Niyə dövlətlə dini müqayisə etmək üçün məqalə yazmaq istəyirik, çünki dövlətin önəmi və vəzifələri dedikdə, adətən siyasi fikirlərə rast gəlirik. Amma bir dövlət üçün din olmazsa, olmazlar sırasındadır. Çünki millətləri ayaqda tutan, dövlətləri güclü edən ən önəmli ünsürlərdən biri mənəvi dəyərlərdir, din əxlaqıdır.
Dövlət nə deməkdir?
Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifahı təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Yən, dövlətin vəzifələrindən biri də təhlükəsizliyi, sülhü və rifahı təmin etməkdir. Əgər bir dövlətdə din lazımı səviyyədə hörmət, dəyər görmürsə və ya dinin əsli izah edilmirsə, cəmiyyətin üzvləri həqiqi dini məlumatlarla maarifləndirilmirsə, o zaman dövlətin siyasətində çatışmamazlıq baş verir. Dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoya bilir. Dövlət nüfuzundakı ən kiçik bir boşluq, bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnir ki, bundan da hamı zərər çəkə bilir. Dövlət və millət, dövlətin və millətin zəif nöqtələrini bilən xarici və daxili bəzi mənfəət güdən çevrələrin təsiri altında qalır. Çünki bir dövlətin və millətin dini dəyərləri zədələnərsə, radikallığın ortaya çıxması qaçınılmazdır. Radikallıq da əvvəl-axır cəmiyyətdə çatışmaya səbəb ola bilir. Məsələn Nardaranla bağlı hadislərdən bir daha şahidi olduq ki, xürafələr pusquda gözləyən təhlükəli silah deməkdir. Düşmənin əlinə keçərsə, bir dövləti parçalamağa qadirdir. Bunun örnəklərini bir çox müsəlman ölkələrindən görmüşük. Bu səbəblə, Azərbaycan gəncliyi bu məsləni həm ilk öncə dini qarşısında vəzifəsi kimi bilməli, həm də dövlətini və vətənini qorumaq vəzifəsində də ilkin şərtlərdən olduğunu dərk etməlidir.
Dövlətimiz xürafələrə və istənilən radikal düşüncələrə qarşı elmi mübarizədə gənclərinin yolunu daim açmışdır. Amma görünür ki, bu kifayət deyilmiş, çünki Azərbaycanın hər yerinə təbliğin çatması üçün dövlətin özü birəbir dini mövzular əhatəsində vətəndaşlarını maarifləndirmə sistemini qurmaqda maraqlı olmalıdır. Necə ki, bir azərbaycanlı olaraq, güclü dövlət mexanizminə uyğun hər sahədə öz töhvəmizi verməliyik və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıyıq, dövlətimiz də millətini səhv etiqatlara aldanıb, yoldan çıxarılmasının qarşısını almaqla, həm dövlətini, həm də millətini zərər çəkməkdən qorumaqla vəzifəli olduğunu unutmamalıdır.
Mirzə Fətəli Axunzadənin də dediyi kimi, insanların mühüm vəzifələri var. …Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə, bu halda kamil insan sayılar. Əgər o bunların bir hissəsini yerinə yetirərə, natamam insan sayılar. Əgər bu vəzifələrdən heç birinə əməl etməzsə, deməli insan qismindən çıxar və heyvan qisminə daxil olar. Birinci vəzifə bundan ibarətdir ki, insan pis əmməllərdən uzaq olmalıdır. İkinci vəzifə xeyir işlər görməlidir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmalıdır. Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaq içində yaşamalıdır. Beşinci vəzifə elm yolu ilə getməlidir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həm fikirləri arasında qanuni hüquqların müdafisəsi üçün mübarizə aparmalıdır.
Esmira Nizami qızı