YIXIR

Havalı ürəyin istisi, hanı…
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz vallah, az yıxır.

Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir – qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır…

Dili yox, “neyçün”süz, “niyə”siz qalıb,
Bəlkə Yaradana deyəsiz…qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.

SƏRÇƏ

Sənə qoşulub uçmaq, nə yaraşır yaşıma,
Məndə qanad açmağa hava nə gəzir axı…
Sən mənim ürəyimə gəl, çör-çöpü daşıma,
Yuvasızın qəlbində yuva nə gəzir axı…

Özünəmi yurd yeri gəzirsən axşam-axşam,
Mənəmi rəhmin gəlir, kədərlənmə sən baxıb.
Baxdığın pəncərəni nə qədər daşlamışam,
Baxdığın pəncərədən indiyəcən qəm baxıb.

Yaxşı ki, əlindəki çör-çöpünə yiyəsən,
Qurbanıyam, verdiyim şirin andın qurbanı.
Bir gün gələn bir gün də qurban gedər nəyəsə,
Qurbanlıq nəyin qalıb, ay sapandın qurbanı…

Dərdini nə bilirsən gördüyün adamların,
Dərdsiz bildiklərinin sağalmaz yarası var.
Hələ çiyinlərində getdiyimiz yolların,
Bir gün də çiynimizdə aparmaq bəlası var.

Mən Allahın bəndəsi, sən Allahın quşusan,
Ya mən qanad açmalı, ya də sən yeri, gedək.
Mən əcəl gözləməyim, gəl gözləmə daşı sən,
Torpağın o üzünə bu dəfə diri gedək.

Sənə qoşulub uçmaq, nə yaraşır yaşıma,
Məndə qanad açmağa hava nə gəzir axı…
Sən mənim ürəyimə gəl, çör-çöpü daşıma,
Yuvasızın qəlbində yuva nə gəzir axı…