ANA
Böyüdüb uçurtdun yuvandan məni,
Harda gecələsin bu quşun,ana?
Səni incidəndə dəcəl vaxtımda,
Üstümdə duanmış qarğışın,ana.
Gəlsə hüzuruna,baş əyər şah da,
Şah baş əyən yerdə susar silah da.
Saçının qarını əritməz ah da,
Kiçik çiləsiyəm bu qışın,ana.
Balandı qayıdıb səfərdən elə,
Saçını üzümə aç pərdəm elə.
Ömrə səpələnmiş bir dərdəm elə,
Çək məni qoynuna yığışım,ana.
DOST GƏLİŞİ
Bir ocaq qalayıb dost sevgisindən,
Ürək isidirəm xeyirdə,şərdə.
Girmişəm qoluna uşaqlığımın,
Dost yeri tutmağa xatirələrdə.
Bizdə dost gəlişi toy-baram olur,
Ehtiram göstərir hamı bu ada.
Məni dost sevgisi ucaldıb deyə,-
Əlçatmaz olmuşam indi dünyada.
Bir ovuc vətəndir hər dost süfrəsi,
Sinəmə sancılan bayraqdı ürək.
Həmişə müqəddəs sayılıb elə,
Yaxşı dost,doğma yurd,halal duz-çörək.
QARĞIDALI
İLAHİ,BU QARĞIDALI,-
HANSI EŞQİN HEYKƏLİDİR?
YARPAĞI DÜŞDÜ ÇİYNİMƏ,-
ELƏ BİLDİM QIZ ƏLİDİR.
ƏL ATDIM Kİ BU GÖZƏLİN,-
YAXASINI CIRIB AÇAM.
AÇILIB SARI HÖRÜYÜ,-
DOLAŞDI TOPUĞUNACAN.
…BİR SEVDANIN SAPANDINA,-
ÜRƏYİMİ QOYUB ATDIM.
QARĞIDALI TOXUMUYLA,-
OYNAYIB BAŞIMI QATDIM…