1836816_10200683320604901_1150158201_o

Bayırda qar yağır… bayır üşüyür,
Çəmən soyuqlayır, çayır üşüyür.
Qar altda sərçənin payı üşüyür,
Qar üstdə iz salır ləpirlər indi.

Bacanın tüstüsü donur havada,
Lopa qar qar üstə qonur havada.
Dəni bir-birindən qapıb havada,
Qarğalar gözünə təpirlər indi.

İtlər dayaq gəzir bir cüt, bir təkə,
Qayanın burnunda silkinir təkə.
Nənələr böyrünə yığıb mütəkkə,
Nağılı noğultək səpirlər indi.

Ocaqda çırthaçırt odun alışır,
“Ruhlardır, yəqin ki, bizdən danışır”.
Müqəddəs göylərdə gəzib-dolaşır
O ulular indi, o pirlər indi…
26.01.2005