hesret

ANAMIN

Anam Saran Göyçaylının əziz xatirəsinə
Yanımda olanda xoş günlərinin,
Çoxu mənim idi, azı anamın.
Ağlı-qaralıydı saçları kimi,
Ömrünün Payızı, Yazı anamın.

Ürəyi kürədən, saçı tüstüdən,
Ahları acıydı acı tüstüdən,
Şaxtada, boranda, qarda isidən,
Ana qucağıydı, bizi, anamın.

Mərd idi, heç zaman haqdan dönməzdi,
Haqqın qarşısında laldı, dinməzdi,
Nələr çəkdiyini kimsə bilməzdi,
Həmişə gülərdi üzü anamın.

Illər ötə-ötə sözünü dedi,
Çəkdiyi canını içindən yedi,
Başının kölgəsi yorğanım idi,
Qudan yastığımdı dizi anamın.

Indi sığalına həsrətdi telim,
Adını çəkəndə göynəyir dilim,
Özünə qalsaydı ölməzdi, ölüm,
Dalınca gəlmişdi özü anamın.

MƏNƏMMIŞ ELƏ

Qaya deyiləmmiş, daş deyiləmmiş,
Duman, çisginəmmiş, çənəmmiş elə.
Nə yerə, nə göyə sığa bilmədim,
Yerdən də, göydən də genəmmiş elə.

Illər arxasınca çəkib sürüdü,
Dalımca izimi külək kürüdü,
Gördüm ki, hər yanı tüstü bürüdü,
Sən demə alışan sinəmmiş elə.

Qəhrini çox çəkdim payızın, qışın,
Başıma tökülən qarın, yağışın,
Cücərmək çətindi altında daşın,
Əzilən, quruyan dənəmmiş elə.

Nə varsa hamısı boyatmış boyat,
Torpağın altında qəbirlər qat-qat,
Ələdi ələkdən ömrümü həyat,
Iləmmiş, ayammış, günəmmiş elə.

Uymadım şöhrətə, uymadım ada,
Beləcə köçürün Həsrəti yada,
Gəlimli-gedimli qoca dünyada,
Gələn də, gedən də mənəmmiş elə.

ELƏ BİLİRDİM Kİ…

Elə bilirdim ki, şirindi həyat,
Zəhərdən bal çəkən arıyammış ki…
Dağa bənzədirdim özümü, heyhat,
Sərçə dimdiyində darıyammış ki…

Bir-iki misraya yazdım adımı,
Yazıq vərəqlərə tökdüm odumu,
Çoxdan tamsıyıbmış ölüm dadımı,
Dünyanın ən şirin barıyammış ki…

Dalınca çatmadım, qaçdı həqiqət,
Dilimdə söz qaldı, üzümdə heyrət,
Mənə vurulmadı vüsal, səadət,
Həsrətin, kədərin yarıyammış ki…

Bilmədim doğmayam, bilmədim yadam,
De hardan gəlirsən sordum, ay adam?
Yeddi qat geridən qayıtdı sədam,
Ilahi qarıdan qarıyammış ki…

Talan olunanı talan dünyanın,
Mənəmmiş gerçəyi yalan dünyanın,
Milyonları yola salan dünyanın,
Lalı-koruyammış, karıyammış ki…

YADIMDAN ÇIXIB

Ayrılıq qəlbimdə cığır salıbdı,
Eşqin ürəyimi əsir alıbdı,
Əllərim telinə həsrət qalıbdı,
Bilmirəm mən səni necə sevmişəm.

Gözünə işıq tək axıb dolmuşam,
Alışan sinənə kölgə olmuşam,
Səninlə olsam da sənsiz qalmışam,
Bilmirəm mən səni necə sevmişəm.

Sənə ağzımdakı dilim demişəm,
Çiçəyim demişəm, gülüm demişəm,
Sənsiz olan günü ölüm demişəm,
Bilmirəm mən səni mecə sevmişəm.

Nə idi, bu eşqin görən günahı,
Indi ürəyimi yandırır ahı,
Sevsəydim qovuşa bilərdik axı,
Bilmirəm mən səni necə sevmişəm.

Qırx ildi ki, adın adımnan çıxıb,
Sevgim simurq olub odumnan çıxıb,
Sevirəm deməkdə yadımnan çıxıb,
Bilmirəm mən səni necə sevmişəm.