gunelxanim-225x300

Yuxudan ayılanda otağdakı hər şey Murada qəribə gəldi. Köhnə, lakin olduqca səliqə-səhmanlı ev onların deyildi. Başı yaman ağrıyırdı. Gözləri yuxudan açılmırdı. Evin pəncəri açıq idi. Gözəl yaz havası insana ləzzət verirdi. Sacda bişmiş lavaşın qoxusunu duyanda hər şey Muradın yadına düşdü. Dünən gecə qohumlarının toyunda iş yoldaşlarının sözünü yerə sala bilməmiş, xeyli araq içmişdi. Buna vərdiş etmədiyindən başı gicəllənmiş, ürəyi bulanmış və özünü şadlıq evinin həyətinə güclə atmışdı. Sonra toyu yarımçıq tərk edərək taksiylə kənddə yaşayan Tamaşa nənəsinin yanına gəlmişdi. Fikirləşmişdi ki, bir gün kəndə qalar, ertəsi gün yenidən Bakıya evlərinə qayıdar. Neçə aydır görmədiyi nəvəsinin gəlişi nənəni yaman sevindirmişdi. Dayısı ilə necə görüşdüyü yadına düşmürdü. Tamaşa nənə əziz balasını duz kimi yalamış və yatması üçün yer hazırlamışdı.

Murad ayağa qalxaraq həyətə düşdü. Nənəsi dördayağın üstündə xəmir yayırdı. Yanağları həmişəki kimi qıp-qırmızı qızarmışdı. Başına örtdüyü yaylıq ona xüsusi gözəllik verirdi. Zəhmətdən, çətinliklərdən qabar olmuş əlləri dayanmadan lavaş açırdı. Nurlu üzünə, əllərinə səpələnmiş un nənəsinə xüsusi gözəllik verirdi. Murad əl-üzünü yuduqdan sonra süfrəyə oturdu. Kərə yağını, motal pendirini lavaşın arasına yaxıb bürmələyib yedi. Nənəsinin süzdüyü samovar çayından ləzzətlə içdi. Nənə bala dərtləşməyə başladılar. Qonşu Sədəf xala darvazanı açaraq nənəsini səsləməsəydi söhbətləri hələ davam edəcəkdi. Tamaşa nənə darvazanın yanına gedib Sədəf xalayla söhbət etməyə başladı. Sədəf xala nənəsinə nəsə söyləyib getdi. Deyəsən yaxşı xəbər deyildi. Nənə kədərli və doluxsunmuş halda nəvəsinə yaxınlaşıb pıçıldadı: “Sədəf deyir ki, Nübar rəhmətə gedib. Elə yaxşı qadın idi ki… Yetimçilik günlərimin sirdaşı olub Nübar. Baban öləndən sonra altı övladımı –xalalarını, dayılarını min bir əziyyətlə böyütmüşəm. Nübarla birgə şirniyyat sexində işləmişəm. Hər zaman bir-birimizə əl tutmuşuk. Yazıq bircə dəfə də olsun xəstəlikdən şikayət etməmişdi. Onun ölümü mənim üçün böyük itkidir. Bir azdan Sədəflə birlikdə onların evinə hüzürə gedəcəyəm”-deyib gözlərindən axan yaş damcılarını sildi. Murad nənəsini heç zaman belə kədərli görməmişdi. Yarım saat keçdikdən sonra Tamaşa nənə Muradı evdə qoyub qara kəlağayısını başına örtüb evdən çıxdı. Murad televizorun qarşısına keçib mahnılara qulaq asmağa başladı. Dayısı işdə olduğundan ev ona darıxdırıcı gəldi. Şəhər uşağı olduğundan kənd mühütü onu sıxırdı. Əlacsızlıqdan həyətdə gəzməyə başladı. Toyuq-quşun, hünduşqanın səsi bir-birinə qarışmışdı. Heyvanların salındığı tövləyə yaxınlaşdı. Burada yenicə doğulmuş iki buzov vardı. İkisi də gözəl və sevimli idi. Murad bir xeyli onlara tamaşa edib evə qayıdanda nənəsinin gəldiyini gördü. Bayaq hüzürə gözüyaşlı yola saldığı nənəsi az qala əl-qol qaldırıb oynayacaqdı.O, “əstəfurullah” deyib, öz-özünə düşündü: “Yəqin Nübarın ölümü ona pis təsir edib, nənəsinə nəsə olub. Yoxsa ən yaxın adamının hüzürünə gedən adam niyə gülə-gülə qayıtsın. Ürəyində nənəsinə yazığı gəldi. Tamaşa nənə Muradın yanına çatanda nəsə demək istədi, amma sözünü gətirə bilməyib qəh-qəhə çəkib gülməyə başladı. “Nə olub, ay nənə”- desə də Muradı dərd götürmüşdü. Tamaşa nənə gülməyinə ara verib, özünü ələ aldıqdan sonra hüzürdə başına gələnləri nəvəsinə nağıl elədi.

“Qonşu qadınlarla hüzür düşən yerə çatanda çadır görmədik, dedik ki yəqin hüzüri məsciddə verəcəklər. Qapını döyəndə isə az qaldı gördüklərimizin qarşısında ürəyimiz partlaya. Qapını onun oğlu, qızı deyil, Nübar özü açdı. Əvvəlcə sandıq ki, bizi qara basır, sonra onun həqiqətən Nübar olduğuna əmin olduq. Rəhmətə gedən kəndin yuxarı başında yaşayan Nübar olub. Bizim ölü hesab edib, ailəsinə başsağlığı verməyə getdiyimiz Nübar isə sağ imiş”.

11.11.2015