AXŞAMÜSTÜ

Göylərdə kövrələn buludlar deyil,
Beynimin içinə dolan tüstüdü.
Bilirəm qarşıdan qaranlıq gəlir,
Yaman darıxıram, axşamüstüdü.

Qəlbin həm sevinci, həm də yası var,
Hər günün öz hökmü, öz dünyası var.
Ömrün səhəri var, günortası var,
Yaman darıxıram, axşamüstüdü.

Dünyanın üzünə gələndən bəri,
Həmişə sevmişəm nurlu səhəri.
Kimə xeyir verib axşamın şəri,
Yaman darıxıram, axşamüstüdü.

Alınmaz qalanı kim tikib görən,
Nə deyir hördürən, nə deyir hörən.
Geriyə qayıtmır qapıdan girən,
Yaman darıxıram, axşamüstüdü.

Səhər bu dünyanın hər şeyi təzə,
Günorta gözəllik gətirir gözə.
Axşam qaranlığı heç baxmır sözə,
Yaman darıxıram, axşamüstüdü.

SƏN YORULMADIN

Yollara baxmaqdan gözüm yoruldu,
Səni çağırmaqdan sözüm yoruldu.
İradə yoruldu, dözüm yoruldu,
Ey mənim inadım, sən yorulmadın.

Yerlərə, göylərə saldın səs-səda,
Uca zirvələri gətirdin yada.
Üfüqlər nə qədər geniş olsa da,
Ey qolum, qanadım, sən yorulmadın.

Bütün ömrün boyu yardın, yaratdın,
Arzuya yetişdin, mətləbə çatdın.
Ruhuma uyuşdun, könlümə yatdın,
Zəhmətim, ustadım, sən yorulmadın.

Düşmən bostanıma xeyli daş atdı,
Gah möhkəm tutdurdu, gah yavaş atdı.
Təmizlik, halallıq səni yaşatdı,
Məğrur istedadım, sən yorulmadın.

Allah, gözlərə bax

Belə baxış olmaz, bele göz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır.
Belə atəş olmaz, belə köz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır.

Göylər ulduz verib, ay verib ona,
Yerlər çeşmə verib, çay verib ona.
Peyğəmbər nurundan pay verib ona,
Allah, gözlərə bax, nə gözəl baxır.

Haqqın dərgahından enən işıqdı,
Ömrə naxış vuran bir yaraşıqdı.
Mən gül ağacıyam, o sarmaşıqdı,
Allah, gözlərə bax, nə gözəl baxır.

Baxışlar nə qədər həlim olarmış,
Gözün zarafatı zülüm olarmış.
Zülmün axırı ölüm olarmış,
Allah, gözlərə bax, nə gözəl baxır.

Ürək yüz parçadır, könül yüz para,
Bir gözəl gözündə çəkildim dara.
Öldürməz, əlindən canım qurtara,
Allah, gözlərə bax, nə gözəl baxır.

Çin qızı çin gözəli

Yanağın güldən zərif,
Belin telindən incə.
Dilin sözündən şirin
Sözün dilindən incə
Göy suların ağ quşu
Qızdan, gəlindən incə
Sən mənim nəzərimdə
Dünyanın ən gözəli,
Çin qızı, Çin gözəli!

Bu ağlıq ki, səndə var,
Süd gölündə çimənsən.
Bu ətir ki, səndə var,
Yamyaşıl bir çəmənsən
Yerini verə bilməz
Dünyanın min gözəli!
Çin qızı, Çin gözəli.