Şöbəmizdə tez-tez maraqlı hadisələr baş verirdi. Bu gün də belə oldu. İşə təzəcə başlamışdıq. Telefon zəng çaldı. Əlizadə telefonun dəstəyini qaldırdı. Zəng edənin səsini yaxşı eşitməsəm də, başa düşdüm ki, onların söhbəti təxminən bu məzmundadır:
-Bəli, eşidirəm..
-Kimdir, danışan?
-Əlizadə.
-Mənə Ağayev lazımdı.
-Bəli, Ağayevdi.      
-Ə… Bayaqdan deyirdin, Əlizadədir, indi deyirsən, Ağayevdir.
-Əlizadə adımdır,  Ağayev soyadımdır.
-Qəribə adınız var e, lap soyada oxşayır.
-Bağışlayın, Siz kimsiniz?
-Babalı.
-Adınız nədir?
-Dedim, Babalı.
-Bəs, soyadınız?
-Soyadım Aslandır.
-Sizin də qəribə soyadınız var, lap ada oxşayır. Üstəlik adınız da elə bil soyaddır.
Birdən Əlizadə gülməyə başladı. Telefonun o biri başından da gülüş səsi gəlirdi.