Telefon zəng çaldı. Dəstəyi götürdüm. Uzaqdan gələn səs zəif eşidilsə də, mənə tanış gəldi — Zakir idi. Salamını alıb, səninlə danışmaq istəmirəm, deyib dəstəyi yerinə qoydum.
Bərk əsəbləşdim. Yadıma beş-altı il bundan əvvəl başıma gələn əhvalat düşdü.
…İşdən qayıdarkən poçtalyonla rastlaşdım.
- Nə yaxşı oldu, elə sizə gedirdim — poçtalyon çantasından bir kağız çıxarıb — teleqramdı — dedi.
Teleqramı aldım, tez oxumağa başladım “Səninlə hökmən görüşməliyəm. Məni görmək istəyirsənsə, təcili Moskvaya, teleqramdakı ünvana gəl, Zakir”.
“Görəsən, əmioğluma nə olub? Nə üçün belə teleqram vurub?”… Xəyal məni lap uşaqlıq illərinə apardı. Əmimgillə qonşu idik. Ağlım kəsəndən Zakirlə bir yerdə olmuş, necə deyərlər, bir yeyib, bir içmişdik. Eyni orta məktəbdə, eyni sinuidə oxuyurduq. Mən əlaçı idim və dərslərini hazırlamaqda Zakirə də kömək edirdim.
Orta məktəbi bitirəndə valideynlərimizin məsləhəti ilə hər ikimiz sənədlərimizi inşaat fakültəsinə verdik və qəbul olunduq. Qəbul imtahanlarından yalnız “əla” qiymət aldığıma görə məni qrup nümayəndəsi təyin etdilər. Tələbəlik dövründə də mən həmişə Zakirə kömək edirdim.
Təhsil illəri başa çatdı. Zakirlə birlikdə rayonlardan birindəki tikinti təşkilatına göndərildik. Orada da bir yerdə işləyir, eyni yataqxanada yaşayırdıq. İkimiz də əmək fəaliyyətinə fəhlə kimi başladıq. Çox keçmədən məni usta vəzifəsinə keçirdilər. Həvəslə işləyir, seçdiyim ixtisasın incəliklərinə yiyələnməyə çalışırdım. Zakir isə işin ağırlığından gileylənir, çox yorulduğunu bəhanə edirdi. Ona təskinlik verir, “Səbr et, hər şey yaxşı olacaq” — deyirdim. Sözlərimi qulaqardına vuran Zakir işə elə laqeyd yanaşırdı ki, sanki onun əvəzinə kimsə işləməlidir.
Növbəti müşavirələrin birində idarənin rəisi məni təriflədi və sahə rəisi vəzifəsinə keçirilməyim haqqında əmr verdi. Elə həmin yığıncaqda rəis Zakirin ünvanına tənqidi sözlər dedi və sonra üzünü ona tutaraq:
— Arifdən nümunə götür. İkiniz də işə bir gündə başlamısınız. Ona da bax, özünə də — səsini ucaltdı.
Rəisin sözlərindən əmioğlumun əvəzinə mən pərt oldum. İstəmirdim ki, Zakirin ünvanına bu qədər adamın içində xoşagəlməz sözlər deyilsin.
Yataqxanaya gəldik. O, çox qanıqara idi. Mən zarafat etdim, onun könlünü almağa çalışdım. Amma Zakir özünü elə aparırdı ki, guya onun danlanmağında mən günahkaram.
Mənim təkidimə baxmayaraq, əmioğlum bir neçə gündən sonra işdən çıxdı.
Bir müddətdən sonra onun sorağı Qərbi Sibirdən gəldi.
İllər keçdi, mən işlədiyim idarənin rəisi vəzifəsinə kimi yüksəldim. Ailə qurdum, ev-eşik sahibi oldum. Bu müddətdə Zakirlə bircə dəfə, əmim vəfat edərkən görüşmüşdüm. O vaxt məlum oldu ki, Tümen vilayətində ticarətlə məşğul olur. Şəhər prokurorunun qızı ilə evlənib. Həyat yoldaşı həkimdir. Zakirin qeyri-millətin nümayəndəsi ilə ailə həyatı qurmasına təəssüflənsəm də, bu haqda ona heç nə demədim.
Əmimin vəfatının səkkizinci günü o, Tümenə qayıtdı. Yola düşərkən çox qəmgin və kədərli idi. Düşünürdüm ki, əmimin vəfatı ona pis təsir edib. “Əmidostumgilə görə narahat olma. Biz buradayıq, nə lazım olsa, kömək edəcəyik” — dedim.
Həmin vaxtdan Zakir rayona qayıtmamışdı. Bu müddətdə mənim işlədiyim idarə ləğv olunmuşdu. Ailəmi saxlamaq üçün kiçik bir mağaza açmışdım və burada alış-veriş edirdim. İxtisasım üzrə çalışmasam da, Allaha şükür edirdim ki, bir tikə çörəyə görə kiməsə möhtac deyiləm.
Teleqram məni çox narahat etdi. Əmioğluma nə olub, bəlkə, başında bir məcara var. İşin-gücün bu vədəsində Moskvaya gedib-qayıtmaq üçün “bir ətək” pul lazım olsa da, tərəddüd yeri deyildi.
Çətinliklə bilet tapdım və ertəsi gün Moskvaya uça bildim. Ürəyimdən qara qanlar keçirdi. Yəqin, yazığın başında bir iş var… Yoxsa o, məni narahat etməz, — düşünürdüm.
Təyyarədən düşüb birbaşa mehmanxanaya getdim. Qapını döydüm. Bircə dəqiqə keçməmiş qapı açıldı. Əmioğlumdu — Şükür Allaha, lap yaxşı görünür. Sevincimdən gözlərim yaşardı. Qucaqlaşdıq, öpüşdük.
O, xidmətçi qadına qəhvə gətizdirdi. Oturub xeyli söhbət etdik. Zakir imkanlı kommersant olmuşdu. Moskvada və Tümendə mağazaları, yanacaqdoldurma məntəqələri, bir neçə yerdə evi var. Əmanət kitabçasındakı məbləği mənə göstərəndə əmioğlumun bu qədər pulu olduğuna sevindim. Sonra o, təzəcə aldığı “Mersedes” maşınının rahatlığından söz açdı. Mən onun uğurlarına şad olduğumu bildirdim.
Zakir mənə suallar verib yaşayışımla, ailəmlə, işimlə maraqlandı. Mən onun suallarına heç nəyi artırıb-əksiltmədən cavab verdim.
Gözləyirdim ki, Zakir mətləb üstünə tez gəlsin, nə lazımdırsa desin, məsləhətləşək və çıxış yolu tapaq.
Birdən Zakir qəh-qəhə ilə güldü:
— Deməli, bir həsirsən, bir də Məmmədnəsir. Gördün ki, cücəni payızda sayarlar? Bax mənim var-dövlətimə. Yadında saxla, həmişə sənin vəziyyətin yaxşı olub, indi isə mənim vəziyyətim səninkindən yaxşıdır. Özü də qat-qat…
Üzünə baxdım, hər rəngə çalırdı, gözlərindəki qeyri-adi parıltıdan sanki ilan zəhəri tökülürdü.
Özümü güclə toplayıb ayağa qalxdım:
— Bəs,məni bura nə üçün çağırmısan?
- Sənə səndən üstün olduğumu başa salmaq üçün.
Həmin dəhşətli anlar məni necə də sarsıtdı. Hirsimdən az qaldım ki, dəli olum. Tez-tələsik mehmanxananı tərk etdim. Elə həmin gün Bakıya qayıtdım. Bir neçə gün özümə gələ bilmədim. Əmioğlumun-doğma bir adamın nankorluğu məni çox sarsıtmışdı. Həmin vaxtdan nə qədər keçsə də, Zakirin hərəkətini unuda bilmir, qəlbimdə ona qarşı olan bütün yaxşı hislərin məhv olduğunu başa düşürəm. Amma təəssüf edirəm. Gərək belə olmayaydı.