Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Buludlar tutubdu göyün üzünü,
Ayımı, Günümü görə bilmirəm,
Yuyuram, sərirəm hələ sözümü,
Solur gül, çiçəyim dərə bilmirəm.
Keçib ürəyimin düz ortasından,
O kaman qaşından atdığın oxun,
Ayrıla bilmirəm qəmin yasından,
Üzür ürəyimi sənin yoxluğun.
İncidən də sənsən, küsən də sənsən,
Dönmüsən naləyə şeirlərimdə
Dünya bizim olar, əgər istəsən,
Qarışııq düşübdü xeyir, şərim də.
Bu necə möcüzə, bu necə sirdi,
Açır yanağında lalə, qızılgül.
Ruhum gözlərində çoxdan əsirdi,
Sənsiz uşaq kimi ağlayır könül.
İtibdi sözümün naxışı, tamı,
Qəlbimin ağrısı üzümə çıxır.
Dəli eyləyirsən vallah adamı,
Göylərin leysanı gözümdən axır.
Bir dəfə yazılır alın yazısı,
Səni mənə yazıb, taleyi yazan,
Sənsiz gedən deyil bu can ağrısı,
Qoyma yaz ömrümü talasın xəzan.