CƏBRAYILIM
Bulaqların aşıb-daşır gözümdə,
Qəm-qüssədi hər kəlməm, hər sözüm də.
Taqətim yox qollarımda, dizimdə,
Çiçəyim, pətəyim, balım,
Anam, doğma Cəbrayılım.
Sən də mənsiz darıxırsan, bilirəm,
Qərib eldə həsrətindən ölürəm.
Elə bilmə sənsiz deyib, gülürəm,
Ürəyimdə qara xalım,
Anam, doğma Cəbrayılım.
Günlərimə dərd calanır, qəm yağır,
Eşidən yox, ha harayla, ha bağır.
Indi sənsiz yarı canam, mən fağır,
Yoxdu tay taqətim, halım,
Anam, doğma Cəbrayılım.
Arxalıdı bu qudurmuş köpəklər,
Hələ əsir qara yellər, küləklər.
Hara baxır görəsən bu fələklər,
Cavabsızdı çox sualım,
Anam, doğma Cəbrayılım.
Belə zülmü yerlər, göylər göttürməz,
Doğma torpaq yad əkəni bitirməz.
Ulu Tanrı haqqı-sayı itirməz,
Bir az da döz qadan alım,
Anam, doğma Cəbrayılım.
QARABAĞI
Fələk salıb bizi çətin bir düyünə,
Öyrənmişik çal-çağıra, toy-düyünə.
Haqqı yoxdu bir kimsənin tay öyünə,
Toy-büsatla almaq olmaz Qarabağı.
Azad millət savaşlardan keçə gərək,
Hələ bizi döyür yağış, döyür külək.
Gəlin bir az çətinliyə sinə gərək,
Xoş həyatla almaq olmaz Qarabağı.
Boş vəd vermək özgələrin adətidi,
Oyuncaqdı BMT-si, ya ATƏT-i.
Indi söhbət ölüm-dirim söhbətidi,
Zarafatla almaq olmaz Qarabağı.
Ha öyünək, filankəsin nəvəsiyik,
Koroğlunun, qoç Nəbinin nərəsiyik.
Bu torpağın məğlub olmuş bəndəsiyik,
Quru adla almaq olmaz Qarabağı.
Silahımız, qeyrətimiz olmalıdı,
Əsgərimiz, sərkərdəmiz olmalıdı.
Təyyarəmiz, raketimiz olmalıdı,
Axsaq atla almaq olmaz Qarabağı.
Şəhidlərin qisasını gəlin alaq,
Nərə çəkək, bu dünyaya haray salaq.
Döyüşlərdə “Misri” çalaq,”Cəngi” çalaq,
Muğamatla almaq olmaz Qarabağı.