Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
/”Könül dəftərim” – silsiləsindən/
Dərdə, sərə boyanmışam,
Kül olmuşam, lap yanmışam.
Boynu bükük dayanmışam,
Dön gəl, özün oxşa məni.
Dünya sərxoş, dünya yatıb,
Dərd yükünü mənə çatıb.
Doğmalar da məni atıb,
Dön gəl, özün oxşa məni.
Zindan kimi, zülmət otaq,
Buz kimidir sənsiz yataq.
Dön, fələyə meydan açaq,
Dön gəl, özün oxşa məni.
Gör haradan əsir yellər?
Xəndan olub qızıl güllər.
İnlər “Yanıq sazda” tellər,
Dön gəl, özün oxşa məni.
Olammazsan bunca zalım,
Düşün, sənsiz necə qalım?
Dön yanıma, qadan alım,
Dön gəl, özün oxşa məni.
Dövran tutsun gül əlindən,
Keçək həsrət, qəm selindən.
Seçilməyək “bəy- gəlindən”,
Dön gəl, özün oxşa məni…