RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN

Rəngini itirmiş eşqdir həsrətin,
Girib aramıza yaman uzandı.
Səni tanımağım ayrılığından,-
Yarı cinayətim,yarı cəzamdı.

Qəlbimdən süzülən şirin duyğusn,
Hələ yaz nəfəsin gəzir üzümdə.
Ahdan köz götürən bir ocaq kimi,-
Yanır baxışının yeri üzümdə.

Hər gün göz yaşımla suvardım deyə,-
Cücərdi qəlbimdə bu eşq tumu da.
Bir qız yuxusunda dıfn eləməyə,-
Çiçəklər aparır tabutumu da…

ÇARMIXA ÇƏKİLİB YOLAYRICLARI

Nə sən dayanırsan,nə mən dururam,
Hələ yan keçirik bir birimizdən.
Çarmıxa çəkilib yolayrıcları,
Bir cığır boylanır hər düşən izdən.

Yol çəkən gözlərdə həsrət qışlanır,
Dağlar çələng tutub quzey qarından.
Nə gözəl asılıb bu Yer kürəsi,-
Sevdiyim qadının ayaqlarından.

Yuvasız quşlara ad eləmişəm,
Dilimin ucunda bitən nəğməni.
Səni başqa cür də sevə bilərəm,
Hamı sevməyimdən tanıyar məni.

MÖCÜZƏDİR BU SEVDA

Eşqə zəvvar könlümü,-
Müqəddəs pirlər çəkir.
Möcüzədir bu sevda,
Adamı sirrlər çəkir.

Qanında yu qəribi,
Aparsın su qəribi.
Sevdiyin bu qəribi,-
O qürbət yerlər çəkir.

O qırışmış əllərin,
Rəsmidir xəzəllərin.
Qocalan gözəllərin,-
Zülmün şairlər çəkir…

Sevgilərlə Əlirza HƏSRƏT.