sv

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Elə narahat haldayam… Bilirəm ey, bilirəm ki, “narahatlığım-bu həyatda olan varlığımdır”. Yenə də hərdən istəyirəm ki, bütün dünyaya göz yumub, qulaqlarımı bağlayıb rahatca köks ötürüm… Qaçım… Qaça bildiyim qədər… Çatım xoşbəxtliyin sonuncu taksisinə…
Kim deyir ki, ayrılıq qatarla gəlib-gedir, yalançıdır. Böyük bir yalançıdır. Ayrılıq o qədər dəhşət saçan və vəhşətlər yaradan əlahəzrətdir ki, bir göz qırpımında peyda olur, aldığını alır və yox olur. Bu sürət nə qatarda, nə avtobusda yoxdur. Odur ki, məntiqlə, ayrılıq ancaq taksiylə gəlib-gedir. “Məntiq” mənə bu qədər doğma ola bilir ancaq…
Belə çox danışmağımın səbəbi bir oxucudan eşitdiyim söz idi, əslində…
O, demişdi:
-Sənin şeirlərin elə bil kədərin ən dərinliyindədi. Amma elə orada dayanaraq haradasa adamı gülümsədir də… Niyə?
Saatlarla özüm də özümə demişdim:
-Niyə?

Karikatura düşünmək şündür, gülmək üçün yox

Bunun cavabını axtarmaq üçün getmişdim Niyazi Əhmədzadənin yanına. Axı, Niyazi müəllim Gəncədə tanıdığım istedadlı karikaturaçı rəssam idi…
-Niyazi müəllim, karikatura adamı öncə güldürür, sonra ağladır…
-İndi bu sualdı, yoxsa?
-Nə bilim… Dedim, görüm, düzmü fikirləşirəm?
-Əlbəttə, qızım… Belə düşündüyünə təəccüb etmirəm. Rəssamlıqdan nəsə bilirsən, demək ki…
-Hə, bilirəm. Bir xeyli çəkdiklərim də var. Çəkib saxladığım da, çəkib sonra atdığım da… İndi düşünürəm ki, necə olub mən Niyazi müəllimin qarşısında utanmadan rəsm çəkdiyimi demişəm?!
Emalatxanadakı səssizlikdən istifadə edib danışmağa başlayıram… Deyəsən, elə bu emalatxanaya ürəyi dolu gəlmişəm…
-Niyazi müəllim, Böyük Ensiklopediyada dünyanın ən məhşur karikaturaçı rəssamları arasında sizin adınızı görəndə az qala özümlə fəxr etdim ki, mən siz tanıyıram.
Qəribə bir səmimi gülüş yaraşır çöhrəsində bu incəsənət adamının. Səbəbini də sonradan anlayıram. Onu tanıdığım üçün özümlə fəxr edirdim… Özümlə… Utana da bilmirəm. Axı, Niyazi müəllim haradan bilsin ki, məni bura hansı hisslər gətirib?
-Niyazi müəllim, oxuduğuma görə 1955-ci ildə Gəncədə anadan olmusunuz. Bəs, rəssamlığa nə vaxt başlamısınız?
-1964-cü ildə küçəmizə təzə asfalt çəkmişdilər. Bir gün əlimə təbaşir alıb başladım o asfaltın üstündə tarixi qəhrəmanların şəklini çəkməyə. Xeyli çəkdim. Ağlıma kimin adı gəlirdisə çəkirdim. Bir də gördüm qonşumuzda yaşayan orta yaşlı kişi mənə baxır. Yaxınlaşıb dedi ki, bala, belə istedadın varsa, get rəssamlıq məktəbinə. Beləliklə də getdim rəssamlıq məktəbinə.
-Ozan küçəsinə…
Hisslərimin əlindəcə əlacsız qalmışdım. Yoxsa, belə kəmhövsələlik edib Niyazi Əhmədzadənin sözünü kəsərdimmi?! Yenə gülümsəyir… Bu dəfə utanıram…
-Beləcə, oxudum. Rəssamlıq məktəbində ilk müəllimim Telman Cəfərov oldu. Orada Böyükbəy Əlyarbəylini də tanıdım. Fazil Əliyevdən də, Toğrul Nərimanbəyovdan da öyrəndiyim çox şey olub.
-İlk rəsm əsərləriniz elə karikaturalar olub?
-Heç elə olarmı? Rəssamlıq elə bir dəqiq sənətdir ki, gərək ən əvvəl həndəsəni biləsən.

Tabloları ilə düşündüən Gəncəli rəssam

Təbiət özü müəyyən dəqiq ölçülərlə mövcuddur. Bu mövcudluğu pozmaq bizim həddimiz deyil. Odur ki, rəssamlıq ən əvvəl dəqiq ölçülərdən başlayır. İlk rəsm əsərlərim peyzaj, natürmort, hətta, portret də olub.
-Bəs, karikatura çəkməyə nə vaxt başladınız?
-Əslində, ilk vaxtlardan arada karikatura da çəkirdim. Sənət adamının rahatlığı o zaman tam olur ki, o beynini, ürəyini çuğlayan narahat duyğularını istədiyi kimi gün üzünə çıxartsın. Ona görə də düşüncələrimi olduğu kimi yalnız karikaturada verə bilirəm. Yəni, bir karikaturadan sonra elə bilirəm ki, daha bu mövzuda sözüm bitdi. 1980-1986-cı illərdə “Kirpi” dərgisində işlədiyim vaxtlarda da sənət narahatlığımı lazımi qədər ifadə edə bilirdim, fikrimcə…
-Yenə anlamadığım nə isə qaldı…
-Niyə, qızım? Anlamaq çətin gəlməsin, gərək. Karikaturaya ağlamaq, onu tam olaraq anlamağın özüdür. Karikaturaya hamı baxıb və sonar da gülərək ötüb keçir. Mövzunun mahiyyətini anlayanlar isə günlərlə təlatümlü hisslərlə mübarizə aparır, ağlayır. Karikatura sənətinin böyüklüyü gülərək ağlatmaqdı… Kədərə gülə bilməkdi… Kədərin nə olduğunu bilə-bilə onunla mübarizə aparmaqdı gülümsünərək…
Bərbad bir hiss bürüyür məni… Bəs, mənim şeirlərim?! Tez də özümü toparlayıram…
-İndi o qədər rəsm kursları, rəssam emalatxanaları var ki…
-Əlbəttə, olacaq. Təsəvvür elə ki, elə bir dövr var idi ki, o zaman yüzdən çox rəssam vardı, amma, Leonardo Da Vinçi tarixdə qaldı. Çünki, onda yenilik və əsl sənət vardı. Başqa bir dövrdə, Salvador Dali qaldı tarixin yaddaşında öz silinməzliyi ilə. Guya onların dövründə belə kurslar, belə emalatxanalar olmayıb ki?! Olub! İndi də, tarixdə kimin qalıb-qalmayacağına elə tarixin özü qərar verəcək.
Zoğallı jaketin içindəki səs

Emalatxanadakı qızlar mənə maraqla baxır. Zoğalı rəngdə olan toxunma jaketimə, toxunma çantama baxıram… Gözümə tələsik geyindiyim, qaytanları sallanmış nar çiçəyi rəngli ayaqqabım dəyir. Əlimi atıb saçımdakı sancağı yoxlayıram. Açıq çəmən rəngdədir… Özümü də gülmək tutur… Gözaltı emalatxananın divarlarına baxıram. Məhsəti Gəncəvinin tablosunu seyr edəndə onun ədəbiyyatın tarixində qoyduğu iz keçir ürəyimdən… Dilimə bu beyt gəlir:

Deyirdin, Gəncədə kama yetərsən,
İndi bu mən… Bu sən… Bu da ki, Gəncə…

Niyazi müəllimin başı tələbələrindən birinə çizgi göstərməyə qarışıb, deyəsən… Yaxınlaşıb malbertin üstündəki kağızda qara karandaşla çəkilmiş dəqiq ölçülü xətlərə baxıram. Bayaq Niyazi müəlimin dediyi dəqiqliyi xatırlayıram.

Sənət fəlsəfədir, onun da öz ustadı var

-Yumor dərin fəlsəfədi, çox dərin… Bu dərinliyi anlamaq da hər adamın işi deyil.
Niyazi müəllim sənətin fəlsəfəsini öyrədir tələbələrinə. Növbəti sualımı hazırlayıramsa da, dilimə çatmır…
-Rəssamlığın da öz üslubları var: dramatizm, lirizm, qrafika, klassizm, avanqard kimi. Lakin, bu gün üçün rəssamlığın ən böyük problemi rəssamlıq tənqidinin olmamasıdır. Çünki, tənqid olmayanda, sənətçinin pafosla yaratdığı əsərlərin estetik anlamları da üzə çıxmır. Məşhur Pablo Pikassonun, Vinsent Van Qoqun, Qustav Klimt, Rene Maqritt, Klod Mane, Frida Kalo, Anri Matiss, Xuan Miro, Vasili Kandinskiy və onlarca sayda ünlü sənət adamları hələ həyatda diriykən onların əsərlərinin estetik, fəlsəfi və bədii tutumu sənətşünaslar tərəfindən tənqidi mənası üzrə çıxarılırdı. Əgər bu sahədə mütəxəssislər olsa, bu sahə inkişaf etsə, heç bir özünü “rəssam” adlandıran kəs sənətə xəyanət etməz. Bu gün avanqard üslub deyib ağıllarına nə gəlir çəkirlər. Avanqardın da bir üslubu, yönü-yöntəmi var. Gözün nə gördü, ağlına nə gəldi çəkdinsə, adını avanqard qoyası deyilsən ki?! Halbuki, sənətdə maerizm, karavacizm, barokko, rokoko, klassizm, neoklassizm, prerafaelizm, sürrealizm, impressionism, divizionizm, postimpresionizm, kubizm, art nuvo, art deko, modernism, hipperrealizm, minimalism, pop art və sairə üslub və cərəyanların hər birinin öz estetik anlamı, tutumu vardır. Bunların bədii estetik dəyərlərini bilməyənlərə rəssam demək ən böyük suçdur.
Niyazi müəllim susur… Mən düşünürəm… Doğrudanmı, insan öz sənət əsəriylə yeni üslub yarada bilər?
Öz-özümə cavabım:
-Bəli! Bəs, əgər, bu sualın cavabı bəllidirsə, niyə kimsə öz fərqli yaşantısını, fərqli düşüncəsini artıq standartları qəbul olunmuş üslubun daxilində çərçivələməlidir?
Deyəsən, mən də müasir üsyankar “yaradıcı” adamlar kimi düşündüm…
Üzümü Niyazi müəllimə tuturam:
-Niyazi müəllim, 2007-ci ildən Karikaturaçılar Birliyinin üzvüsünüz. Düzmü bilirəm?
-Hələ Qabrovo muzeyində iki əsərim də var…
İkimiz də gülürük. Tələbələr də bizə qoşulur. Sağollaşıram… Qapıdan çıxhaçıxda son sözüm bu olur:
-Mən sizinlə fəxr edirəm!

Gəncə