cahangulsun

Qəribə yuxuydu mənim gördüyüm –
Tərsinə, düzünə yozumu eyni.
Bunun həsrəti bir, ayrılığı bir,
Bunun gözləməyi, dözümü eyni.

Nə qədər gözləyim, nə qədər səni,
Bəlkə, heç gəlmədin bir ömür boyu…
Nə qədər gizləyim, nə qədər səni,
Nə qədər qoruyum bu soyuqluğu?

Nə qədər boylanıb pəncərələrdən,
Nə qədər gözümü yollara dikim?
Öz yüküm özümə ağırlıq edir,
Bəs sənin dərdini nə qədər çəkim?

Nə qədər ağlayım, nə qədər axı?
Allah da yorulur yağışlarından…
Mən də yorulmuşam, Allahın haqqı,
Gəl apar özünü baxışlarımdan…

Gəl apar özünü lap uzaqlara,
Yığışdır özünü bu küçələrdən.
Gəl apar özünü bu döngələrdən,
Gəl apar özünü bu gecələrdən.

Hər gün gözlədiyim dayanacaqdan,
Hər gün rastlaşdığım o yoldan apar.
Yığışdır özünü küncdən, bucaqdan,
Beynimdə dolaşan xəyaldan apar.

Bu şəkildən apar, boş qalsın yerin,
Güzgüdən boylanan əksini apar.
Bir vaxt ağac üstdə yazılıb qalan
Adının birinci hərfini apar.

Daha ağlamağa gücüm qalmayıb,
Allah da yorulur yağışlarından
Mən də yorulmuşam, Allahın haqqı,
Gəl apar özünü baxışlarımdan…