MƏNİM SƏNSİZLİYİM YAMAN PAXILDI
Gözümdən dünyanı elə salmısan
Heç daha gözümə ala bilmirəm.
Ömürdə günlərim qarışıb yaman,
Əl atıb sahmana sala bilmirəm.
Həsrətin əynimə elə yaraşıb
Özgə bər-bəzəyi, düzü, götürmür.
Mənim sənsizliyim yaman paxıldı,
Sənli günlərimi gözü götürmür.
Yığıb yığışdırdım qalan günləri
Eləcə ölümü gözləmək üçün,
Bir ovuc sən olan xatirələri
Sənsiz həyatımdan gizləmək üçün…
BAŞ ALIB GEDİRƏM ÖZÜMƏ SARI
Baş alıb gedirəm özümə sarı
Hər addım atdıqca o uzaqlaşır
Görəsən,hayana tələsir belə
Görəsən,hayana ürəyi daşır
Çata bilmirəm ki,özüm-özümə
Məni də bu yerdən aparsın deyim
Əllərim ovcunda it-bata düşsün
Qalmasın özümdə daha heç nəyim
Başı alıb gedirəm özümə sarı
Necə də çatmıram,çatmıram əcəb
Deyəsən,bir məktub sözlər dilimdə
Sevgim ürəyimdə yoxa dönəcəm
İTHÜRƏN TƏRƏF
Daha günümüzün sabahı açmır,
Daha ürəyimiz gözlərə yükdür.
İşıq gələn tərəf aldatdı bizi,
İt hürən tərəfə getmək gərəkdir.
Bir az da can atdıq göylərə doğru,
Bu göy başqa göyün yeri deməkmiş.
Həyatı asmışıq gözlərimizdən,
Bir qırpım hər şeyin sonu deməkmiş.
Nə bilim çırağı yandıran kimdi,
Bəlkə də bir divin tələsi deyil.
Hələ gəzdiyimiz işıqlı günlər,
Bəlkə yuxumuza gələsi deyil?
EVƏ GEDİRƏM…
Yoruldum bu səs – küydən,
Daha Evə gedirəm.
Saxta gülüşdən,
Yalançı vəddən,
Çoxluq içərisindəki yalqızlıqdan
təngə gəlib gedirəm,
Evə gedirəm.
Məni mənə unutduran problemlər
yordu məni,
Sözümü dilimdə yandıranlar
usandırdı məni,
Gedirəm.
Danışmaq üçün,
Susmaq üçün,
Savaşmaq üçün,
Təkliyimi tək yaşamaq üçün gedirəm,
Evə gedirəm.
Məni təmənnasız sevənlərə gedirəm,
Haqqımla, nahaqqımla,
Səhvimlə, günahımla gedirəm.
Evə gedirəm.
Göylərdən yağış əvəzi göz yaşının töküldüyü
küçələrdən keçirəm,
İnsan əvəzi ağzınacan dərd dolmuş
avtobusla gedirəm,
Evə gedirəm.
Hər dayanacaqda dərddən keçmiş xoşbəxtliyi endirir,
Hər dayanacaqda yeni dərdi götürür özüylə.
Cavan dərdlər qoca dərdlərə yer verir
oturmaq üçün…
Qocalmış dərdlər hüznlə baxır cavanlara,
Axı avtobus bir dayanacaqdan
digərinə çatana qədər onlar da qocalacaq,
yaşlanacaq
Onlara yer verən tapılacaqmı?
Bilmirəm.
Budağından kədər sallanan ağacların arasıyla
gedirəm,
Evə gedirəm.
Ayağım altda əzilən yarpaqların xışıltısını
dinləyirəm,
Başımdakı dumanları qova – qova gedirəm,
Evə gedirəm.
Ora – bura qaçışan,
Yoluma çıxan,
Önümü kəsən,
Sözümü kəsən
İnsanlardan keçirəm,
Evə gedirəm.
Bu dünyadan pillə – pillə qalxıram,
Bu dünyanı arxamda qoyub gedirəm,
Bu dünyadan gedirəm,
EVƏ GEDİRƏM!!!