1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

DUALARIM
Allahım!

Bu gözəl, müqəddəs gündə,
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan- şöhrətinə.
Şəhid qanı qarışmasın torpağa,
Nisgil yetişməsin heç bir ocağa.
Ürəklərdə qoy sızıltı gəzməsin,
Taleləri kədər, sazaq əzməsin!
Allahım!

Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə.
Yolun açıq eylə, yurd-yuvasızın.
Çarə qıl halına el-obasızın!
Zalıma yol vermə, qır tələsini,
Yeməsin məzlumun son tikəsini!
Allahım!

Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə.
Qoru qoca ata-anaları sən,
Onlara sağlamlıq ver bu həyatda,
Bəs onlar olmasa, Uca Allahım,
Kim alar bizləri qanadı altda?!
Cəmi xəstələrə eylə mərhəmət,
Qoyma xəstəlikdən əsər-əlamət!
Allahım!

Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə,
Cəmi dustaqların aç qapısını,
Onların da günü bir imtahandır,
Xeyrə qovuşsunlar, daha, amandır!
Allahım!

Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə,
Əskik etmə bizdən suyu-çörəyi,
Qayıtsın torpaqlar, ellər-obalar,
Bağımızda bitir gülü-çiçəyi,
Yetir ey Allahım, xoş gələcəyi!

* * *

…Gözlərini görəndən,
Qəm kədəri atmışam,
Sənə qovuşmaq üçün,
Nələrə qatlaşmışam!!
Haqsızlığa inciyib,
Küsmüşəm, ağlamışam.
Gəl keçək bu sədləri,
Sən də mənimtək alış!
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!!