İnsanı gözəlləşdirən onun davranışı, onun əməlləridir. Həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların o qədər böyük əhəmiyyəti var ki. Kitab işıqdır, həyat yolumuzu aydınlığa çıxarar. Bizə doğru yolu göstərər.
İnsan nə qədər çox mütaliə edərsə düşüncəsi bir o qədər artar. Elm tükənməz xəzinədir. Oxuduqca bitməz. Hər dəfə kitab oxuduqdan sonra hələ oxumalı olduğumuz çox kitabların olduğunu düşünərik.
Fikrimcə, istirahətin ən səmərəlisi zamanını, vaxtını elmə sərf edərək keçirdiyin zamankı istirahətindir.
Oxuduğum romanlardan biri kimi Cek Londonun ’’Martin İden’’ romanının qəhrəmanı Martin İdenin özünü təsdiq etmək üçün zəhmətə qatlaşması, çətinliklərə sinə gərərək hədəfinə, məqsədinə doğru irəliləməsi və gec də olsa öz arzusuna çatması bu əsəri mənim üçün unudulmaz edib. Bu roman düşüncələrimə təsir edib və nə vaxtsa çətinliyə düşsəm Martin İden obrazını, onun həyatdakı çətinliklərlə mübarizəsini xatırlayır və mən də həyata təslim olmamağı seçirəm.
Deməli, kitablar bizə həyat bəxş edir. Uğur qazanmaq üçün stimul verir.
Cəmiyyətin maariflənməsi, savadlanması yolunda atılan birinci mərhələ kitabdan, elmdən başlanmalıdır. Kitab oxumağın təbliğatı olduqca mühüm əhəmiyyət kəsb edir.
Kitablar bizə tariximizi, ədəbiyyatımızı, qəhrəmanlarımızı, igidlərimizi öyrədir .
Mirzə Ələkbər Sabirin, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin və digər şair və yazıçılarımızın bu gün də aktual olan tənqidi məzmunlu, satirik əsərləri bizə cəmiyyətimizdə hələ də elmsiz insanların olduğundan xəbər verir.
Mən, sən, o, biz, siz, onlar-hər birimiz kitabları sevdirməli və bununla da düşüncələrə, fikirlərə müsbət təsir etməyi bacarmalıyıq.
Unutmayaq, uğura, zirvəyə gedən yolun astanasında elm dayanıb. Elmdə həyat var.
İntellektual səviyyəmizi artırmaqla, cəmiyyətdə mühüm mövqeyə sahib ola bilərik. Kitab oxumağı sevmək ən böyük xoşbəxtlikdir.
Axı təhsilli insanlara vətənimizin, xalqımızın ehtiyacı var. Odur ki , daima oxuyaq, mütaliə edək.
Qaranlıqdan işığa yalnız elmin sayəsində çıxa bilərik.
Sonda elm haqqında deyilmiş ən gözəl fikirlərdən birini sizinlə bölüşmək istərdim:
“Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər“ (Frensis Bekon ).