Снимок11-234x3001

BİRLƏŞƏ BİLMƏDİK

Hanı o əvvəlki şah vüqarımız,
Candan ayrı düşüb incik ruhumuz.
Olmadı illərlə bir uğurumuz,
Qırıldı Qorqudun sazının simi,
Birləşə bilmədik bir yumruq kimi.

Indi bu düyünü açmaq çətindi,
Bağlayıb yolları duman, çən indi.
Dərdimi danışım kimə mən indi,
Birgə daşısaq da kədəri, qəmi,
Birləşə bilmədik bir yumruq kimi.

Açarı vermişik özgəyə, yada,
Düşmüşük alova, düşmüşük oda.
Haqqa baxan yoxdu haqsız dünyada,
Səmtini itirib dəryada gəmi,
Birləşə bilmədik bir yumruq kimi.

Başı daşa dəyir, millət ayılmır,
Kim düz danışırsa adam sayılmır.
Bilmirəm bu dünya niyə dağlmır,
Haqdan danışacaq dindirsən kimi,
Birləşə bilmədik bir yumruq kimi.

Hamının könlündən padşahlıq keçir,
Hamı xoş güzaran, rahatlıq seçir.
Hələ torpağımız qızıl qan içir,
Hələ gözümüzün qurumur nəmi,
Birləşə bilmədik bir yumruq kimi.

ÇAĞIRIR BİZİ

Hanı o dağların məğrur qartalı,
Qalıb yağılara pətəyi, balı.
Küləklər talayır dərəni, yalı,
Duman, çən qoymur ki, açasan gözü,
Qarabağ qisasa çağırır bizi.

Xocalı ağlayır, Kəlbəcər yanır,
Həkəri, Bərgüşad qana boyanır.
Peşiman-peşiman Laçın boylanır,
Itibdi cığırı,itibdi izi,
Qarabağ qisasa çağırır bizi.

Tərtəri, Qarqarı susubdu çoxdan,
Şuşa gileylidi taledən, baxtdan.
Susub qeyrətimiz, düşübdü taxtdan,
Həsrət xaman-zaman qatlayır dizi,
Qarabağ qisasa çağırır bizi.

Ağdamda daş üstə daş qalmayıbdı,
Arazın ağrısı azalmayıbdı.
Yurdun son səngəri qazılmayıbdı,
Dinmir bir lal kimi hələ yer üzü,
Qarabağ qisasa çağırır bizi.

Zəngilan, Qubadlı düşübdü oda,
Cəbrayıl, Füzüli qalıbdı yada.
Hələ qan qoxuyur su da, hava da,
Sönüb el-obanın alovu, közü,
Qarabağ qisasa çağırır bizi.