Nəyi gözləyirsən susub bu qədər,
Bəs niyə demirsən qəlbindəkini?!
Dolanıb dünyanı əlində çıraq
Gəzib tapammazsan bir də bu günü…
Hələ səninkidi bu vaxt,bu vədə;
Hələ əlindədir bütün ixtiyar.
Bu saxta qüruru tulla bir yana,
Bu qapı,bu kilid,bax,bu da açar.
Tanrı qədəminə düzüb bu yolu,
Bəs niyə gedirsən ayrı yolla sən?
Qanrılıb o yana-bu yana baxma,
Dayanma,dəyişmə yolunu qəsdən.
Həmişə ağlına qulaq asıbsan,
Qəlbinin sözünə bax bircə dəfə.
Taleyin payııdı bəlkə bu görüş,
Bəlkə üzə gülür baxt bircə dəfə…
Baş qoşma kimsənin məsləhətinə,
Nə sən birincisən bu yolda,nə mən.
Məhəbbət dənizdi-düşdün dayanma,
Batıb gedəcəksən üzə bilməsən.