se

…Bu gün hər şey başqa idi, bambaşqa… Hər tərəfdə çal-çağır idi. Hər kəsin üzünü sevinc bürümüşdü. Zəfər mahnıları qulaqları batırırdı. İllərdir həsrətində qaldığımız torpaqlarımız geri alınmışdı. Təkcə Qarabağ deyil, indiki Yerevan, Borçalı, Təbriz və tarix boyu parçalanmış bütün şəhər, rayon və kəndlərimiz də… Binaların balkonlarında bir dənə də olsun yuyulmuş paltar asıldığını görməzdin. Bina başdan ayağa üçrəngli bayraqlarla bəzidilmişdi. Şəhərdə əsgər geyimindəki adamlar daha çox gözə dəyirdi. İlahi, bir ölkə bu qədərmi xoşbext ola bilərmiş?.. Küçələrdə, tinlərdə, gediş-gəliş çox olan yerlərdə hər addımbaşı qarşına çıxan, dilənçilərdən əsər-əlamət yox idi. Getdikcə teeccüblenirdim, gözlərimə inana bilmirdim. Birdən nəzərim yaxınlıqdakı bir marketə sataşdı. Böyük marketin girişindəki elanda belə yazılmışdı – Bu gündən çörək, yağ, un, şəkər müştərilərimizə pulsuz veriləcək! Siz hələ o marketdən çıxan insanları görəydiniz. Əlləri dolu olan ağbirçək nənənin üzündəki qırışlar belə gülürdü. Bəlkə də pensiya kartındakı pulundan xərcləməməsi onu daha çox sevindirirdi. Hələ bu harasıydı. Bankların birinin qarşısındakı elan məni daha çox heyrətləndirdi. Yazılanlara, ya da gözlərimə inanmaq üçün elanıüç-dörd dəfə oxumalı oldum: “Banklara borcu olan vətəndaşların nəzərinə! Bu günə kimi olan borclarınız, bank rəhbərlərinin qərarına əsasən silinmişdir!” -Yox! Bu qədəri ancaq yuxu ola bilər-deyə-deyə gözlərimi ovxalayırdım. Birdən kimsə əliylə ehmalca çiynimə vurub: – Nə yuxu? Bunlar həqiqətdir!- deyib, gülümsünərək, avtobusun pəncərisindən bir binanı göstərdi. Görünür həyəcandan özümü itirmişdim. Yanımdakı sərnişin dillənməsəydi avtobusda olduğumu belə xatırlamazdım. Sərnişin göstərdiyi bina “AZƏRENERJİ”nin binası idi. Ordakı elan da əvvəl gördüyüm elanlar kimi məni təəcübləndirdi: ,, Əziz abunəçilər! Bu günə qədər olan bütün elektrik borclarınız silinmişdir. Bu gündən etibarn elektrik pulsuz veriləcəkdir!” Sevindiyimdən bilmirdim nə edim. Demək hər şeyə səbəb müharibə imiş… …Birdən səsə oyandım. Əvvəl nə olduğunu bilmədim. Bir neçə dəqiqə donub yerimdə qaldım. İkinci dəfə yenə həmin səsi eşitdim. Kimsə qapını döyürdü. Yatağımdan qalxıb qapıya tərəf getdim. Qapını açanda bir kağız yerə düşdü. Kağızda yenə elan var idi: “XƏBƏRDARLIQ!!! Hörmətli abunəçi! Elektrik borcunuzu iki gün ərzində ödəməsiniz, elektrik verilişi xəbərdarlıq edilmədən kəsiləcəkdir. Ümumi borc 70 azn, məsulliyətli şəxs: E. İMANOV” 30.12.2015″ …Otağa qayıtdım. Axşamdan açıq qalan televizorun səsini ucaltdım. Valyuta xəbərləri gedirdi. Ötən gün qara bazarda bir dollar bir manat yetmiş qəpik imiş…