
Kitab sərgisi yazıçıları və oxucuları bir araya gətirməklə insanlara fərqli bir mühitdə olmaq, ədəbiyyatla daha yaxından tanışlıq imkanı yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.
“Kitab sərgilərində olmaq mənim üçün rahatlıq və xoşbəxtlikdir. Çünki burada yazıçılar, oxucular və mütaliəni sevən insanlarla bir yerdə olursan və bir həftə müddətində, belə deyə bilərəm ki, fərqli bir dünyada yaşayırsan”, – deyə R.Məcid qeyd edib.
R.Məcid XII Bakı Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərini qarşıdakı bir həftə ərzində müxtəlif tədbirlərdə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, sərgidə uşaqlar üçün çoxsaylı kitablar, əyləncələr, xarici dil öyrənməyə yönəlmiş kurslar və tədbirlər təşkil olunur.
O, builki sərgidə çoxlu xarici qonağın iştirak etdiyini, həmçinin ədəbiyyatla yanaşı, digər sahələrdə fəaliyyət göstərən müəlliflərlə görüşlərin də keçirildiyini diqqətə çatdırıb.
R.Məcid XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən “Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı layihəyə də toxunub. O, oxucuları səsvermədə fəal iştirak etməyə və ən çox sevdikləri müəllifə səs verməyə dəvət edib.
Müxbir- Lalə Minasazova
Mənbə: https://azertag.az/