Mizrab toxunanda sədəfli saza
Deyərdik hüsnündən şan Qarabağım.
İyirmi ildir ki, düşmən əlində,
İşğalda verirsən can, Qarabağım.
Sınıbdır vüqarı sənsiz bu xalqın,
Başımız dumanlı, fikirlər dalğın,
Gəlməyir qulağa toy-büsat çalğın,
Ağlayır ürəyin qan, Qarabağım.
Taleyin hökmüdür bu həsrət, bu dərd
Mərdin şəhid oldu, yetmədi namərd
Tapmayır qeyrətsiz özündə qeyrət
Olmağa qoynunda xan, Qarabağım.
Sən orda əsirsən, biz burda yesir
Sənə gələn yolu yağılar kəsir.
Çağırış səsinə kimlər tələsir?
Almırıq fələkdən kam, Qarabağım.
Dirənib səbrimiz nəhayət daşa,
Bayrağı sancarıq sinəndə qoşa.
Ulu yurd! Can vətən! Əbədi yaşa!
O zaman olarıq tam, Qarabağım!!!