
Azərbaycan Respublikasında 2026-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və təbliği məsələlərini bir daha diqqət mərkəzinə gətirir.
Bu məqsədlə ölkəmizin zəngin memarlıq irsinin tanıdılması, tarixi abidələrin qorunması və təbliğinə həsr olunan silsilə materialların təqdimatı davam etdirilir.
AZƏRTAC memar, professor Elçin Əliyevin Naxçıvanın qədim “Gülüstan” türbəsinə həsr olunmuş məqaləsini oxucularla bölüçür.

“Gülüstan” türbəsi Naxçıvanın ən qiymətli tarixi-memarlıq abidələrindən, Azərbaycan daşişləmə sənətinin incilərindən biridir. Türbənin adı “cənnət bağçası” mənasını verir. Bunun da öz izahı var. Abidə Naxçıvan Muxtar Resbublikasında, Culfa rayonunun Cuğa kəndi yaxınlığında yerləşir. Həmin ərazi “Qızılgüllük” adı ilə də tanınır. Yaxınlığından Araz çayı axır, ətrafında isə dağlarla əhatələnmiş gözəl düzənliklər uzanır.
Zəngin, mürəkkəb, eyni zamanda qeyri-adi dərəcədə zərif həndəsi naxışlarla bəzədilmiş tikili on iki guşəlidir. Təəssüf ki, naxışların müəlliflərinin adları günümüzədək gəlib çatmayıb. Bununla belə, onların yüksək sənətkarlığı həndəsi fiqurların və çoxşüalı ulduzların ahəngdar vəhdətində özünü göstərir.
“Gülüstan” türbəsinin əsas xüsusiyyətlərindən biri qırmızı rəngli daşlardan inşa edilməsi və daş üzərində ustalıqla işlənmiş naxışlarıdır. Abidənin qırmızı rəngi yaxınlıqdakı dağlardan çıxarılan qırmızımtıl gilli daşlardan istifadə olunması ilə əlaqədardır. Mövcud üslubi araşdırmalar məqbərənin inşa tarixini təxminən XII əsrə aid etməyə əsas verir.

Qeyri-adi memarlıq quruluşuna malik olan məqbərə möhkəm özül üzərində ucaldılıb. Tikilinin gövdəsi sanki hər tərəfdən üçbucaqlı tillər şəklində yonulub. Türbənin kürsü hissəsi də səkkiz cərgə ilə düzülmüş, diqqətlə yonulmuş iri daşlarla üzlənib.
Bir vaxtlar məqbərənin üzəri on iki guşəli qübbə-piramida ilə örtülü olub. Təəssüf ki, həmin örtük günümüzədək qorunub saxlanmayıb. Bunun əsas səbəblərindən biri abidənin inşasından təxminən səkkiz əsrdən çox vaxt keçməsidir. Buna baxmayaraq, tikilinin əsas hissəsi nisbətən yaxşı vəziyyətdə qalıb.
Türbənin bütün səthləri həndəsi naxışlarla bəzədilib. Abidənin yuxarı hissəsi isə naxışlı daş hörgü elementləri ilə zəngin şəkildə işlənib. “Gülüstan” məqbərəsinin on iki guşəli gövdəsində və memarlıq dekorunda həmin dövrün görkəmli memarı Əcəmi Naxçıvani tərəfindən işlənib hazırlanmış memarlıq üslubunun və bədii-dekorativ üsulların təsiri aydın hiss olunur.
Zaman keçdikcə ciddi aşınmalara və dağıntılara məruz qalan Gülüstan türbəsində 2015-ci ildə bərpa işləri aparılıb.
Müxbir – Gülay Nəzərova
Mənbə: https://azertag.az/