Снимок11-234x3001

ƏSGƏRİM

Qan ağlayır, ağı deyir bulaqlar,
Yol gözləyir o dərələr, o dağlar.
Səbrin də bir hüdudu var, həddi var,
Düşmən üstə şir tək yeri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.

Yad əlində əsir qalan Vətən var,
Bu savaşda neçə ölən-itən var.
Yurd uğrunda şəhid olub oğullar,
Çatdır bizə xoş xəbəri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.

Qiyamətə qoy qalmasın bu qisas,
Nə zamandı durulmayır xan Araz.
Bu torpağın harayına qulaq as,
Dağlarda aç sən səhəri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.

Doğma yerlər qalıb düşmən əlində,
Yadlar gəzir Pənah xanın elində.
Sular dinir qarğa, quzğun dilində,
Sök sərhəddi, sök çəpəri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.

Qalx ayağa, ər oğlu ər, vaxt çatıb,
Gir meydana, göstər hünər, vaxt çatıb.
Bəsti bizi boğdu qəhər,vaxt çatıb,
Hünərlə al doğma yeri, əsgərim,
Qarabağı qaytar geri, əsgərim.

BİR İLİM DƏ

Bir ilim də belə getdi ay aman,
Qarabağdan bir xoş xəbər olmadı.
Bu ildə də doğrulmadı bir güman,
Çox gözlədim, nurlu səhər olmadı.

Kəsilmədi dodaqlardan nalələr,
Tapdalandı arzularım gül kimi.
Şəhid qanı içdi qızıl lalələr,
Göz yaşımız axıb getdi sel kimi.

Toy eylədi çadırlarda doğulan,
Qarabağı yada sala bilmədi.
Qol götürüb oynasa da bir cavan,
Ürəyində sevinmədi, gülmədi.

O günlərin şahidləri azalıb,
Qocalıbdı döyüş yolu keçənlər.
Elə bizim ömürdən də az qalıb,
Çaşıb qalıb, yurd yerləri seçənlər.

O ağrını duya bilməz gənc nəsil,
Unudulur Qarabağ da beləcə.
O dağ-dərə olmayıbmış elə bil,
Qaldı yada o Zəngəzur, o Göyçə.

Xocalıda şəhər salır erməni,
Kilsə tikir Kəlbəcərdə, Şusada.
Oğlum necə başa düşsün bəs məni,
Əli yetmir o torpağa, daşa da.

Başımızı yalanlarla qatdılar,
Qaçqın, köçkün gözün dikdi yardıma.
Sinəmizdə neçə ocaq çatdılar,
Gecə-gündüz dağlar düşür yadıma.

Bir ilim də belə getdi ay aman,
Kəsilmədi xan Arazın harayı.
Gözlərimi tay bağlayır çən, duman,
Kərpic-kərpic uçur ömrün sarayı.