ea
Mən inanmıram ki, Azərbaycanda dahi dramaturq Cəfər Cabbarlını tanımayan olsun. Ömrü qısa olmasına baxmayaraq, mərhum şairimiz incəsənətin bir çox sahəsində özünü sınamış və ölkəmizə öz töhfəsini bəxş etmişdir. O, nəinki şair, nasir, tərcüməçi, kinossenarist eləcə də kinosünas və teatrşünas idi. Cəfər Cabbarlı yaradıcılığı Azərbaycan kino və teatr sahəsinə misilsiz xidmət etmişdir. O, yaşadığı zaman çərçivəsində gördüklərini keçmiş və gələcək əhatəsinə salaraq real əsərlər yaratmışdır. Çox yaxşı bilirik ki, Cabbarlı realizm banisidir. Bu səbəbdən onun əsərləri hər zamana uyğun olmasına baxmayaraq, bu gün və əminəm ki, gələcək hər ildə öz aktuallığını qoruyacaqdır. Çünki daima xeyir şərlə mübarizə aparır. Nahaq çox zaman haqqı əzir. Arzular bəzən həyata keçməyərək xəyallarda yaşanır. Məhz bu səbəbdən “Aydın”, “Od gəlini”, “Aygün”, “Oqtay Eloğlu” və s. əsərlərə müraciət edərək səbrlə həyatımızı davam etməliyik. Cabbarlı əsərləri içərisində “Oqtay Eloğlu” əsəri xüsusi yer tutur. Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərini yazmasında məqsəd Azərbaycanda milli teatr yaratmaq arzusu idi. O, Oqtay obrazıyla öz arzularını həyata keçirmək istəyirdi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək istəyir. Milli teatr yaratmaq üçün çalışır. Səhnəni bütün varlığı ilə sevir. Səhnədəki əsərləri tamaşaçıya canlı çatdırmaq üçün əməyini əsirgəmir. Başqa ölkələrdə teatrın inkişafı, yüksəlişini öz ölkəsindəki səhnəsində görmək istəyir. Səhnədə yad ölkələrdə olan qadınlar deyil vətən qızlarının da çalışmasını istəyir. Məhz bu səbəbdən Oqtay Tamaraya: – Bir qız yaratmaq üçün xalqın bütün ruhunu hissiyatını, tarixi adət və ənənəni görünməz incəliklərinə qədər bilməli, onun dərinliklərindən onun mühitindən çıxmalı, bəlkə bir azərbaycanlı olmalıdır. – dedikdə bu sözlərdə ürək yanğısı hiss olunur. Teatr səhnəsində aktyor və aktrisa səhnəni elə canlandırmalıdır ki, tamaşaçı komediyada içdən gülməli, traqediyada ürəkdən ağlamalıdır. Oqtay məhz dahi gözündə belə aktyor idi. Oqtay əsərdə yarandığı gündən bu günə kimi və hətta gələcək illərdə belə səhnə insanları üçün qəhrəman örnək olmalıdır. Bu gün texnikanın sürətli inkişafı sahəsində insanların teatra marağı azalmaqdadır. Bəzən isə teatra getdikdə aktyor obrazı bizi qane etmir. Əsərdəki qəhrəman səhnədəki obrazı tamamlamır. Sanki bu günki səhnəni görərək dramaturq Oqtayın dilindən Muğana səslənir: – Qara qaşlar, qara gözlər, al dodaqlar qızarmış yanaqlar, görmüsüzmü nə qədər gözəllik görünür. Fəqət o göründüyü kimi deyildir. Təbiət baqqalar kimi bizi aldadır. Sən onu olduğu kimi görmək istəmirsən. Bilirik ki, Azərbaycan şairlər, yazarlar yurdudur. Ədəbiyyatımız zəngindir. Lakin bəzən əsər kino və teatrda canlanmaq üçün elə bir insan əlinə düşür ki. Əsər öz dahiliyni itirir. Bu zaman Oqtay Eloğlu əsərində Tabarasanski kimi kefli rejissorlar İlyas Həsən kimi qumarbazlar yada düşür. Oqtay aktyor obrazıyla bərabər ürək yanğısıyla onların işini belə öz öhdəsinə götürmək istəyir. Oqtay: -Yaşamaq istəyirik yaratmalıyıq. İyirminci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilərsə bilsin. Mən bilmirəm.Yaşadığımız mübariz meydanlarının müxtəlif qazmaları var – deyərək səslənir. Əsərdə təkcə teatrı səhnəni yaşatmaq deyil, eyni zamanda bir sənətin vurğunu olan sənətkarı yaşatmaq amalı da vardır. Firəngiz Oqtayı bir sevgili kimi yox, bir sənətkar kimi yaşatmaq istəyirdi. Adətən incəsənət sahəsində bəzi insanları şöhrətə yüksəlmə, ulduz olmaq arzusu məhv edir. Mən deyərdim ki, Oqtay Eloğlu əsərində bu amac yoxdur. Bəs Oqtayın məhv olmasına səbəb nədir? Oqtayın saf, təmiz sənətinə, sevdiyinə olan sevgisi. Həqiqətin boğulmsı. Arzuların həyata keçməməsi. Yalanı həqiqət kimi qəbul etməyə məcbur olması. Bu səbəbdən o səhnə sonunda əli qanlı hayqırır: – Mən dünyada ədalət divanı adına bir şey tanımıram.Hamısı yalandır. Yalan deyir Şiller. Mən yenə ancaq bu zavallı xalqı tanıyır. Ona müraciət edirəm. Ona təslim oluram. Kimdir müqəssir? Yaşadaraq öldürən. Öldürərək yaşadan. Sevərək parçalayan parçalayaraq sevən. Əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Laki Cabbarlı əsərdə öz qəhrəmanını məğlub etsə də, real həyat üçün qalib etdi, yaşatdı Oqtayı. Onun milli dəyərlərimizə verdiyi dəyərli arzular həyata keçdi. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında teatr ocaqlarımız var. Oqtay obrazı nəinki Azərbaycan səhnəsində xarici ölkələrdə belə sevilərək tamaşaçı sevgisini qazanır. Oqtayı hər an öz simasında yaşadan aktyorlarımız var. Nə qədər Azərbaycan səhnəsi yaşayır Oqtay və onun arzuları yaşayacaq.