Yel əsdi səhər çağı,
Otların üzərinə sığal çəkdi.
Oyatdı yuxulu bağı,
Pəncərəmə yol çəkdi.

Pəncərəm qucağıaçıq,
Pəncərəm ağ pərdəli.
Yel əsdi öpə-öpə
Dipçəkdəki gülləri.

Güllər yazdan əmanət,
Güllər üzü xəzana.
Vəfalıdır təbiət
Fəsillərə, zamana.

Vaxt necə ötdü, keçdi,
Yaşım qırxa qalıbdır…
Hər şey bir röya idi,
Yaşanan yaşanıbdır.

Baxıram pəncərədən,
Pəncərəm də mənlə baxır.
Yel əsir xatirələrdən,
Ruhum darıxır, darıxır…

Arzu HÜSEYN,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, 
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri