10991500_412390748927178_5095940301571747132_o

Dünən – dekabrın 25-i sevimli şairimiz Ramiz Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və yaradıcılığını çox sevdiyim, şeirlərini hər zaman sevərək, böyük zövqlə oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı ömür, daha böyük yaradıcılıq uğurları arzulayıram! Sözünüz heç tükənməsin, Ramiz müəllim! Çoxlarının hiss etməyini, deyə bilmədiyini, yazmağı bacarmadığını duyan ürəyiniz, deyən diliniz, yazan qələminiz var olsun!
Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri,
Gəlib gözlərində qışladı dünya…

Şeir elə ilk misrasından cəlb edir məni… Qulaq kəsilirəm… Getdikcə sözlərin, misraların ahənginə qarışır nəfəsim…

…Gözüylə dünyanın arasındakı,
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən,
Elə bil əlindən qaçıracaqdı…

Bir-birinin ardınca düzülən sözlər yalnızca misra, bənd yox, bir ölüm mənzərəsi yaradırdı gözlərimin qarşısında… Artıq yanımda dayanıb bu şeiri mənə dinlədən insanın varlığını belə unutmuşdum. Gözlərim hər an yağmağa hazır bahar buludu kimi dolmuşdu…
Bir az sonra şeiri dinlədən dostumun səsi çəkib aldı məni xəyalların soyuq ağuşundan:
– Bəyəndin?
– Çoooox…
Bu an qulaqlarımda səslənən ölüm melodiyası susdu, qarşımda gözlərini süzdürə-süzdürə nazlanan ölüm bir göz qırpımında yoxluğa qarışdı…
– Müəllifi kimdi bu şeirin?
– Ramiz Qusarçaylı.
Düzünü deyim ki, bu adı birinci dəfə idi eşidirdim. O vaxta qədər heç bir şeirini oxumamışdım. Bəlkə öz səhvim idi, bəlkə də tale qarşılaşdırmamışdı. Ancaq tanışlığımız çox gözəl bir şeirin vasitəsiylə oldu.
Sonradan Ramiz Qusarçaylının yaradıcılığı ilə daha yaxından maraqlanmağa başladım. Sonra bir tədbirdə bu böyük şairlə görüşmək şərəfinə nail oldum…
Ramiz Qusarçaylı qələmi iki əsri bir-birinə bağlayan bir körpünü xatırladır. Hansı ki, istənilən an körpünün bizim əsrə aid başından boylanıb ötən əsri rahatca görmək, onun haqqında təsəvvür əldə etmək mümkündür.
Ramiz Qusarçaylı səfalı təbiəti, zəngin tarixi, şirin dili, mehriban və istiqanlı əhalisi ilə məşhur olan Qubada yaşayır. Ancaq onu məşğul edən, ürəyinə dərd salan, gecəsini gündüzünə qatan problemlər bir əyaləti, bir şəhəri, bir ölkəni əhatə etmir. Onun fikir-xəyalları dağlar, dərələr aşır, sərhədləri adlayır, ölkələr dolaşır, gecə-gündüz yorulmadan, usanmadan yol gedir. Şairi incidən dünyanın dərdləridir, bəşəriyyəti bürüyən ağrı-acılardır:

Adam – adam aşınır Yer,
Qiyamətə daşınır Yer,
Daha Göydən boşanır Yer,
Talağına şükür, Dünya!

Şair bu yaşına kimi çox adamlarla qarşılaşıb, demək olar ki, hər cür insan görüb. Onların arasında “qapıb bir-birini tutanlar” da var, “iliyinə, sümüyünə qədər ac olanı” da var, “adamdan asılanı” da var, bir yetim payına göz dikən də var, özü içində min cür şeytan bəsləyə-bəsləyə bir şeytanı daşlamaq üçün gedəni də var… Şair insanların bu qədər böyük sürətlə cılızlaşmasından təəssüf hissi keçirir. Ona görə də son çarə kimi üzünü Allaha tutan müəllif ondan adamları nə quşdan, nə heyvandan deyil, elə adamdan qorumasını istəyir.
“Hərənin bir cür zurnaçı” olduğu dünyada şair “züy tuta bilməməsi” ilə bir növ fəxr edir. O, başqaları kimi öz mənafeyini güdmür, öz mənfəətinin arxasıyca qaçmır. Özü də dediyi kimi onun davası safdır, təmizdir:

Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı –
Ayrı dava mənlik deyil.

Uzun müddət idi Ramiz müəllimin yaradıcılığını araşdırırdım. Onun müxtəlif şeirlərini oxuduqca arada şeirlərdə vəsf olunan dağlardan əsən xəfif meh dalğalandırırdı saçlarımı. Sonra o meh dolaşıb gəldiyi çəmənin ətrini yayırdı otağa. Elə bu an hardansa uzaqlardan, lap uzaqlardan quşların civiltisi bir oynaq nəğmə kimi oxşayırdı qulaqlarımı. Bir az keçmiş dağların nazlı gəlini Afurca çağlayıb – coşur, elə misraların arasındanca atırdı özünü, şəlalənin saf suyu ilə islanırdı üst-başım. Hər sətir yenicə şumlanmış torpaq, hər misra yenicə biçilmiş otun xoş rayihəsi ilə oxşayırdı könlümü:

Elə bil çəməndə toy-düyün olub,
Heyrətim güllərin gözündən öpür.
Arılar o qədər ərköyün olub,
Qönçə açılmamış üzündən öpür.

Və ya:

Gül elə soyundu ləçəklərini,
Arılar üzünü yana çevirdi,
Bu çiçək axşamı, bu gül axşamı…

“Dünya kökdən düşüb” deyən şair dünyanın faniliyini dərk edir, özünü dünya nemətləri üçün öldürən insanların halına baxıb elə dünyanın özüylə birgə gülür:

Nə daş, nə tüldü dünya,
Daş əldə güldü dünya…
Dünya mənim deyənin,
Yasında güldü dünya…

Ali məktəbdə ədəbiyyat nəzəriyyəsi fənnində belə bir mövzu var idi: yazıçının yaradıcılığı araşdırılarkən şəxsiyyəti, yaşadığı mühit, mənsub olduğu cəmiyyət də öyrənilməlidirmi? Bu mövzu ətrafında ədəbiyyatşünaslar üç qismə bölünüb, üç fikri müdafiə edirdilər. Birinci qisim ədəbiyyatçılar yazıçının şəxsiyyətini, yaşadığı mühitin öyrənilməsini vacib sayır, hətta əsərlərindən belə üstün tuturdular. Onlar öz fikirlərini belə əsaslandırırdılar ki, ədəbiyyat həyatı əks etdirir, yazıçı da əsərlərini həyatdan alırsa, demək ki, öz ətrafından, yaşadığı cəmiyyətdən, öz dövründən bəhrələnmiş olma ehtimalı daha yüksəkdir. Buna görə də bir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır.
İkinci qisim isə yazıçının şəxsiyyətinin, yaşadığı mühitin öyrənilməsini heç də önəmli hesab etmir, heç buna gərək də görmürlər. Onların fikrincə, qələmə alınan ədəbiyyat nümunəsi yazıçının təxəyyülünün məhsulu da ola bilər. Bu cür əsərlərə ətrafın təsirini düşünmək yersizdir.

Üçüncü qisim tənqidçilər isə hər ikisinə eyni cür yanaşmağın tərəfdarıdırlar. Belə ki, əgər bir yazarın yaradıcılığı araşdırılırsa, həmin yazar bütünlüklə öyrənilməlidir. Həm əsərləri, həm şəxsiyyəti, həm də yaşadığı mühit ümumi halda araşdırılmalı və yalnız bundan sonra onun yaradıcılığı haqqında söz deyilməlidir.
Əslində, mənim fikrimcə də əgər bir şairin, bir yazıçının əsərləri haqqında danışırıqsa, o yalnız yazar kimi yox, həm də insan kimi öyrənilməlidir. Çünki istər – istəməz hər bir insanın yaşadığı cəmiyyət, dövr, şəxsi həyatında baş verən hadisələr, özünün daxili xarakteri də qələmə aldığı əsərə və ya ən yaxşı halda hansısa obraza təsirini göstərir.

Məhz bunun nəticəsidir ki, Ramiz Qusarçaylı haqqında olan bu yazını yazmağa tələsmədim, şeirlərində gördüyüm Ramiz müəllimi həyatda da axtardım və çox sevindirici haldır ki, tapdım. Gördüm ki, Ramiz müəllim yalnız qələm arxasında vətənpərvər olan, yalnız kağızın üstündə insanlıq nümayiş etdirən, tribuna qarşısında pəhləvana dönən şairlərdən deyil. Onun əlində qələm olsa da, olmasa da o, yenə də eyni insandır. Buna görə də onun hər misrasında ucalan haqq səsi insanın qulaqlarını yağır eləmir:

Dizimin üstünə gələnlər artır,
Dizlər gözdən salır düz adamları.
Dizimdən aşağı ölənlər artır,
Artır bu dünyanın diz adamları.

Yuxarıda qeyd etdiyim kimi, şairin şəxsiyyəti ilə sözləri bir-birini tamamlamalıdır. Bunu Ramiz müəllim də gözəl anlayır. Elə onun ürəyini bulandıran da ətrafındakı şair həmkarlarının bəzilərinin saxtakarlığıdır. “Kəs, bu şairin də dadına baxaq” deyən müəllif başqa bir şeirində şairlərin iki dövrünü müqayisə edir. Bu müqayisə satirik dillə elə qələmə alınıb ki, insan şairlərin halına gülmək, yoxsa ağlamaq lazım olduğunu anlaya bilmir:

…Nizama düşübsüz, səfə düşübsüz,
Cild-cild, kitab-kitab rəfə düşübsüz,
O qədər çoxalıb yazmalı dərdlər,
Deyən dərd əlindən kefə düşübsüz,
Axşamınız xeyir, şair dostlarım.

İndi nə sevincdən göz yaşları var,
Nə qəmin üzünə gülür şairlər.
Bir zaman öləndə doğulardılar,
İndi sağlığında ölür şairlər,
Ramiz Qusarçaylı, axşamın xeyir.

Ramiz Qusarçaylı yaradıcılığından danışıb onun vətənə, Azərbaycana, Qarabağa həsr olunmuş şeirlərini xatırlamamaq ən azından günah olar. Ümumiyyətlə, Ramiz müəllimin bütün yaradıcılığında bir nisgil, bir intizar, bir üsyan, bir hayqırış var. “Gecələr dağlara baxa bilməyən” şairin bu həsrəti bir dağ olub asılıb ürəyindən.

Ramiz müəllimin şeirlərində Şuşa həsrəti bir başqa cür göstərir özünü. Onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin bir yerində şair deyir:

…Şuşada sən qonduğun daşa
pir deyəcəyəm,
Çəkəcəyəm gözümə
kölgən düşən torpağı,
Azərbaycan bayrağı…

Şairi bütöv Azərbaycan dərdi göyüm-göyüm göynədir. Vətəninin getdikcə daralan sərhədlərini görən bu vətən həsrətli insanın sinəsindən bir ah qalxır ki, bu ah bir alova dönüb- dağları, daşları, o taylı, bu taylı Azərbaycanı bir-birindən ayrı salan tikanlı məftilləri yaxıb, yandırır, yox edir. Şair Vətəninin başına gətirilən müsibətlərin günahını onun-bunun üstünə atmır, hamı kimi özünü də günahkar bilir, özünü də bağışlamır:

Ürək dindi ağla, söz dindi ağla,
Ağla hər misranı, hər bəndi ağla.
Təbrizi, Şuşanı, Dərbəndi… ağla,
Mənim ölmüşümə rəhmət düşürmü?

Şairi hər yerdə olduğu kimi məhəbbət şeirlərində də cəsarətli görürük. Onun sevən aşiqi sevgisi uğrunda hər cür əzab-əziyyətə, hətta ölümə belə hazırdır:

…Çox ayrılıq əsdi bizdən,
Üşüdülər istimizdən…
Dağ yeriyə üstümüzdən,
Keçə… səni sevəcəyəm…

Və ya:

Sığışmırdım yerə-göyə,
Bəlkə quru səsdim sənə,
Şeirim, sözüm azdı deyə
Ürəyimi kəsdim sənə…

Ramiz müəllimin şeirlərini oxunaqlı, təsirli edən bir sıra səbəblər var. Ən başlıcası odur ki, şair şeirlərini Azərbaycan ədəbiyyatının “ana vəzni” hesab olunan, laylalarımızın, bayatılarımızın, nəğmələrimizin söyləndiyi heca vəznində qələmə alır. Bütün çətinliklərinə baxmayaraq, heca vəzninin Azərbaycan xalqına, oxucusuna olan doğmalığını, onun ruhuna yaxınlığını kimsə inkar edə bilməz. Başqa bir cəhət isə şairin dil sadəliyi, şeirlərində bədii təsvir və ifadə vasitələrinin zənginliyidir. Şair oxucusu ilə elə onun öz sadə, şirin ana dilində, el ləhcəsi ilə danışır. O, yeri gələndə “ev”ə “öy” deyir, ya da xalq arasında “çobanaldadan” kimi tanınan bir bitkini şeirinə obraz olaraq seçə bilir:

Bir ot bitir
bu yerlərin dərəsində,
dərələrin tirəsində…
…yaşıl otun bir adı var,
ada bax,
Çobanaldadan…

Şair epitet, metafora, metonimiya, litota, mübaliğə, inversiya kimi bədii təsvir və ifadə vasitələrindən də böyük ustalıqla istifadə edir:

Dağlar bir-birinin xətrinə dəyir,
Daşlar bir-birini yeyir, baxsana-

– misralarında metaforanın gözəl bir nümunəsi ilə qarşılaşırıq. Belə ki, burada insana aid xüsusiyyətlər dağların, daşların üzərinə köçürülür. Və ya şairin “Gileyli” şeiri başdan-sona metaforaların üzərində qurulub:

Bu yaz gec gəlmişəm doğma yerlərə,
Gəzdiyim yamaclar, yallar gileyli.
Başımın üstündə buludlar küskün, –
Ayağım altında yollar gileyli.

Ramiz Qusarçaylının şeirlərində mübaliğə (şişirtmə) və onun əksi olan litotanın (kiçiltmə) da gözəl nümunələrinə rast gəlirik. Məsələn:

Baxma nə yazılıb daşımın üstə,
Qəbrim çiçəkləyər ahımdan, gözəl.
Bir bulud ağlasa başının üstə,
Mənəm, muğayat ol ruhumdan, gözəl-

-misralarıyla müəllif dərdinin, sevgisinin nə qədər böyük olduğunu göstərməyə çalışırsa,

Gül gülə ötürər,
Sünbül sünbülə,
Yaşıl heydən salar, al vurar məni,
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni-

– sözləriylə isə özünün cismini o qədər kiçildir ki, hətta bir quşun belə onu qaldıra biləcəyini söyləyir…
Fikrimcə, müasir ədəbiyyatımızda Ramiz Qusarçaylı kimi sözün qədrini, dəyərini anlayan, sözə sahib çıxan vicdanlı bir şairin varlığı XXI əsr Azərbaycan ədəbiyyatının önəmli qazancıdır, desəm, əsla mübaliğə etmiş olmaram.