(Mikayıl Yanarın “Gəncənin dastanı” kitabı barədə…)

Çətinliklər gördün, yaşadın dözdün,

Əcnəbi adları daşıdın, bezdin,

Dahi Nizamıylə dünyanı gəzdin,

Göstərdin özünü cahana, Gəncəm!

Doğmasan, əzizsən, ey ana Gəncəm!

Mikayıl Yanarın çinarlar şəhəri, Nizami yurdu, İmamhüseyn ocağı –  Gəncəyə olan sevgisi Gəncənin yaşı qədər ulu, Gəncənin boyu qədər ucadır. Bu sevgi zaman-zaman doğuldu – Nizami, Məhsəti, Cavad xan, Hadi, Qəmbər Hüseynli, Fikrət Əmirov… zirvəsində boy atdı, bütün gəncəlilər kimi Mikayıl Yanarın da köksünü qabartdı.

Mikayıl Yanar Gəncədə doğulmasa da (Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib), Vətən hərarəti, Vətən sevgisinin məhz Gəncədən rişələndiyinə inandı, bu sevgiyə tapındı. Və onun Vətənə olan sevgisi qafiyələndi, misra-misra cilalandı, bənd-bənd sıralandı, qoşmaya, gərayılıya, dastana çevrildi. Qarşımdakı kitab – “Gəncənin dastanı”  (Bakı, “Azərnəşr” 2018. İkinci kitab, 488 səh.) sadaladıqlarımın bariz örnəyidir. Kitabın redaktoru və önsöz müəllifi filologiya elmləri doktoru, şair İslam Sadıqdır.  ““Gəncənin dastanı” kimi irihəcmli əsəri Mikayıl Yanara Gəncə sevgisi yazdırmışdır. İnsanı bu qədər ağır iş görməyə yalnız böyük sevgi ruhlandıra bilərdi. … Bəli, Gəncə Mikayıl Yanarı özünə məftun eləyib, şair Gəncənin dəli-divanəsidir. ”, deyərək, kitaba xeyir-dua da verdi İslam Sadıq.

Çox nəfis tərtibatla işıq üzü görən kitab 16 bölümdən ibarətdir, hər bir bölümdə Gəncənin ulu tarixinin onurlu səhifələrindən və Gəncədən başlayaraq dünyaya səs salan ziya yolçularından söhbət açılır.

“Nəhəng muzeyisən Azərbaycanın” – bu bölümdə müəllif tarix boyunca Gəncənin keçdiyi çətin sınaqlardan, yadellilərin qədim şəhərin sinəsinə çəkdiyi çalın-çarpaz dağlardan söz açır:

Yelizavetpol oldun, ancaq yenə də,

Gəncə çağırdılar səni hər yerdə.

Və yaxud:

Kirovabad dağı çəkildi sənə,

Sinənə min ağrı töküldü yenə.

Lakin Gəncənin bədii obrazı təkcə ağrılarla qələmə alınmır, musiqi kimi notdan-nota düşərək səsli peyzaj yaradır, şən nəğmələr oxuyur,

Xan çınarlar tamaşadır, tamaşa,

Çöl-çəməni bəzənib al-qumaşa.

Laləsi, nərgizi çıxıb yarışa,

Ana təbiətin yazıdır Gəncə!

Yaxud:

Kəpəzə, Qoşqara tapılmaz əvəz,

Xaşbulaq yaylağı heç ələ düşməz…

WhatsApp Image 2020-02-18 at 14.27.18 (1)

– oxucu ruhuna sığal çəkir, oxucunun sinəsini onurla doldurur, çəngə çevrilib, cəngiyə səsləyir.  Bu fərəhdən “Nizami məqbərəsi” qüdrətiylə güclənən, tarixin aynasında Şeyx Nizamini olduğu kimi – uca, məğrur, övliya –  göstərməyə çalışan “Nizami muzeyi”nin də sinəsi qabarır:

Keçmişimin payıdır,

Bizim Gəncə muzeyi

Burda daşlar dil açır,

Danışır hər qonaqla.

və bu boy, Nizaminin nəhəng misrası, Gəncə çayının boyu qədər uzundur:

Ulu torpsğımın öz misrasıdır,

Onunla bağlıdır çox xatirələr.

Nizaminin nəhəng bir misrasıbır,

Uzanıb Kəpəzdən düz kürə qədər… (Gəncə çayı).

Cavad xanın döyüşlərdən macal tapanda sığındığı Xan bağı, bu bağda hərəsi bir çiçək olan (“Hərəsi bir çiçəkdir, Gəncəmizin qızları” Mikayıl Y.), “büzməli, qat-qat tuman, Ləbbadə, başmaq, kəmər” donlu Gəncə qızları, Gəncənin tarixi məhlələri (Bağmanlar, Todanlı, Şərəfxanlı, Qırıxlı…), yeniləşən Gəncə (Yeni Gəncə, Gülüstan qəsəbəsi), Gəncə xalısında xınalı əllərin izi, Gəncə ipəyində tirməli tellərin nazı, Gəncənin çini qablarında qədim soy-kökümüzün şirin ləhcəsi, sözü işıqlanaraq bədii portretlərin albomuna – “Gəncənin dastanı”na köçdü. Yeri Gəlmişkən, qeyd edim ki, bu bədii portretlərin arasında fotolar da yer alıb ki, oxucu sözün sehrində nağıllaşan Gəncəni gözlə də görmək imkanı qazanır.

Bu kitab sevgiylə yoğrulduğuna görə, vətəni vətən edənlərin heç biri bu sevgidən kənarda qalmadı, Mikayıl Yanar ürəyindən sətirlərə hopdu. “İlahi sözün işığında” bölümündə Gəncənin söz adamları, “Elmdir alimin dövləti-varı”nda, ziyasıyla Gəncənin gözünə nur olan elm adamları, “Sözün qüdrətinə güvənənlər”də qələmiylə dağı-dağ üstünə qoyanlar, “Mətbuat həyatın güzgüsüdür”də tarix boyu gəncəlilərin haq səsini yayan mətbu orqanlar, Gəncənin qəhrəmanları, xeyriyyəçiləri, musiqiçilər, Gəncə folkloru, səhnə adamları, İmamhüseyn şəhərinin dindarları, memarları, heykəltaraşları, sənət sahibləri, idmançıları o qədər dəqiqliklə sıralanıb ki, kitaba Gəncənin bədii ensiklopediyası desək, bəlkə də yanılmarıq.

Mikayıl Yanar tarixin səksən ilini geridə qoyub, doxsana yol başlayıb. Bu illər ərzində on bir irihəcmli şeir və poemalardan ibarət kitab (“Sabahımdan nigaranam”, “Dünyanın yalan üzü”, “Zəman duelə çağırır məni”, “Nəğməli ağaclar”, “Dağ Çayı”, “Ağ qartal”, “Gəncənin dastanı” (birinci cild), “Qədim Gəncə, Yeni Gəncə”, “Üzeyir dünyası”, “Gəncənin dastanı” (ikinci cild)),  saysız-hesabsız publisistik məqalələr müəllifi adını qazanıb.  Şairin “Üzeyir dünyası” adlı kitabına tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli  belə dəyər verib: “Əlbəttə, müəllifin məqsədi heç də Üzeyir bəyin tərcümeyi-halını, ömür yolunu şeir vasitəsiylə oxucuya çatdırmaqdan ibarət olmayıb. Əsas məqsəd Üzeyir dünyasının-millətsevərliyin-azərbaycançılığın o dahi insanın həyat məramı kimi yaşantılarını, bir xalqın musiqi dünyasının  BÖYÜK DÜNYA ilə qovuşmasını təsvir etmək olub”.

Onu da deyim ki, “Üzeyir dünyası” gəncəlilər və kitabsevərlər arasında yaxşı mənada səs-küyə səbəb olmuşdu.

Mikayıl Yanar Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliyinin, Azərbaycan Respublikası, Müharibə, Əmək, Silahlı qüvvələr, Mühafizə orqanları, Veteranlar Şurası və Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhər təşkilatının plenium və idarə heyətinin üzvüdür. Yaradıcılığından əlavə pedaqoji fəaliyyəti ilə də adı Gəncənin dastanına yazılmağa layiq ziyalıdır. Uzun illər Azərbaycan Ədəbiyyatı və Azərbaycan dilindən dərs deyib, yetirmələrinin səsi yüksək mərtəbələrdən gəlir.

Gəncə ədəbi mühitində Mikayıl Yanarı tanımayan, sevməyən, ona hörmətlə yanaşmayan yoxdur. Mən də o gözəl ədəbi mühitin, sözü ucalarda tutan Gəncə yazarlarının fonunda tanımışam Mikayıl müəllimi. Şair mədəniyyəti, ədab-ərkanı, böyüklə böyük, kiçiklə kiçik olan mülayim xasiyyəti ilə mənə də sevdirib özünü. Lirik, axıcı şeirləri, səlist nitqi ilə Gəncənin ictimai tədbirlərində görünən Mikayıl Yanar bu gün də, bu ahıl çağında da el mərasimlərindən qalmır, ictimaiyyətdən ayrılmır.

Mikayıl Yanar yeni kitablar üzərində işləyir. Sevə-sevə bu yeni kitabları gözləyir,

Ay Gəncəm, gözümdə bir dağsan, bir dağ,

İlhamımın sınmaz qanadı sənsən.

Sirrindən, sehrindən olarmı doymaq,

Yazan qələmimin muradı sənsən!

qələmin daim yazsın, deyirik…

İradə Aytel