Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Nə qədər zilləti, ağrısı varmış
Təmiz yaşamağın, düz yaşamağın.
Yüz il ömür sürmək arzulayırdıq,
Min dərdi var imiş yüz yaşamağın…

Hərə öz başının hayında qalıb,
Hərə bir qayıqdı qəm dənizində.
Atanın, ananın qədrini bilən
Övladlar azalıb bu yer üzündə…

Başına haranın külünü töksün
Bu ixtiyar yaşlı bəxti qaralar?
Ögeylər bir yana, yadlar bir yana,
Ciyər parçalayır ciyərparalar…

Bilmirsən dərdini kimə deyəsən,
Adamın ürəyi od tutub yanır.
Üzündən nur yağan bu qocaların
Gözləri içindən kədər boylanır…

Bəmbəyaz saç-birçək nur çiləsə də,
Çat düşən könüllər para-paradır…
Ağsaqqal üzünə ağ olanların
Haqqın dərgahında üzü qaradır…

İndi cavanların qəlbində insaf,
Qocalar evində yer də qalmayıb…
Ancaq haqq-hesabın geci-tezi var,
Heç kəsin qisası yerdə qalmayıb…

Nə qədər zilləti, ağrısı varmış
Təmiz yaşamağın, düz yaşamağın.
Yüz il ömür sürmək arzulayırdıq,
Min dərdi var imiş yüz yaşamağın…

11.04.2025