
Milli Kitabxana Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində fəaliyyətini davam etdirir. Hazırda dünyanın 19 ölkəsində Azərbaycan ədəbiyyatı bölmələri yaradılıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov söyləyib.
O bildirib ki, həmin bölmələr hər il Prezidentin sərəncamları əsasında nəşr olunan kitablarla təmin edilir. “Bu təşəbbüs Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tanıdılmasına, milli-mənəvi dəyərlərin və tarixi irsin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Müasir dövrdə elektron resursların və süni intellekt imkanlarının genişlənməsinə baxmayaraq, kitab öz əhəmiyyətini qoruyub saxlayır.
Milli Kitabxanada xidmətlərin bir qismi süni intellektəsaslı texnologiyalar vasitəsilə həyata keçirilir. Kitabxananın fondunda XI–XII əsrlərdən başlayaraq müxtəlif dövrlərə aid nadir nəşrlər qorunur, o cümlədən Nizami Gəncəvinin əsərlərinin əlyazmaları tədqiqatçılar tərəfindən araşdırılır. Azərbaycan ədəbiyyatının, musiqisinin, tarixinin və teatrının zəngin irsinin gələcək nəsillərə çatdırılması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması Milli Kitabxananın əsas fəaliyyət istiqamətlərindəndir”, – deyə K.Tahirov əlavə edib.
Fotoqraf – Azər İbrahimov
Videooperator – Şövqi Əzizov
Mənbə: https://azertag.az/