(Qadın komandirin döyüş və yaradıcılıq dünyası)
Azərbaycan hərb və ədəbiyyat tarixində ön cəbhənin birbaşa fəal iştirakçısı olan, eyni zamanda yaşantılarını bədii süzgəcdən keçirərək poetik salnaməyə çevirən müəlliflərin yaradıcılığı xüsusi elmi-nəzəri əhəmiyyət kəsb edir. Birinci Qarabağ müharibəsinin çətin dövrlərində altı ildən artıq bir müddəti soyuq və rütubətli səngərlərdə keçirmiş, döyüş yoldaşları tərəfindən fəxrlə “komutan” adlandırılmış Qarabağ müharibəsi veteranı və şairə Aida Şirinovanın yaradıcılığı bu baxımdan mükəmməl bir nümunədir. O, sadəcə hərbi xaosu və müharibənin gətirdiyi tarixi travmaları qeydə alan xarici müşahidəçi deyil, hadisələrin birbaşa eskatoloji və egzistensial nüvəsində yer alan döyüşçü-şairədir. Onun poeziyası otuz illik milli ağrını, işğal dövrünün psixoloji deqradasiyasını və nəhayət, 44 günlük Vətən müharibəsinin Şanlı Zəfərlə tamamlanan mütləq nizamını ehtiva edən bütöv bir savaş manifestidir.
Aida Rəcəb qızı Şirinova 1959-cu il avqustun 7-də qədim Bərdə torpağında dünyaya göz açmışdır. Erkən yaşlarından qəlbində çağlayan yurd sevgisi, onun gələcək həyatının və hərbi tale süzgəcinin mayasını təşkil etmişdir. Şairəlik istedadı və daxili dünyasının poetik təzahürləri onu gənclik illərindən etibarən vətənpərvərlik ruhundakı misralarla cəmiyyətdə tanıtmışdır. Müharibədən sonrakı illərdə də ömrünü asayişin, qanunun keşiyində durmağa həsr edən bu sadiq vətən övladı, Daxili İşlər Nazirliyi sistemində uzun illər qüsursuz xidmət göstərmiş, 1993–1998-ci illərdə Şuşa və Ağdərə, 1998-2019-cu illərdə isə Bakının Qaradağ və Nəsimi rayon polis idarələrində çalışaraq polis mayoru rütbəsinə qədər yüksəlmişdir.
1992-ci ildə törədilən Xocalı soyqırımı Aida Şirinovanın taleyində kəskin bir dönüş nöqtəsi olmuşdu. Qəlbi vətən ağrısı ilə döyünən gənc qız, heç bir tərəddüd etmədən könüllü surətdə cəbhəyə yollanaraq Bərdə Ərazi Müdafiə Batalyonunun (733 saylı hərbi hissə) sıralarına qoşulmuşdu. Ağır döyüş şəraitində göstərdiyi sarsılmaz mətanət, təşkilatçılıq bacarığı və əsgərlərə göstərdiyi ana qayğısı onu Azərbaycan hərb tarixində əsgərlərin sosial müdafiəsi üzrə ilk qadın komandir müavini zirvəsinə ucaltmışdı. Səngərlərdəki mərdliyinə, məğrurluğuna və fədakarlığına görə silahdaşları tərəfindən böyük ehtiramla “qaqa” deyə çağırılan bu cəsur qız, Şuşa və Ağdərə istiqamətlərində gedən qanlı döyüşlərin birbaşa iştirakçısı olmuşdur.
Aida Şirinova şəxsiyyətinin və yaradıcılığının kökləri Azərbaycan xalqının milli azadlıq ruhuna və epik qəhrəmanlıq arxetiplərinə bağlıdır. Onun altı illik məşəqqətli səngər həyatı və cəbhədə göstərdiyi şücaətlər qədim dastanlarımızdakı Tomris ana, Burla Xatun, Banuçiçək, eləcə də yaxın tariximizin Nigar və Həcər kimi qəhrəman Azərbaycan qadın obrazlarının müasir müstəvidə reallaşmasıdır. Onun “Anam mənə oğul dedi” kvintessensiyası bu baxımdan nəzəri ədəbiyyatşünaslıq üçün dərin semiotik mənalar daşıyır:
“Vətən mənə doğul dedi,
Anam mənə oğul dedi.
Düşmənlərin başı üstə,
Şimşək kimi çaxıl, dedi.”
Bu misralar fərdin bioloji və gender sərhədlərini aşaraq, mənəvi ana olan Vətən qarşısında ali borc subyektinə (“oğula”) çevrilməsinin bədii bəyannaməsidir. Vətənin “doğul” çağırışına və ananın “oğul” xeyir-duasına əməli ilə cavab verən müəllif, qadın döyüşçü kimliyini milli müqavimətin simvolu səviyyəsinə yüksəltmişdir. Şairənin vətənpərvərlik fəaliyyəti, həm fiziki, həm də mənəvi ananın etimadını doğruldaraq bayrağımızın Qarabağ torpaqlarında yenidən ucaldılmasına xidmət etmişdir.
Aida Şirinovanın poetik dünyasını və onun yaradıcılıq prioritetlərinin nəyə görə məhz hərbi-vətənpərvərlik ritmində kökləndiyini anlamaq üçün onun vizit vərəqi hesab olunan “Məhəbbət şeiri yaza bilmirəm” əsərinə nəzər salmaq yetərli və zəruridir. Bu şeir, fərdi hisslərdən kollektiv milli ağrıya keçidin poetik bəyannaməsidir:
Quruyub təbimin axan bulağı,
İstəməm, sözlərim olsun bayağı.
Mən Nüsrət sayağı, Musa sayağı
Məhəbbət şeiri yaza bilmirəm.
Aidanın şeirə “Quruyub təbimin axan bulağı” etirafı ilə başlaması ilham pərisinin yoxluğu deyil, müharibənin gətirdiyi dərin tarixi və ekzistensial travmanın yaradıcılığa qoyduğu kəskin qadağadır. Müəllif, “İstəməm, sözlərim olsun bayağı” deyərək bədii sözün məsuliyyətini dərk edir. Dərk etdiyi üçün də vətən torpağı işğalda olan, şəhidlər verən bir coğrafiyada sıradan, sentimental eşq şeirləri yazmağı öz mənəviyyatına sığışdırmır. Mətndə birbaşa Azərbaycan poeziyasının iki böyük korifeyinə – Nüsrət Kəsəmənli və Musa Yaquba edilən istinad (“Mən Nüsrət sayağı, Musa sayağı / Məhəbbət şeiri yaza bilmirəm”) çox mühüm ədəbi kontekst yaradır. Lirikamızın bu nəhənglərinin yaradıcılıq məktəbinə dərin ehtiram bəsləyən Aida Şirinova bəyan edir ki, hər dövrün öz hökmü var; indi məhəbbətdən yazmaq deyil, qələmi və silahı vətənin müdafiəsinə kökləmək, “müsəlləh əsgər” olmaq zamanıdır:
Səpilir nisgilim sətirlər üstə,
Köklənir şeirim şəhidlər üstə,
Udub dərdlərimi, udub ahəstə,
Məhəbbət şeiri yaza bilmirəm.
İkinci bənd şairənin öz yaradıcılıq missiyasını tam şəkildə elan etdiyi məqamdır: “Səpilir nisgilim sətirlər üstə, / Köklənir şeirim şəhidlər üstə”. Müəllif fərdi duyğuları rədd edərək bədii yaradıcılığını tamamilə şəhidlərin müqəddəs irsinə fəda edir. “Udub dərdlərimi, udub ahəstə” ifadəsi isə bir qadın komandirin daxili təmkinini, cəbhədə çəkdiyi acıları və göz yaşlarını içinə ataraq düşmən qarşısında dik durmaq məcburiyyətini bədii şəkildə ifadə edir. Bu şüurlu imtinadan sonra müəllifin yaradıcılığında reallaşan hərbi qətiyyət, onun digər əsərlərinin də əsas ideya təməlinə çevrilir.
Müəllifin post-müharibə dövrü ədəbiyyatına bəxş etdiyi “Azərbaycan əsgərim” şeiri, əsgər fenomeninin lirik-sakral obrazlaşdırılması baxımından diqqəti cəlb edir. Şairə subyekti obyektləşdirərək ön cəbhədəki hərbçini sadəcə texniki qüvvə kimi deyil, millətin ali qürur rəmzi kimi təqdim edir:
“Alışdınız yandınız,
Vətən oldu andınız,
Qələbə qazandınız,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim”.
Aida Şirinovanın adıkeçən şeirindən nümunə olaraq seçdiyimiz bu bənd, 44 günlük Vətən müharibəsinin gətirdiyi tarixi zəfərin, əsgər rəşadətinin və milli qürur hissinin bədii-fəlsəfi zirvəsidir. Bu misralar, özündə otuz illik işğal və intizardan sonra qazanılan böyük Zəfərimizin mənəvi kodlarını daşıyır.
Bəndin ilk misrası olan “Alışdınız yandınız” ifadəsi təkcə fiziki döyüş şəraitini (mərmi, atəş, müharibə alovunu) deyil, həm də əsgərin daxilində çağlayan mənəvi vulkanı tərənnüm edir. Bu, vətən naminə hər an özünü fəda etməyə hazır olan, döyüş meydanında “yanaraq” qəhrəmanlıq dastanına çevrilən Azərbaycan əsgərinin sarsılmaz iradəsinin poetik təsviridir.
“Vətən oldu andınız” misrasında müəllif, hərbi and anlayışını hüquqi çərçivədən çıxarıb ali mənəviyyat müstəvisinə qaldırır. Əsgər üçün vətən sadəcə qorunmalı olan bir coğrafi ərazi deyil, onun varlığının, namusunun və bütöv mənəvi dünyasının and yeridir. Bu and hərbçini qələbəyə aparan ən böyük psixoloji və mənəvi hərəkətverici qüvvə kimi çıxış edir. “Qələbə qazandınız” bəyanatı otuz illik xaosun, işğalın və tarixi travmanın bitdiyini elan edən teleoloji bir hökmdür. İlk Qarabağ müharibəsinin bütün məşəqqətlərini və məğlubiyyət ağrısını səngərlərdə yaşamış bir qadın komandir kimi Aida Şirinova üçün bu qələbə, həm də tökülən şəhid qanlarının yerdə qalmadığının, ilahi ədalətin bərqərar olduğunun formuludur.
Hər bəndin sonunda ritual olaraq təkrarlanan “Sənsən qürur mənbəyim, Azərbaycan əsgərim” refrreni (nəqarəti) əsərə marş və himn xarakteri qazandırır. Bu misralar lirik subyektin fərdi hissiyyatından çıxaraq bütöv bir millətin ordusuna olan minnətdarlıq və qürur nidasına çevrilir. Bu bənd bütövlükdə Aida Şirinovanın yaradıcılığındakı “Polad iradənin” zəfər marşıdır. Müəllif burada əsgəri sadəcə texniki cəhətdən vuruşan bir hərbçi kimi deyil, millətin qürurunu ucaldan, tarixi yenidən yazan bir qəhrəman kimi xalqa təqdim edir:
Dərdlərə sirdaşsınız,
Aidayə qardaşsınız,
Əsl Vətəndaşsınız,
Sənsən qürur mənbəyim
Azərbaycan əsgərim.
Bu bənd isə əsərin lirik və mənəvi baxımdan ən pik, ən təsirli nöqtəsi, bir vətənpərvərlik tərifindən çox, dərin bir mənəvi bağın və hərbi tale ortaqılığının bədii ifadəsidir. Bəndin ən funksional və həlledici məqamı müəllifin öz şəxsi adını – “Aidaya qardaşsınız” ifadəsini birbaşa şeirin daxilinə köçürməsidir. Bu priyom ədəbiyyatşünaslıqda lirik subyektlə müəllif kimliyinin tam vəhdətini yaradır. Aida Şirinova burada kənardan baxıb əsgərə sadəcə tərif yazan bir şairə deyil, əksinə altı il boyu soyuq və rütubətli səngərləri hərbçilərlə bölüşmüş, onlarla eyni taleyi yaşamış bir döyüş yoldaşı, bir “komutan” kimi danışır. Burada, əsgərin “dərdlərə sirdaş” kimi təqdim edilməsi müharibənin gətirdiyi eskatoloji və psixoloji gərginliyi ifadə edir. Səngərdəki əsgər həm vətəni qoruyan texniki bir qüvvə, həm də ölümün, itkinin və milli ağrının gətirdiyi mənəvi dərdi çiyinlərində daşıyan fəlsəfi subyektdir. Əsgərə “qardaş” deyə müraciət edilməsi, kənardan deyilən birtərəfli tərif deyil, bilavasitə səngər yoldaşlığı və ortaq tale ortaqlığından doğan səmimi və hermenevtik bir bağın təzahürüdür. Ona “qardaş” deyə müraciət edilməsi isə, bioloji qohumluq sərhədlərini aşaraq, cəbhədə qurulan sarsılmaz hərbi qardaşlıq (vətən ailəsi) arxetipini formalaşdırır. “Yerdə qalmadı qanlar” tezisi həm hüquqi, həm də ilahi ədalətin bərqərar olunmasının poetik formulası kimi çıxış edir.
Döyüşçü şairə vətəndaşlıq anlayışına tamamilə yeni və praktiki bir meyar gətirir. Müəllifin nəzərində əsl vətəndaşlıq statusu pasport və ya hüquqi sənədlərlə deyil, vətənin ən çətin anında cəbhədə durmaqla, canını sipər etməklə qazanılır. Bu misra passiv sosioloji müşahidəçiliyi rədd edib, aktiv fədakarlığı ucaldır. Bəndin sonunda təkrarlanan “Sənsən qürur mənbəyim, Azərbaycan əsgərim” refrreni (nəqarəti) ritual xarakter daşıyır. Bu təkrarlanma əsərin ümumi ritmini marş və himn səviyyəsinə qaldırır, oxucuda emosional coşqu və milli qürur hissi formalaşdırır. Bu bənd Aida Şirinovanın yaradıcılığındakı “zərif ruhla polad iradənin” kəsişmə nöqtəsidir. O, əsgəri həm bağrına basan bir bacı zərifliyi, həm də onunla çiyin-çiyinə vuruşan bir döyüşçü mərdliyi ilə tərənnüm edir.
Aidanın poetik dünyasında ən dramatik və fəlsəfi-ekzistensial motivlərlə zəngin mətnlərdən biri də “Ucalsın bayrağımız” əsəridir. Şeirdə işğal dövrünün gətirdiyi mənəvi yadlaşma və kollektiv süstlük kəskin tənqid atəşinə tutulur:
“Ey qəminə sevinib, ölümə şad olanlar,
Bəzən öz taleyinə, Vətənə yad olanlar.
Nəyə sevindiyini bir dərk eylə ay oğul,
Şahidlik etməkdənsə get vətəndə şəhid ol.
Sevincimiz yarımçıq, dərdimiz əbədidir,
Torpağımda ucalan erməni məbədidir”.
Müəllif sosioloji diaqnoz qoyaraq passiv müşahidəçilikdən (“şahidlik etmək”) aktiv tarixi subyektliyə (“şəhid olmaq”) keçid tələb edir. “Torpağımda ucalan erməni məbədidir” və “İgidimi öldürüb, gözünü oyanlar” ifadələri işğal altındakı coğrafiyanın vizual xaosunu və milli yaddaşın bu travmanı unutmamaq üçün göstərdiyi müqaviməti əks etdirir. Əsərin teleoloji yekunu coğrafi işğalın bitməsini və bütöv Azərbaycanda üçrəngli bayrağın mütləq suverenliyinin bərpasını qətiyyətlə tələb edir. Xüsusilə, müəllifin şifahi yaddaşlarda qorunub saxlanılan və şəhid analarına xitabi olan “Ey şəhidin anası” misraları, bu mənəvi müqavimətin ən emosional zirvəsini təşkil edir:
“Ey şəhidin anası, sil gözünün yaşını,”
“Vətən sağ olsun deyib, dik tut məğrur başını.”
“Düşmən baxsın qorxsun o məğrur duruşundan,”
“İntiqam boy fırlanar hər bir qisas quşundan.”
Bu əsərdə müəllif subyektin çəkdiyi acını tamamilə rədd etmir, lakin kədərin gətirdiyi passivliyi qürurlu duruşla əvəzləyərək sarsılmaz bir ana obrazı formalaşdırır.
Müəllifin yaradıcılığında şəhidlik fəlsəfəsinin və millətin qəhrəmanlıq yaddaşının ən sarsıdıcı, metafizik bədii nümunələrindən biri də “Gör, bir anda neçə ömür dayandı…” şeiridir. Bu əsər, Birinci Qarabağ müharibəsinin ağrılarını yaşamış bir qadın “komutan”ın gözü ilə müstəqillik tariximizin şəhidlik zirvəsini birləşdirən bədii-fəlsəfi bir sənəddir. “Qarabağda gül bitibdi qanından” ifadəsi ilə şairə Qarabağ güllərinin sadəcə botaniki bir varlıq olmadığını, bilavasitə şəhid qanından cücərən sakral bir rəmz olduğunu bəyan edir. “Siz də orda asta ötün yanından” çağırışı ilə oxucunu Qarabağ torpağına addım atarkən hərbi-mənəvi ehtirama dəvət edir.
Şairə burada torpağın hər qarışını bir şəhid məzarı, hər gülü isə bir qəhrəmanın ruhu səviyyəsinə qaldırır. “Orda ruhlar bir-birinə hayandır” misrası ilə fərqli dövrlərdə və cəbhələrdə şəhid olan vətən övladlarının metafizik bir müstəvidə birləşdiyini, bir-birinə dayaq durduğunu ifadə edir. Şeir ədəbiyyatşünaslıq baxımından həm də unikal bir tarixi-metafizik sintez yaradır:
“Çağır bir də, Mübarizim qoy gəlsin,
Kürəyini Pəncəliyə söykəsin.
Əzrayılın gözü çıxsın görməsin,
Bax, bu adlar yaddaşlarda qalandı,
Gör, bir anda neçə ömür dayandı…”
Bu bənd ədəbiyyatşünaslıq baxımından unikal bir tarixi-metafizik sintez yaradır: “Çağır bir də, Mübarizim qoy gəlsin, / Kürəyini Pəncəliyə söykəsin.” Müəllif 2010-cu ilin yayında təkbaşına düşmən səngərini darmadağın edən Milli Qəhrəman Mübariz İbrahimov ilə 2016-cı ilin Aprel döyüşlərində dastan yazan əfsanəvi kəşfiyyatçı Pəncəli Əliyevi eyni poetik məkanda görüşdürür. Bu iki qəhrəmanın kürək-kürəyə verməsi, Azərbaycan xalqının milli müqavimət ruhunun kəsilməzliyini, Birinci Qarabağ müharibəsindən Zəfərə doğru uzanan qəhrəmanlıq zəncirinin sarsılmaz halqalarını simvolizə edir.
Şairə xalq təfəkküründən gələn kəskin, emosional bir nida olan “Əzrayılın gözü çıxsın görməsin” ifadəsi ilə qəhrəmanların ölümə meydan oxuduğunu, şəhadət şərbətini elə bir məğrurluqla içdiklərini, hətta ölüm mələyi olan Əzrayılın belə bu polad iradə qarşısında aciz qaldığını, onlar ölmürlər, bioloji sonluğu aşaraq “yaddaşlarda qalan” əbədi adlara çevrildiklərini vurğulayır. Bəndin sonunda dramatik bir nida ilə təkrarlanan “Gör, bir anda neçə ömür dayandı…” refrreni (nəqarəti) əisə şeirin fəlsəfi-ekzistensial ana xəttidir. Müəllif burada müharibənin gətirdiyi ən böyük faciəni – gənc, yarımçıq qalmış ömürlərin bir saniyə içində nöqtələnməsini vurğulayır. Lakin bu “dayanma” bir yoxluq deyil; o, zamanın dondurularaq tarixin bədii və mənəvi yaddaşına birdəfəlik həkk olunması aktıdır.
İşğalçı qüvvələrin tarixi süqutunu və eskatoloji cəzasını elan edən “Mərd oğullar bu gün tarix yazacaq” şeiri, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatların poetik-fəlsəfi ifadəsidir. Mətndə Xocalı faciəsinin gətirdiyi tarixi travma və düşmənin Şuşada, Cıdır düzündə etdiyi nümayişkaranə təhqirlərə cavab ritmi hakimdir:
Yallı gedib verirdiniz göz dağı,
Qətl etdiniz igidləri subh çağı,
Oylağ etdiz Cıdır düzün, Xan bağı,
Artıq Ordum buna nida qoyacaq!
Mərd oğullar bu gun tarix yazacaq!
Misralardakı “Ordum buna nida qoyacaq!” ifadəsi elmi-nəzəri baxımdan otuz illik xaos, işğal və milli rüsvayçılıq dövrünün bitməsini, tarixin yenidən əsl sahibi tərəfindən yazılmasını simvolizə edən bir punktuasiya aktıdır. Şairə, düşmən mifinin darmadağın edilməsini və onların qaçış psixologiyasını (“qismətiniz yaman qaçaqaç oldu”) xalqın tanrısal pənahı və Azərbaycan ordusunun qəhrəmanlıq dastanının reallaşması kimi şərh edir.
Məqaləmizin yekun fəlsəfəsini taclandıran “Qarabağ Azərbaycandır” şeiri aşıq sənəti kodları (saz, xan Araz simvolları) ilə hərbi semiotikanın unikal sintezidir. Şairə tarixi həsrəti mədəni irsin gücü ilə yekunlaşdırır:
Ay Zülfiyyə, köklə sazı,
Cuşa gətir xan Arazı.
Odda yandır oyunbazı,
Tonqal qala, məşəl yandır,
Qarabağ Azərbaycandır!
Bu bənd, şeirin ən yüksək hərbi-vətənpərvərlik, metafizik və geosiyasi impuls daşıyan kulminasiya nöqtəsidir. Bu misralar sadəcə bədii bir təsvir deyil, eyni zamanda milli intiqamın, şəhid ruhlarına sədaqətin və bütöv Azərbaycan idealının poetik düsturudur.
Çağır mənə Polad gəlsin,
Düşmənlərin versin dərsin,
Yer kürəsin sirkələsin,
Son nöqtəmiz İrəvandır,
Qarabağ Azərbaycandır!
“Çağır mənə Polad gəlsin” misrası Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun obrazının poeziyadakı sakral (müqəddəs) təcəssümüdür. Müəllif, Polad Həşimovu sadəcə cismən itirdiyimiz bir hərbçi kimi deyil, ordunun önündə gedən, ruhu ilə yaşayan və döyüşçülərə komandirlik edən metafizik bir qüvvə kimi çağırır. Bu müraciət ordunun mənəvi qətiyyətini və şəhidlərin ruhunun yaşayan hərbi iradə ilə vəhdətini nümayiş etdirir.
“Düşmənlərin versin dərsin, / Yer kürəsin sirkələsin” ifadələri klassik poeziyamızdakı epik mübaliğə (hiperbola) ənənələrinə əsaslanır. Bu sətirlər Azərbaycan əsgərinin və onun komandirlərinin qüdrətini, qlobal miqyasda səs salan 44 günlük hərbi zəfərin böyüklüyünü və düşmən üzərindəki sarsıdıcı, sındırıcı gücünü vizuallaşdırır.
Şeirin ən cəsarətli və strateji bəyanatı “Son nöqtəmiz İrəvandır” tezisidır. Bu, sadəcə lirik bir duyğu deyil, 200 illik tarixi ədalətsizliyə, torpaqlarımızın hissə-hissə parçalanmasına qarşı milli yaddaşın göstərdiyi kəskin etiraz və böyük hədəfdir. Müəllif Qarabağın azadlığı ilə kifayətlənməyərək, gələcək nəsillərə tarixi torpaqlarımızın mütləq bütövlüyü idealını bir vəsiyyət, bir hərbi doktrina kimi ötürür. Hər bəndin sonunda nida ilə vurğulanan “Qarabağ Azərbaycandır!” şüarı, ədalətsizliyin və parçalanmış coğrafi bütövlüyün tamamilə bərpa edilməsi idealının poetik təsbiti, dövlətimizin ali zəfər düsturunun poetik möhürüdür. Bu refrren əsərə tam bir döyüş manifesti xarakteri qazandırır.
Aida Şirinovanın yaradıcılığı dünya ədəbiyyatındakı “müharibə poeziyası” standartlarına tam cavab verməklə yanaşı, milli ruhun intibahını təmin edən qətiyyətli ritmi ilə fərqlənir. Altı illik ön cəbhə təcrübəsi onun sətirlərindəki lirik sentimentallığı silmiş, yerinə hərbi qətiyyət, eskatoloji qisas və tarixi hökm ruhunu gətirmişdir.
Bizim tarixi, mütləq Zəfərimiz həm də Aida Şirinova kimi Birinci Qarabağ müharibəsində ruhən sarsılmayan, məğlubiyyət psixologiyasını rədd edib gələcək qələbənin mənəvi, hərbi və poetik əsaslarını hazırlayan qəhrəmanlarımızın xidmətidir. Onun 1990-cı illərdə ön cəbhədə – Şuşada, Ağdərədə çəkdiyi çətinliklər, əsgərlərinə aşıladığı sarsılmaz milli ruh və qələmə aldığı manifest xarakterli şeirlər, 44 günlük Vətən müharibəsində dastan yazan rəşadətli Azərbaycan Ordusunun formalaşmasında mənəvi bir təməl rolunu oynamışdır. 44 günlük Vətən müharibəsinin gətirdiyi Şanlı Zəfər, şairənin otuz illik səngər və yaradıcılıq yolunun ən uca zirvəsidir. Onun poeziyası və şərəfli ömür salnaməsi gələcək nəsillər üçün milli kimliyin, polad iradənin və müqəddəs zəfər yaddaşının qorunub saxlanmasında əvəzsiz bir ədəbi-tarixi arxiv sənədidir.
Aida Şirinovanın həm cəsur hərbi kimliyi, həm də zəngin yaradıcılıq diapazonu Azərbaycanın çağdaş ədəbiyyatşünaslığında və publisistikasında fundamental əsərlərin mövzusuna çevrilərək sənədli və poetik xronika şəklində əbədiləşdirilmişdir. Bu kontekstdə Canalı Mirzəliyev onun daxili dünyasındakı vətənpərvərlik emosiyalarını “Müqəddəs hissin təzahürü” (MBM, 2009, 176 s.) əsərində elmi-publisistik çalarlarla araşdırmış, Məhbubə Ömər “Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün” (Adiloğlu, 2010, səh. 162-206) adlı poemasında cəbhə rəşadətini geniş bədii süzgəcdən keçirmişdir. Eyni zamanda, İlhamə Qəsəbovanın redaktorluğu və tərtibçiliyi ilə işıq üzü görən “Anam mənə oğul dedi” (Yazıçı, 2015, 328 s.) fundamental toplusu müəllifin hərb tariximizdəki unikal missiyasını geniş kütlələrə çatdırmış, Ramiz Təmkin isə “Bir qız tanıyıram” (Papirus, 2018, 74 s.) poemasında qadın komandirin polad iradəsini poetik dillə tərənnüm etmişdir. Nəhayət, İlhamə Qəsəbovanın qələmə aldığı “Məni də apar komandir” (Elm və təhsil, 2019, 176 s.) sənədli romanı real cəbhə xatirələri və sənədlər əsasında Aida Şirinovanın Şuşa-Ağdərə xəttindəki döyüş bioqrafiyasını faktoloji dəqiqliklə əks etdirən ən sanballı bioqrafik mənbə kimi çıxış edir. Qoy, bizim bu kiçik elmi-publisistik yazımız Zəfər Günümüzə və “komutan” Aida Şirinovaya ərmağan olsun!
Zəfərimiz mübarək olsun, Azərbaycan!!!
Zəfərimiz mübarək olsun, “komutan”!!!