Adın da,eşqin də ayrılıq dadır,
Doldun baxışlara sən çadır-çadır.
Bu nə məmləkətdir, paramparçadır,-
Məlhəm də götürmür yaran,ay VƏTƏN!
Talanmış yurdunuq,əsir qalanıq,
Göz yaşı qarışan suyun bulanıq.
Biz ŞUŞA şəklində qərib balanıq,
Necədir qürbətlə aran,ay VƏTƏN?
Güllələr yaxanda açılan çiçək,
Bu qanlı güllərin şehindən içək.
Sərhəd telləriylə bir müttəhimtək,-
Haçandır üz-üzə duran,ay,Vətən!
Hüzn heykəlisən sən QARABAĞA,
Söykən sinəmizə çəkilən dağa.
Harandan başlayım qucaqlamağa,-
Ağrısız haran var,haran,ay VƏTƏN?