Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Gecənin qaranlığına
ağ yağışlar yağır yenə…
Ruhumla ağlım arası
bir təzə hiss can çəkişir,
havalanır
mən adında fağır yenə.
Canımda bir dəli qız var,
dilində bir dəli söz var –
sevgi qoxur, həsrət qoxur…
Yazılmağa tələsdikcə,
bu gecənin qucağına
ulduz axır…
İçəridə dəli qızın
can yandıran susmaları…
Bayırdasa
payizın son damlaları…
Artır ürək döyüntüsü
divardakı saatın da..
Allahın könlü açılır,
göyün yeddinci qatında…
Duyğuların tərcümanı
bir gözəl şeir doğulur,
Sevgi sevincə boğulur…
Gözlərini bir-bir yumur pəncərələr…
Şair yaşayır gecələr…

Adilə Nəzər