
Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “Təbiət danışanda – Varislər” immersiv sərgisi açılacaq
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Təbiət danışanda – Varislər” immersiv sərgisi təqdim olunacaq.
Festivalda “İZ” layihəsi ilə iştirak edən rəssam Tati Sattar AZƏRTAC-a açıqlamasında ideyanın formalşmasının dərin araşdırma mərhələsindən sonra baş tutduğunu söyləyib.
O qeyd edib ki, “Qafqazın Böyük Beşliyi”nə daxil olan heyvanların hər birini ayrı-ayrılıqda tədqiq etməyə başlayıb: “Onların nə ilə qidalandıqları, necə yatdıqları, hansı şəraitdə yaşadıqları, nədən tələf olduqları və digər xüsusiyyətləri ilə maraqlandım. Çünki bu canlıları dərindən hiss etmək üçün həyatlarını ən xırda detalına qədər öyrənməli, təbiətlərini anlamalı idim. Onların böyük əksəriyyətini heç vaxt öz gözlərimlə görməmişdim və bu, mənim üçün bir növ çağırış idi. Hər bir heyvanın aləmini ayrıca araşdırmaq özlüyündə maraqlı və əyləncəli proses olsa da, üzücü tərəfləri də az deyildi. Bu heyvanların tələf olma səbəblərini öyrənmək insan faktorunun problemə hərtərəfli təsirini ortaya qoyurdu. Qanunsuz ovlanma, təbiətə vurulan ekoloji zərər, sənayeləşmə və urbanizasiya bu prosesdə mühüm rol oynayır. Bütün bunları öyrəndikcə layihənin ideyası formalaşdı. Diqqəti yalnız bir heyvana və ya problemə yönəltmək əvəzinə, ümumi mənzərə yaratmaq istədim. Beləliklə, “İZ” layihəsi yarandı”.
Rəssam vurğulayıb ki, şəhər mərkəzlərində təzə tökülmüş beton üzərində heyvan pəncəsi izlərinə tez-tez rast gəlirik və bu, artıq adi mənzərəyə çevrilib: “Məhz buna görə beton instalyasiya hazırlamaq qərarına gəldim. İnstalyasiyada “Qafqazın Böyük Beşliyi”nə daxil olan beş heyvanın pəncə izləri təsvir olunur. Bu izlər tədricən yox olur və onların yerini insan ayaq izləri tutur”.
Tati Sattar layihəni həyata keçirərkən məhz beton instalyasiya metodunu seçməsinin səbəbini belə izah edib: “Bu ifadə vasitəsi və material ilə insan fəaliyyətinin sənayeləşmə və urbanizasiyaya təsirini göstərmək istəyirdim. İnsanların təbiətə yanlış və eqoist müdaxilələri digər canlıların yaşayış yerlərindən məhrum olmasına, hətta tələf olunmasına gətirib çıxarır. İnstalyasiyanın sonunda insan ayaq izlərinin də yoxa çıxdığı təsvir olunur. Bu kiçik detal işin ən vacib və təsirli hissəsidir. Bununla tamaşaçıya çatdırmaq istəyirəm ki, təbiəti və biomüxtəlifliyi qorumasaq, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk etməsək, sonda bizdən də geriyə heç bir iz qalmaya bilər”.
O, həmçinin əlavə edib ki, bu mövzuya ən həssas və empatik şəkildə məhz sənətçilər yanaşa bilərlər: “Məsələnin həssas tərəfini hiss etdirmək və onu sənət vasitəsilə ifadə etmək sənətçilərin üzərinə düşən məsuliyyətdir. İstərdim ki, tamaşaçı sərgidən ayrılarkən ‘Mən təbiətin yeganə varisi deyiləm’ düşüncəsi ilə getsin. İnsan özünü təbiətin yeganə sahibi hesab etməyə davam etdikcə bu dünyadakı mövqeyini itirmək riski ilə üzləşəcəyini anlamır. Halbuki təbiət bizə hər gün müxtəlif mesajlar ötürür və biz bu mesajları görməzdən gələ bilmərik”.
Mənbə: https://azertag.az/