Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
***
Kölgəm, dünya savaşına ac adam…
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi… Sən sənsən. Mən mən deyiləm…
Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza, atım,
ayda bir kərə açılan poçt qutusuna?!
…Ah nə ola, onun da ahı tuta,
Mənə ürək açalar, qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar…
Sosial peyzaj
Saxta təbəssümlər
Eşidə bilmədiyin pıçıltılar kimidi;
Adama hicran verir.
…Ruhun fikri göydə, özü darda.
Açığı, alındakı qırışların sayı qədərdi
Sürüşkən xəyallar da…
…Bir də görürsən, duaların
dodaqlarının arasında güvə tutub.
Məyusluq canını sarır,
Əllərini Allahdan aralayırsan.
Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir…
Bir tikə çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərçə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdıran villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
…Zaman çat salır.
Bir əcnəbi də
Kamerasının yaddaşına həkk edir
İşıqlı küçələrdəki qara kölgələri…