1836816_10200683320604901_1150158201_o

“Sən yalnız sevgi şeirləri yaz!” – bunu çoxları deyib mənə…

Sevgi nə cür olur – izahı varmı?
Düşüncəm – sevgidi, ruhum – sevgidi.
Görəsən sevənin günahı varmı?
Göz yaşım – sevgidi, ahım – sevgidi.

Sevgidən doğulub mənim hər anım,
Ota da sevgim var, quşa da sevgim.
Hər kiçik zərrəyə qaynayır qanım,
İnsana da sevgim, daşa da sevgim.

Minbir rəngə çalır təbiət yenə,
Hər gülün ləçəyi öpülsün gərək.
Çöllərə imılıq yağış yerinə
İnsanın sevgisi səpilsin gərək.

Torpaqdan cücərən yaşıllıq deyil,
Sevgidir – Tanrının öz ülfət payı.
Sevgiyə dönməsə, bil ki, haqq deyil –
Təmizlik, halallıq, mərifət payı.

Bu da bir sirr olub yer yaranandan,
İnsan olan niyə insanı sevdi?!
Hikmətin nuruyla qəlb daranandan,
Məhəmmədi sevdi, İsanı sevdi.

Adəmin Həvvaya mehri yaşatdı
Bu sonsuz ərzi də, insanlığı da.
Möcüzə yaradan sehri yaşatdı
“Quran”ı, “İncil”i, İsalığı da.

İdrakın gücü yox – dərk edə bilsin,
Yer niyə Göy ilə həmahəng durur?
Sevgi qanad verir – yol gedə bilsin
İnsanın sınmayan eşqi – qüruru.

Sevgi – ürəklərdə çağlayan bulaq,
Bu sudan dadmağa tələsər hər kəs.
Bir qəlbi min qəlbə bağlayan bulaq,
Min il aşıb-daşa, eşqi tükənməz.

Sevgiylə doğulur insan anadan,
Qonur çiynimizə sevgi mələyi,
Sevir ölə-ölə, ölür sevdadan,
İnsanın sevgiyə təşnə ürəyi.

29. 06.2009