra,
Kimisini zər-zibaya bələdi dünya.
Bir evində sona qədər yanmaz çıraqlar,
Bir ürəkdir, ürəksizlər nəbzini yoxlar.
Bir aləmdir, yüz aləmin sirrini saxlar,
Bir günəşin şöləsində gilədi dünya.
Bağışlamaz, namərd kimi barını dərsən,
Qaytaracaq səxavətlə ona nə versən.
Hər kim olsan, baş aparma, bir gün görərsən
Səni ovub xəlbirindən ələdi dünya.
Vardır böyük dəyanət də, təmkin də onda,
Hövsələsi dözümündə, qılıncı qında.
Hər namərdin cənnətini göz qırpımında,
Baxarsan ki, bir cəhənnəm elədi dünya.
Gecələri gündüzlərə hədə-qorxudur,
Həqiqətə təşnələrin susuz arxıdır.
Hey fırlanan, hey fırladan tale çarxıdır,
Razi, inan, ya inanma, belədi dünya.
1981