Səfər Eldara salam verib əl uzatdı. Eldar salamlaşmaq istəmirdi, Fidana baxıb əl uzatdı.
Səfər – Bağışlayın vaxtsız gəldim. Gəlməyə də bilməzdim. Fidan…Fidan xanım mənə qan verdiyiniz üçün çox sağ olun.

Fidan özünü itirmişdi, Eldarla bir-birilərinin üzünə baxdılar.

Fidan – İnsanlıq borcumuzdur. Qapının ağzında dayanmayaq. Keçək içəri.

Fidan hər kəsdən əvvəl qapıdan həyətə girdi.
Eldar Səfərə – Buyurun.

Səfər taksi sürücüsünə üzünü tutdu. – Siz gözləyin, çox qalmayacam.
Eldar etiraz elədi: – Narahat olmayın, mən sizi özüm yola salacam.

Səfər başıyla sürücüyə getməsini istədi, Eldarla birlikdə həyətə girdilər.

Kərim qızının evinə gələndə Elçin çoxdan getmişdi. Aybənizin gözlərinin altı qaralmışdı, dodağı partlamışdı. Körpəsi qucağında ağlayırdı. Cəmilə qızını görən kimi ona tərəf qaçdı. – Əlləri qurusun.

Cəmilə həyəcanlandı, dizlərinə döydü: – Allah səni dərdə salsın Elçin. Balamı nə günə qoymusan?! Əllərin qurusun. Tikən gəlsin.

Rafiq qapının ağzında dayanmışdı, Kərim qızının üzünə baxdı. Dili söz tutmurdu ki, nə isə desin, gözləri dolmuşdu. Nəvəsini qızının qucağından götürdü. Aybənizin gözlərindən yaş gəlirdi, danışa bilmirdi.

Cəmilə Kərimə – Xəstəxanaya aparaq. Ölüb eləyər e qızım. Qorxuram.

Kərim Rafiqi çağırdı, qucağındakı nəvəsi həyəcanlı səsinə diksindi, ağlamağa başladı.

Rəşadla Təhminə Səfərin gəişini gözləmədikləri üçün təəccüblərini gizlədə bilmirdilər. Təhminə Fidanla mətbəxdə şirniyyatları boşqablara düzür, fincanlara çay süzürdülər
Təhminə – Nə məcburuydu Səfəri evə dəvət edəsən?
Fidan – İnan heç bilmədim ağzımdan necə çıxdı. Gedəndən sonra Eldarla dalaşmasaq yaxşıdır.
Təhminə – Eldar dalaşmır ki!… İki kəlməsi bəsdir ağlayasan.
Təhminə gülümsədi, Fidan Təhminəni yamsıladı. – Hmm… İki kəlməsi bəsdi, ağlayasan. Qıcıqsan e…

Fidangil süfrəyə hazırladıqlarını qoydular
Eldar diqqətlə Fidanın gözlərinə baxırdı. Elə bil Fidanın Səfərlə baxışmasından qorxurdu. Rəşad gərginliyi aradan qaldırmaq üçün araya söz saldı.
– Dediniz ki, sex işlətmisiz. Indidə işləyir?
– Bəli, sifarişlə mebel, taxt hazırlayırıq.

Fidan Eldarın yanındakı stulda əyləşdi. Səfərin özündən asılı olmadı, Fidanı qısqandı. Ayağa qalxdı, Eldar başa düşdü ki, qısqanclıqdan otura bilmir, hələ də Fidana qarşı biganə deyil

Səfər – Xəstəxanada görüşmək imkanımız olmadığı üçün təşəkkür edə bilmədim. Neçə ildən sonra səni görmək xoş idi. Sevindim ki, ailən var. Deyəsən övladın da var?
Fidan cavab vermək istəyirdi, Eldar ondan əvvəl dilləndi.
– Oğlumuz var.

Səfər diqqətlə Eldarın gözlərinin içinə baxdı. Eldar ayağa qalxanda Fidanla Rəşad da ayağa qalxdılar
Səfər Rəşadla əlnən sağollaşdı.
– Sizi tanımağıma şadam. Nə vaxt istəsəz, iş yerimə gələ bilərsiniz.
Rəşad – Çox sağ olun. İnşallah.

Səfər Eldara əlini uzadanda, Eldar əl vermədi. – Ehtiyyac yoxdur, onsuzda sizi mən aparacam.
Fidan – İstəsən, sənin üçün taksi çağıra da bilərik.
Eldar – Dedim ki, özüm aparacam.

Fidan Eldarın üzünə baxıb susdu. Səfər qapıdan çıxanda otaqdan ağlayan körpə səsi gəldi. Səfər otağa tərəf baxdı.

Fidan Təhminəylə Yaşarın otağına getdilər. Eldarla Səfər evdən çıxıb maşına tərəf getdilər. Həyətdə gözləyən cangüdən darvazanın qapılarını açdı. Eldar Səfərin qabaqda oturması üçün maşının qapısını açdı.
Eldar – Buyurun.
Səfər maşında əyləşdi. Eldar maşına oturanacan Səfərdən gözlərini çəkmirdi. Səfər gözlərini çıxdığı evin qapısına dikmişdi. Eldar maşını sürüb həyətdən çıxartdı. Səfəri dediyi ünvana – evlərinə gətirənəcən yolboyu heç kim danışmadı. Səfər qapını açıb düşmək istəyəndə Eldar qolundan tutdu.
– Bir dəqiqə Səfər bəy. Sənə iki kəlmə sözüm var.

Səfər bu söhbəti gözləyirmiş kimi susdu. Eldar davam etdi.

– Əvvəllər Fidanla nişanlı olduğunu bilirəm. Normalda gərək səni qapıdan qovaydım. Sən Fidana layiq olmadın. Səfər
– Axı…
Eldar – Sözümü kəsmə. O qızı ən pis vəziyyətdə yarı yolda qoydun. Sən onun pis günlərinə səbəb olanda, mən o qızın əlindən tutmuşam. Bugün o xoşbəxtdir, ailəsi var, oğlumuz var. Neçə ildən sonra qarşısına çıxıb xoşbəxtliyinə mane olmayın. Mümkünsə, ailəlikcə bizdən uzaq durun. Onda bu qədər sakit danışacağıma inanmıram. İnanıram ki, məni başa düşdün. Və ümid edirəm, bu bizim son görüşümüzdür.

Səfər qapısını açıb maşından düşdü:
– Məqsədim Fidanın xoşbəxtliyinə mane olmaq deyil. Siz də bunu unutmayın. Fidana qarşı vicdan borcum var. Xoşbəxt olun.

Səfər maşının qapısını örtüb evlərinə tərəf ağır-ağır getdi.

Xəstəxananın qapısının ağzında Rafiq maşını saxlayanda Aybəniz dilləndi.
– Evə gedək. Xahiş edirəm,ata.

Kərim qabaqda oturmuşdu, nəvəsi də qucağındaydı. Əsəbləşib qızının üstünə qışqırdı.
– Adam nə qədər onu bu günə salanı müdafiə edər? Yəni özünə bu qədərmi hörmət eləmirsən?
Aybəniz hönkürtü ilə ağladı. – Ortada qızım var, ata. Qızıma görə istəmirəm. Sonra polis də qarışacaq işə. Verərik məhkəməyə, mənim də canım qurtarar, sizin də.

Cəmilə bir tərəfdən Kərimə haqq qazandırırdı, bir tərəfdən də Elçinin həqiqətləri açıb-ağartmasından qorxurdu.
Cəmilə – Tapşırarıq polis çağırmazlar.
Aybəniz – Utanıram, bu viddə istəmirəm insanlar məni görsün. Xahiş edirəm ata, gedək evə.

Kərim artıq heç nə demədi., başıyla Rafiqə işarə etdi ki, maşını sürsün.

Eldar evə gələndə Rəşadla Təhminə nigah üçün çoxdan evdən çıxmışdılar. Fidan Yaşarı yatızdırmışdı, özü isə yataqda uzanmışdı. Eldar qapının ağzında onu izləyirdi. Astaca arvadına yaxınlaşıb, yanında uzandı, arxadan onu qucaqlayıb başından örpdü.
Fidan gözlərini açıb Eldara tərəf döndü. Diqqətlə gözlərinin içinə baxdı, nə isə demək istəyirdi, çəkinirdi. Eldar Fidana çoxdan bələd idi, sualını gözlərindən oxuya bilirdi.
– Narahat olma. Sadəcə söhbət elədik.
– Gələcəyini bilsəydim…
– Danışmağın mənası yoxdur. Əsas odur ki, gözlərində mənim üçün bir sevgi var. Zərrə qədərdə olsa, var.

Fidan Eldarı qucaqlayıb, gözlərini yumdu.
Eldar – Rəşadgil evi toydan sonra satacaqlar. Biz də satsaq yaxşı olar. Başqa evə köçərik.
Fidan – Niyə tələsirsən?
Eldar – Niyə gecikirik?
Fidan – Ürəyindən necə gəlirsə, elə də elə… Bircə xoşbəxt olaq. Başqa heç nə istəmirəm.
Eldar – Kiminlə?
Fidan zarafat etmək üçün : – Dur ayağa güzgüyə bax, görəcəksən.

Eldar gülümsəyib Fidanı daha bərk qucaqladı, Fidan gülüb onu itələdi.

Səfər bacısının üz-gözünü görəndə havalandı.
Səfər – İndiyəcən çox nahaq boşanmamısan o alçaqdan. Bu dəfə boşanmasan mən adlı qardaşını yadından çıxart. Axı, o kimdi ki, onu müdafiə edirsən?
Kərim – Aybəniz istəsə də, istəməsə də boşanacaq.
Səfər – İndiyəcən uşağına görə hərəkətlərinə fikir vermirdik. Nə olar? Borc olsun bizə, qaytararıq. Onu səndən betər günə salım, siz də baxın.
Cəmilə – Lazım deyil, allah onsuzda cəzasını verəcək

Kərim qızına – Qardaşın düz deyir. Bu dəfə də boşanmasan, mən adlı atanı da unut. O ki qaldı Elçinə, az qalıb, ayaqlarına düşüb yalvaracaq. Bağışlasan, uşağı qoyursan burda, ər-arvad hara istəsəniz gedin.

Təhminəylə Rəşad nigah üçün gün götürəndən sonra gəlinlik paltarı satılan mağazaları bir-bir gəzdilər. Sonunda Təhminə arzuladığı gəlinlik paltarını tapıb, toy günü götürməsi üçün adını yazdırdı. Mağazadan çıxanda Təhminə dərindən nəfəs aldı

– Axır ki, arzumuza çatırıq.
– Keçək əsas məsələyə.

Təhminə təəccübləndi: – Nə məsələsi?
– Ananın yanına gedək.
– Anam inanmıram məni bağışlasın. O səhvimdən sonra məni küçəyə atdı, heç maraqlanmadıda.
Rəşad Təhminəni qucaqladı.

– Ət dırnaqdan ayrılmır. Bəlkə də çoxdan bağışlayıb səni, qovduğuna görə peşman olub. Analar yeganə varlıqlardır ki, bağışlayırlar
Təhminənin gözləri doldu: – Təki sən deyən kimi olsun.

Kərim, Səfər, Rafiq qonaq otağında Elçinə nə edəcəklərini müzakirə edirdilər.

Kərim – Üç nəfər bəsdir. Onu elə çırpdırırsan ki, anasından əmdiyi süd burnundan gəlsin.
Səfər – Ata, icazə ver, mən də gedim.
Kərim – Olmaz. Onsuzda yaraların sağalmayıb.
Səfər – Gedim, o alçağa sözüm var.
Rafiq – Uşaqlar hazırdılar. Maşında bizi gözləyirlər.
Kərim – Hörmətlərini qayıdanda edəcəm. Gedin. Axşam düşən kimi it evə gələcək.

Səfərlə Rafiq evdən çıxdılar.

Fidan Eldarla şam yeməyi yeyirdilər, Yaşarı da özlərinə yaxın beşiyinə qoymuşdular ki, ağlayanda sakitləşdirsinlər. Yaşar əlinə verilən oyuncaqlarla oynayırdı.

Fidan – Heyf, evimizə öyrəşmişdim. Düzü, tez-tez köçməyi xoşlamıram. Ev dəyişdirməyin də düşər-düşməzi olur.
Eldar – Gör nəyə inanırsan? O ev təhlükəlidir. Buranı da Rəşadgil satıb bina evi alacaqlar. Bəlkə biz də bina evi alaq?
– Bina evini xoşlamıram axı.
– Səfərgil də bilir ünvanlarımızı?
– Ünvanlarımızı?
– Hər şeyi bilirlər. Bir dəfə arvadı iş yerimə gəlmişdi, ofisə.

Fidan bir az Eldardan incidi. – İndi deyirsən mənə?
– Sən məndən xəbərsiz qan verəndə, elə bildim ki, doğrudan görüşürsünüz.
– Deməli, Səfərlə görüşdüyünüzü sənə arvadı demişdi.
– Hə. Əsəbləşib qovmuşdum.

Araya bir neçə dəqiqəlik sakitlik çökdü.
Fidan – İndi də mənə inanmırsan?
Eldar bir beşikdəki oğluna, sonra Fidana baxdı. – Əgər nigahımız kağız üzərində qalsaydı, yox, inanmazdım. İndi inanıram.
– Qəlbimə dəyirsən.
– Səmimi oluram. İndi yüz adam gəlib deyə ki, Fidan mənə xəyanət edib, inanmaram. Vallah, inanmaram.

Fidan gülümsəyib stuldan qalxdı, Eldarın yanına gəldi. Eldar Fidanın əllərindən öpdü.
Evin qapısını Təhminə açdı, ağlaya-ağlaya içəri girdi, otağına tərəf qaçdı. Fidanla Eldar təəccüblə bir-birilərinə, sonra qapıdan içəri əhvalı korlanmış halda girən Rəşada baxdılar. Fidan Təhminənin otağına gedib qapını örtdü. Təhminə yatağına uzanmışdı, hönkürtü ilə ağladı.
Fidan – Təhminə… Təhminə… Nə olub?

Təhminə cavab vermirdi.
Fidan – Rəşadla dalaşmısan? Mənə cavab ver, Rəşadla dalaşmısan?
Təhminə ağlayırdı, hıçqıraraq – Yox – dedi.
Fidan – Onda niyə ağlayırsan?

Rəşad divanda oturub Eldara Təhminənin niyə ağladığını izah edirdi.
– Kaş mənimlə dalaşardı. Anası hamının içində ağzına gələni dedi bizə. İnsandırda ay Eldar. Hansımızın səhvi olmayıb ki…Bir əclafa inanıb özünü təslim edib. Sən guya düz elədin, onu küçəyə atdın?
Eldar başıyla təsdiqlədi – Düzdür. Sizdən böyük kimi sayıb qapısına getmək idi, getdiniz. Bundan sonra özü bilər. Dəvətnamə də göndərərsiniz. İstəsə gələr, istəməsə gəlməz.
– Anamgilnən də danışmışam telefonda. Deyir özümə od vuraram. Burda sənə yaxşı qız tapmışam, atasıyla da danışmışıq, razıdılar. İstəmirəm qardaş, mən bu qadının yanında rahatam, xoşbəxtəm. istəmirəm başqasını.
Elçin – İstəyirsənsə, Təhminənin də, sənin də ananla danışaq. Danışaq? Fidanla rayona gedərik, danışarıq.
– Lazım deyil, daha onların ayaqlarına getməyəcəm. Evlənəcəm də. Həmişə belə olubda. Uşaq olanda hamısı peşman olacaq. Təhminənin anasını ümumiyyətlə bağışlamayacam. Başım da əsəbdən ağrıyır. Günümüz zəhər oldu.

Səfərgil evin qabağında Elçinin gəlməyini gözləyirdilər. Səfər əvvəlcədən qapını döymüşdü, evdə adam olub-olmadığını dəqiqləşdirmək istəyirdi. Elçin maşınını binanın qarşısında saxladı. Maşından düşəndə Rafiqlə gələn üç oğlan maşından düşdülər. Elçin binaya girməmiş qolundan tutub ağzını açmamış yerə sərdilər, kimisi təpiklə qarnına, kimisi belinə vururdular. Elçin bir-iki dəfə səsini çıxartsa da, sonradan susdu.
Səfər maşından düşüb oğlanlara yaxınlaşanda Elçini təpikləməyi dayandırdılar. Səfər dizləri üstdə oturdu, sol əliylə Elçinin saçlarından yapışıb, qan olmuş üzünə baxdı:
– İndi bildin döyülmək necə olur? Daha gücünü qadınlara göstərmərsən. Bacımdan boşanmsan, hər tikəni qulağın boyda edib, paketləyəcəm, sonra da rayona göndərəcəm. Sakitcə bacımdan boşanırsan. Eşitdin?

Elçin mızıldanırdı, dediklərini anlamaq çətin idi. Səfər sualını təkrarladı.
– Eşitmirəm.

Elçin güc-bəla ilə ağzından bir kəlmə çıxartdı. – Bo-şanıram.

Səfər əllərini Elçinin başından çəkdi, yeznələrini döyən oğlanlarla birlikdə maşına tərəf qayıtdılar. Elçin halsız vəziyyətdə küçənin ortasında qalmışdı.

Bir ay keçdi. Sentyabrın son günlərindən biridir. Restoranın kiçik zalında Təhminəylə Rəşadın toyu üçün dost-tanışlar yavaş-yavaş öz yerlərini tuturdular. Təhminə gəlinlik paltarında Fidanla birlikdə Rəşadın gəlməyini gözləyirdilər. Rəşad əlində qızılgüllərdən bağlanmış buket evə girdi.
– Az qala gülsüz gəlirdim.
Təhminə gülləri alıb iylədi. – Çox sağ ol əzizim. Ən sevdiyim gülləri almısan. Fidan – Romantika vaxtı deyil.Tez olun, tıxaca düşüb gecikməyək. Eldar da zəng eləmişdi, qonaqlar gəliblər.

Fidan oğlu qucağında arxa oturacaqda oturdu. Rəşad gecikməmək üçün maşının sürətini artırırdı.

Aybəniz atasının, qardaşının istəyi ilə boşanmaq üçün məhkəməyə ərizə verdi. Anasıyla evə gələndə Lamiyə ilə Səfər qonaq otağında söhbət edirdilər. Cəmilə Lamiyəni görəndə əsəbləşdi. Gəlininin salamını almayıb ikinci mərtəbəyə qalxdı. Səfər Lamiyəyə – Gözlə, gəlirəm.
Səfər ikinci mərtəbəyə qalxdı. Aybəniz Lamiyəyə yaxınlaşdı.
Lamiyə – Məni Səfər özü çağırdı. Ailəmizin dağılmasını istəmir.
Aybəniz təəccübləndi – Gözləməzdim.
– Mən də gözləmirdim. Səfər bəyaq dedi. Boşanmaq istəyirsən.
– Hamımız istəyirik. Elçin son vaxtlar adamlıqdan çıxmışdı. Qardaşımın qədrini bil, hec olmasa mədəniyyəti və insafı var
– Bu dəfə ailəmi qorumaq üçün, Səfərin sevgisini yenidən qazanmaq üçün əlimdən gələni edəcəm.
– Yəni, Səfərin sevgisini nə vaxtsa qazanmışdın?

Lamiyə Aybənizin sözlərindən pərt oldu. Aybəniz kinayə ilə Lamiyəni süzdü və danışmağa davam etdi.
– Qardaşıma necə ərə gəldiyini yaxşı bilirik. Bir oğlan kimi vicdan borcunu yerinə yetirdi.
Lamiyə yaxşı başa düşürdü ki, qaynanasıyla baldızı Səfərin onu boşamaqlarını istəyirlər. Özünə söz vermişdi, sonacan mübarizə aparacaqdı.
– Düz deyirsən, karlı qaynata xətrinə məcbur qalıb evlənmədi. Heç olmasa, vicdanı var. Elçində hec o da yox idi. Kərim dayının hesabına evi, maşını, işi oldu. Hələ də işləyir. Elə kişinin qızı pozğun da olsa almağa dəyərdi.

Aybəniz sonuncu deyilən cümləyə əsəblərini cilovlaya bilmədi, Lamiyənin üzünə şillə vurdu. Lamiyə şillənin təsirindən divanda oturdu, əliylə üzünü tutub baldızının gözlərinin içinə baxdı…

Ardı var.