Başının üstündə boynubükük bir ana,
Telefontək “dünyan” var… Ovsunlanmısan ona.
Ayıl! Başını qaldır! Gör ətrafda var nələr?
Olma, girib “dünyana” bu dünyadan bixəbər.
Sənin kimi övladçun ağarıb qara saçı,
Gənclik tərk edib onu, həyat olubdur acı.
Sənə görə əyilib sərv boynu, şux qaməti,
Qalmayıb çöhrəsində gəncliyin təravəti.
Dayanıbdır qarşında əlində ağır zənbil.
Ağbirçək hər qadını, hər ananı anan bil!
Yükün ağırlığından əyilib çiyinləri,
Heç düşünmür özünü, yola salır illəri.
Çox qocalıb…Zənbili güclə saxlayır ana,
Doqquz ay yükündən də çox ağır gəlir ona.
Gözlərindən bəllidir içindəki yorğunluq,
Acısın hiss etdirir əllərindəki suluq.
Gözün “gəncliyə” dikmiş, halı olmuş dərbədər,
Əzmi sanki əyilmiş qamətilə bərabər.
“Gənclik” baxmır “keçmişə”, düşünmür gələcəyi,
Maraqlı deyil ona, gəlmişi-gedəcəyi.
Elə bu an ayıltdı, səksəndirdi hər kəsi,
Səslənincə efirdən operatorun səsi.
Ana bir az toxtadı, rahatladı siması,
Görününcə onündə “Gənclik” stansiyası.